Əlaqə Arxiv
news Image
2017.10.21
10:00
| A A A
Aqrar sahədə kooperativlərin yaradılması ləngiyir
Qadir Bayramlı: “İnsanlar kooperativlərdə birləşməklə ticari təşkilat statusu və toplanan gəliri müstəqil bölüşdürmək imkanı əldə edəcəklər”

Ölkədə kənd təsərrüfatının əsas problemlərindən biri torpaqların xırda sahələrə bölünməsidir. Buna son qoymaq üçün koopertiv təsərrüfatların yaradılması təklif edilir. Amma belə təsərrüfatldarın yaradılması ləngiyir. 

Qeyd edək ki, kiçik sahələrdə çalışan fermerlər bir çox problemlərin öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Onlar üçün başlıca problem isə kənd təsərrüfatı texnikasının alınmasıdır ki, kiçik təsərrüfatlar öz gücü ilə bu işin öhdəsindən gələ bilmir. Aqrar sekrorun güclü inkişaf etdiyi Qərb ölkələrində iri kooperativ təsərrüfatlar təcrübəsi geniş yayılıb. Onlar ölkədə istehsal edilən aqrar sahə məhsullarının böyük hissəsini verir. Bu mənada Azərbaycanda da sözügedən təsərrüfatların yaradılması vacibdir. Lakin görünən odur ki, prosesə start verildiyi elan edilsə də, kooperativlərin yaradılmasında ləngimə var. 
İqtisad Universitetinin dosenti Qadir Bayramlının fikrincə, kooperativlərin yaradılması təklifinin reallaşması üçün stimullaşdırıcı təkliflər olmalı, dünya təcrübəsi yetərincə öyrənilməli və ciddi təbliğat işləri aparılmalıdır: “Kənd təsərrüfatında iri kooperativlərin yaradılmasına fermerlərin marağı hələlik aşağı səviyyədədir. Ölkədə bu sahədə görülən tədbirlərin azlığı, beynəlxalq təcrübənin yetərincə öyrənilməməsi, bu istiqamətdə elmi tədqiqatların azlığı da kooperativlərin yaradılması məsələsinin bu günə qədər öz həllini tapmamasında başlıca rol oynayır. Ölkəmizdə kənd təsərrüfatı sahəsinin əsas problemi də məhz bu sahədə çalışan təsərrüfatların kiçik olması ilə bağlıdır. Ona görə də onların birləşərək əməli fəaliyyət göstərən böyük təsərrüfatlara çevrilməsi günün vacib məsələsidir. Bu fonda da kooperativlərin yaradılması problemin həllinə xidmət etmiş olar. Yəni, kooperativlər kənd təsərrüfatında hökm sürən səmərəsiz fəaliyyətin aradan qaldırılması yolunda bir vasitə ola bilər. 
Fermerlər kooperativlərdə birləşməklə yeni bir müəssisə statusu əldə edəcəklər. Bilirsiniz ki, çoxsaylı kiçik təsərrüfatlarda innovativ texnologiyaların tətbiqi də çətindir. Yəni, bu cür yeniliklərin tətbiq olunması üçün hazırkı təsərrüfat strukturu o qədər də əlverişli sayıla bilməz. Kooperativləşmənin həyata keçməsilə bu məsələ də öz həllini tapar. Amma bunun üçün kooperativlərlə bağlı təkmilləşdirilmiş qanunlar bazası olmalıdır. Proses qanunlarla nizamlanarsa, onun tətbiqi istiqamətində daha ciddi addımlar da atılar. 
İnsanlar kooperativlərdə birləşməklə ticari təşkilat statusu və toplanan gəliri müstəqil bölüşdürmək imkanı əldə edəcəklər. Kooperativlərin təşkili zamanı böyük və yaxud kiçikliyindən asılı olmayaraq, hər bir iştirakçı üçün bir səs prinsipinə əməl edilərsə, bu istiqamətdə ciddi irəliləyişlərə nail olmaq mümkün olacaq. 
Kooperativlər yaradılarkən ilkin mərhələdə onların subsidiya ilə təmin edilməsi məsələsi də həllini tapmalıdır. Çünki düşünürəm ki, ilkin mərhələdə kooperativlər subsudiyalar olmadan keçinə bilməyəcək. Fermerlər anlasa ki, birləşməklə daha çox qazanc əldə edəcək, o zaman onlarda kooperativləşməyə meyl də artacaq. 
Bu fonda bəzi stimullaşdırıcı təkliflər də gündəmə gəlməlidir ki, prosesdə müəyyən irəliləyiş olsun. Yəni, insanlar kooperativlərin təşkilatlanmamış təsərrüfatlarla müqayisədə üstünlüyünü hiss edərsə, onlarda prosesə maraq artacaq. Kooperativləşmənin həyata keçməsilə təsərrüfatın kənd təsərrüfatı texnikası, gübrə, toxum və s. ilə təmini məsələsində də indi yaşanan problemlər yaşanmayacaq. Məhsuldarlıq da yüksələcək ki, bu da məhsulun satışının daha rahat həyata keçməsinə imkan yaradacaq. Nəticədə belə təsərrüfatlarda çalışanların gəlirləri də digərlərinə nisbətən artacaq. İnsanlar üçün əsas məsələ də məhz gəlir məsələsidir”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz