Əlaqə Arxiv
news Image
2017.10.26
08:00
| A A A
Torpaq bazarında ucuzlaşma
Rövşən Talıbzadə: “Yaz və yaydan fərqli olaraq, hazırkı mövsümdə aktivlik özünü daha çox torpaq bazarında deyil, mənzil alqı-satqısında göstərməyə başlayıb” Nüsrət İbrahimli: “Payız aylarında torpaq bazarına tələbat azalır”

Son dövrlərdə torpaq bazarında cüzi də olsa ucuzlaşma müşahidə edilir. Qeyd edək ki, adətən, insanlar yay aylarında daha çox torpaq almağa meyl edirlər. Havaların soyumağa başlaması ilə isə bu tendensiya müəyyən qədər zəifləyir. 

Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadə hazırda torpaq bazrının qiymətlərində yaşanan tendensiyanı mövsümlə əlaqələndirdi: “Ümumiyyətlə, daşınmaz əmlak bazarının bir seqmenti olan torpaq bazarında son zamanlar  qiymətlərdə stabillik dinamikası hökm sürür. Çünki torpaq bazarına daha çox tələbat adətən, yaz və yay aylarında olur. Həmin aktiv tələbat da özünü əsasən Bakıətrafı qəsəbə və kəndlərdə göstərir. 
Hazırda torpaq bazarındakı canlanma və qiymət dinamikasında bir qədər duğrunluq müşahidə edilməyə başlayıb. Bu fonda da qiymətlərdə ümumən stabillik hökm sürür. Eyni zamanda, yaz və yay aylarından fərqli olaraq hazırkı mövsümdə aktivlik özünü daha çox torpaq bazarına deyil, mənzil alqı-satqısında göstərməyə başlayıb. Bununla belə paytaxt ərtafı ərazilərdə həyata keçirilən pilot layihələr istər-istəməz torpağa olan tələbatı müəyyən dərəcədə artırır. Əslində, torpaq bazarına tələbat daim var. Torpaq resursu ümumiyyətlə, tükənməkdə olan bir seqmentdir. 
Nəzərə alaq ki, evləri söküntüyə məruz qalan əhalinin əlində nəğd vəsait cəmləşib, onlar da əksər hallarda əllərində olan vəsaitə torpaq sahəsi alıb, üzərində ev tikməyə üstünlük verirlər. Çünki əksər hallarda əldə olunan bu vəsaitlər şəhərin özündə bina mənzili almağa imkan vermir.  Ona görə də bəzən əhali torpaq alıb, üzərində ev tikməyi daha əlverişli hesab edir. Hazırda torpaq bazarı üçün Abşeronun Masazır qəsəbəsi və Suraxanı rayonu daha aktiv hesab olunan ərazilərdir. Yəni, yay mövsümündə daha çox Bakıətrafı ərazilərə tələbat artır ki, bu fonda da torpaq bazarında canlanma baş verir. Amma artıq bağ mövsümü başa çatdığından, daha çox şəhərə yaxın olan ərazilərdə fərdi yaşayış evi tikməyə tələbat çoxalıb. Belədə görürük ki, hazırda torpaq bazarının qiymətlərində ümumən atabillik mövcuddur”. 
«MBA Konsaltinq» Şirkətinin rəhbəri Nüsrət İbrahimli də torpaq bazarında qiymət enməsini mövsümlə əlaqələndirdi: “Ümumiyyətlə, payız və qış ayları torpaq bazarı üçün qeyri-mövsümü aylardır. Çünki havaların soyuması tikinti işlərinin tempinə təsir edib. Bu baxımdan da fərdi yaşayış evi tikənlər torpaq sahəsi alıb orada hər hansı bir tikilə aparmağa meylli olmurlar. Onlar üçün məqbul aylar mövsümü aylar olaraq aprel, may və iyun aylarıdır. Həmin aylarda fərdi tikintilərin artması fonunda məhz torpaq bazarında da aktivlik müşahidə edilir”.
Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz