Əlaqə Arxiv
news Image
2017.10.27
09:00
| A A A
Azərbaycan qlobal miqyaslı daha bir mühüm layihəni tamamladı
Elman Nəsirov: “Artıq Azərbaycan üçün neft və qazla yanaşı, ölkə iqtisadiyyatında mühüm rol oynayacaq nəqliyyat sektoru da var” Əli Əlirzayev: “Şərqlə Qərb arasında əlaqələrin güclənməsində həmin layihənin mühüm əhəmiyyəti olacaq”

Bakı-Tiflis-Qars dəmir yolu xətti işə düşür. Bir neçə günə onun rəsmi açılışı olacaq. Qeyd edək ki, bu dəmir yolunun tikintisinə 2007-ci ildən başlanılıb. Onun uzunluğu 826 km-dir.  Azərbaycan bu dəmir yolu vasitəsilə beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edir. BTQ dəmir yolu xətti ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkün olacaq. 

Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, BTQ-ın fəaliyyətə başlaması ilə Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da güclənəcək: “Yaxın günlərdə Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işə düşməsinin ilk növbədə Azərbaycan iqtisadiyyatına müsbət təsirləri olacaq. Bu, həm də Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasətinin bir təntənəsi olacaq. 
Artıq Azərbaycan üçün neft və qazla yanaşı, ölkə iqtisadiyyatında mühüm rol oynayacaq nəqliyyat sektoru da var. Dımir yolu xəttinin işə düşməsi ölkənin valyuta ehtiyatlarının daha da genişlənməsinə imkan verəcək. Birbaşa Çindən yüklərin Avropaya daşınması ən qısa zaman kəsiyində həyata keçiriləcək ki, bu da Azərbaycanın loqistik imkanlarının artması deməkdir. Təbii ki, bunun özü də iqtisadiyyatımız üçün olduqca əhəmiyyətli hadisədir. Eyni zamanda, bu xəttin işə düşməsilə növbəti bir nəhəng layihəyə start verilir. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kəmərləri neft-qaz layihələrini əhatə edir. Bakı-Tiflis-Qars dəmir yolunun işə düşməsilə isə üçüncü bir qlobal layihə işə başlayır. 
Onu da qeyd edim ki, bütün bu layihələrin hamısından işğalçı Ermənistan kənarda qalıb. Deməli, həmin layihəyə təkcə iqtisadi baxımdan qiymət versək,  bu, tam məna kəsb etməz. Çünki bu layihənin gerçəkləşməsinin həmçinin siyasi, geosiyasi əhəmiyyəti də vardır. Bu layihə ilə Azərbaycan daha da güclənir, böyük valyuta ehtiyatları qazanır. Ermənistan isə daha da tənəzzülə gedir. Onun təcrid olunması prosesi sürətlənir. İşğalçı ölkənin təcrid olunması gücləndikcə burada əhalinin köç etməsi də daha dinamik xarakter almağa başlayır. Məhz bunun nəticəsidir, Ermənistan parlamentinə təqdim olunan qanun layihəsinə görə erməni tələbələri orduya çağrılmaq üçün möhlət hüququndan məhrum edilirlər. Yəni, insan resurslarının azlığının nəticəsidir ki, indi tələbələri də zorla orduya aparmağa çalışırlar. Bütün bunlar ona görə baş verir ki, Azərbaycan güclənir, onun imkanları artır. Belədə hər bir erməni də düşünür ki, bu qədər güclənən Azərbaycan torpaqları da işğaldana azad edə bilər. Ona görə bu mənasız müharibədə ölmək istəməyərək, ölkələrini tərk edirlər. 
Bakı-Tiflis-Qars dəmir yolunun işə düşməsilə təbii ki, ermənilər Azərbaycanın daha da güclənəcəyi, varlanacağı və hərbi gücünün bir qədər də möhkəmlənəcəyindən təşvişə düşüblər. Belə olan vəziyyətdə getdikcə daha çox erməni lənətlənmiş Ermənistanda qalmaqdansa, xoşbəxtliyi başqa ölkələrdə tapmaq yolunu tutur. Dəmir yolunun fəaliyyətə başlaması Azərbaycanın beynəlxalq mövqelərini də gücləndirəcək. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan Prezidentinin atdığı qətiyyətli addımlarla ölkəmizin nüfuzu daha da artıb. Bakı-Tiflis-Qars dəmir yolunun işə düşməsi də bu mənada Azərbaycanın yürütdüyü müstəqil siyasətin təntənəsidir”.
İqtisadçı alim Əli Əlirzayevin fikrincə, BTQ-nin işə düşməsilə Azərbaycanın tranzit ölkə olaraq mövqeyi daha da güclənəcək: “Təbii ki, Bakı-Tiflis-Qars dəmir yolu xətti XXI əsrin ilk dövrünün ən əhəmiyyətli və mühüm layihələrindən biridir. Bu layihə tranzit xəttilə bir neçə ölkəni birləşdirir. 
Şərqlə Qərb arasında əlaqələrin gücləndirilməsində həmin layihənin mühüm əhəmiyyəti olacaq. Həmçinin, Azərbaycanın tranzit ölkə olaraq rolunun bir qədər də güclənməsinə rəvac verəcək. Çünki dəmir yolunun işə salınması ilə daha çox həcmdə yük gəlib ölkəmizin ərazisindən keçəcək. Layihə Türkiyə ilə əlaqələrimizin daha da sürətlənməsinə gətirib çıxaracaq. O cümlədən, bu layihənin Naxçıvanla birləşməsi daha önəmli hadisə olacaq. Oradan da İran Astarası ilə birləşməklə dairəvi yol yaranacaq. Yəni, bu xətt ölkənin həyata keçirdiyi ən uğurlu investisiya siyasətindən biridir. Ona görə də onun işə düşməsinin iqtisadi əhəmiyyətilə yanaşı, siyasi əhəmiyyəti də var.  Azərbaycanın gücü daha da artacaq, mövqeyimiz daha da güclənəcək”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz