Əlaqə Arxiv
news Image
2017.10.19
10:37
| A A A
Azərbaycanda sabit cərəyan çevirici yarımstansiyanın tikintisi üzərində iş aparılır
Etibar Pirverdiyev: Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsünün yaradılması bizə Avropa bazarına inteqrasiya olunmaq imkanı verəcək

 "Azərbaycanın tranzit imkanlarının daha da genişləndirilməsi, enerji sistemləri arasında əlaqələrin sinxronlaşdırılması üçün sabit cərəyan çevirici yarımstansiyanın tikintisi üzərində iş aparılır. Hazırda Azərbaycanın enerji sistemi Rusiya və Gürcüstanın enerji sistemləri ilə paralel rejimdə işləyir. Türkiyə enerji sistemi ilə Naxçıvan MR arasında birbaşa, Azərbaycanla isə Gürcüstan vasitəsi ilə əlaqə həyata keçirilir". 

"Report" xəbər verir ki, bunu "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev "Azərbaycan" qəzetində çıxan məqaləsində qeyd edib.
E.Pirverdiyevin sözlərinə görə, İranla “ada” rejimində işləmək şərti ilə əlaqə mövcuddur: "Bu gün ölkəmizin elektrik enerjisi üzrə regional bazarlarda, həmçinin Şimal-Cənub və Şərq-Qərb enerji dəhlizlərində fəal iştirakının təmin edilməsi aktual məsələlərdəndir. Bu məqsədlə Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya elektrik şəbəkələrinin vahid sinxron zonada birləşdirilməsi ilə əlaqədar zəruri texniki-təşkilati tədbirlər həyata keçirilir. Enerji mübadiləsini və tranzitini həyata keçirən yüksək gərginlikli xətlər yenidən qurulmuşdur və qurulmaqdadır. Onların ötürücülük qabiliyyəti artırılıb. Məlum olduğu kimi, Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsünün yaradılması bizə gələcəkdə Avropa elektrik enerjisi bazarına inteqrasiya olunmaq imkanı verəcək".
"Azərenerji" prezidenti məqaləsində son 14 ildə görülən işlərdən də danışıb. Belə ki, 2003-2017-ci illərdə hər birinin gücü 87 MVt olan Astara, Şəki, Xaçmaz, Naxçıvan, 105 MVt gücündə Bakı, Şahdağ, gücü 300 MVt olan Səngəcal, 525 MVt gücündə Sumqayıt, 780 MVt gücündə “Cənub” elektrik stansiyaları, 5 MVt gücündə Vayxır, 22 MVt gücündə Biləv, 25 MVt gücündə Füzuli, Taxtakörpü və Şəmkirçay, 20,5 MVt gücündə “Arpaçay-1”, 3,1 MVt gücündə “Göyçay”, 1,4 MVt gücündə “Arpaçay-2”, 3,2 MVt gücündə “İsmayıllı”, 1,5 MVt gücündə “Balakən” su elektrik stansiyaları istismara verilib, “Astara-1”, “Oğuz” kiçik su elektrik stansiyalarının inşası başa çatdırılmaq ərəfəsindədir. “Azərbaycan” İES-də və Mingəçevir SES-də isə modernləşdirmə istiqamətli əsaslı yenidənqurma işləri həyata keçirilib.
Ötən dövr ərzində I və II Mingəçevir EVX-nin yenidən qurulması layihəsi çərçivəsində gücü 360 MVA olan 220 kV-luq “Ağdaş” yarımstansiyasının (YS), 220 kV-luq ikidövrəli Mingəçevir ES-Abşeron YS hava xəttinin tikintisi və 500 kV-luq “Abşeron” yarımstansiyasında 400 MVA gücündə 3-cü avtotransformatorun quraşdırılması və sxemə qoşulması üzrə işlər başa çatdırılmış, 330 kV-luq “Goranboy” paylayıcı məntəqəsi istifadəyə verilib. 220 kV-luq Şimal ES-Hövsan YS ikidövrəli hava xəttinin tikintisi, gücü 360 MVA olan 220 kV-luq “Zabrat” yarımstansiyasının inşası, 220 kV-luq ikidövrəli Şimal ES-Zabrat YS-Sumqayıt ES hava xəttinin tikintisi layihəsi başa çatdırılıb və bir hissəsi şəbəkəyə qoşulub. “Şimal” elektrik stansiyasında gücü 409 MVt olan ikinci enerji bloku istismara veriləndən sonra bu yarımstansıya və elektrik verilişi xətləri tam şəkildə şəbəkəyə qoşulacaq. Ötürücü infrastrukturun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər isə enerjisistemin dayanıqlığını möhkəmləndirməklə yanaşı, regional əməkdaşlıq və kommersiya əlaqələri üçün texniki imkanların genişləndirilməsinə də şərait yaradacaq.

Sizin Reklam Yeriniz