Əlaqə Arxiv
news Image
2017.10.28
10:00
| A A A
Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilir
Bakı-Tiflis-Qars dəmir yolu xətti həm də regionun dünyaya inteqrasiyasının kulminasiya nöqtəsi olacaq

Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycan, Türkiyə və Gürcüstanla bərabər iki qitədə yerləşən ölkələrin intizarla gözlədiyi hadisə oktyabrın 30-da dünyanın nəqliyyat qovşağına öz möhürünü vuracaq. Çin Xalq Respublikasını Birləşmiş Krallığın paytaxtı Londonla birləşdirəcək beynəlxalq dəmiryol xətti istifadəyə veriləcək. Vaxtilə dəvə karvanları ilə qət olunan “Böyük İpək Yolu” indi polad magistralla gediləcək. Çünki, müasir dövrün tələbi budur. 

Yeni xətt qloballaşma dövründə Qərblə Şərqin qarşılıqlı inteqrasiya prosesini sürətləndirməklə yanaşı xalqlar arasında könül yaxınlığını da gücləndirəcək. Qürurverici haldır ki, öz multikulturalizmi, tolerant cəmiyyət nümunəsi ilə beynəlxalq aləmdə güclü mövqe qazanan Azərbaycan müstəqillik illərində ortaya çıxan bu ənənəsinə sadiq qalaraq dövlətlərin iqtisadi və siyasi birliyinin təmin olunmasına da töhfələr verir. 
İlk növbədə Azərbaycanın özünün bütün istiqamətlər üzrə dividendləri artacaq. BTQ xətti Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün sonuncu addımdır. Bu tarixdən etibarən ölkəmiz əbədi olaraq dünyanın nəqliyyat sisteminin əsas yollarından biri kimi tanınacaq. Nəqliyyat xəttinin üzərində və yaxınlığında yerləşən bütün ölkələr bu yoldan istifadə etməyə maraq göstərir. Bu maraqların birliyində isə Azərbaycanın iqtisadi gəlirləri durur. Tranzit daşımaları dövlətimizin gəlirlərinin bir hissəsini təşkil edəcək.  
Ölkəmizin nəqliyyat sisteminin ana xəttinə çevriləcək Baki-Tiflis-Qars yeni dəmir yolu üç ölkənin ərazisindən keçir, ümumi uzunluğu 838,6 km-dir. Azərbaycan ərazisində uzunluğu 503 km., Azərbaycan sərhədindən Gürcüstanın Axalkalaki sərhədinə qədər 230 km., Gürcüstan sərhəddindən (Axalkalaki) Türkiyə sərhədi Kartsaxiyə qədər 26,3 km., oradan Qarsa qədər məsafəsi isə 75,6 km-dir. Qatar Bakıdan çıxıb Gürcüstanın paytaxtı Tiflisə gedir, Tiflisin 23 km. cənubundan qərbə doğru – Axalkalaki sərhədinə, buradan da cənuba enən xətt ilə Türkiyənin Qars şəhərinə çatır.
Cənubi Qafqaz ölkələrinin müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edən bu kimi layihələrin həyata keçirilməsi heç də bütün beynəlxaql qüvvələr tərəfindən dəstəklənmirdi. Gah ekoloji problemlər, gah iqtisadi qeyri-rentabellik bəhanə gətirilərək bu layihəyə mane olanlar hətta bir neçə dəfə terror hadisəri törətməyə də cəhd etdilər. Beynəlxalq maliyyə qurumları, banklar layihənin reallaşmasına kredit ayırmadılar. Amma Azərbaycan Prezidenti İlham Əliyevin çətin məqamlarda atdığı mətin addımlar, verdiyi qətiyyətli qərarlar bədxahların qarşısına möhkəm sipər çəkdi. Dostluq və qardaşlıq vədlərinə daim sadiqlik nümayiş etdirən Azərbaycan hökuməti layihənin Gürcüstan ərazisindən keçən hissəsinin də tikinti işlərinin maliyyələşdirilməsini öz üzərinə götürdü. Nəticədə yolun tikintisi uğurla start götürdü və artıq 2015-ci ildən etibarən layihə üzrə sınaq işlərinə başlandı. İlk sınaq qatarı Türkiyə sərhəddinə qədər tam təhlükəsiz və normativlərə uyğun olaraq çatdı.
Vaxt gəlib çatıb. BTQ tam gücü ilə fəaliyyətə başlayır. Azərbaycanın bu nəqliyyat qovşağından qazanacağı dividendlər yüksək səviyyədə olacaq. Birincisi, iqtisadi yüksəlişə böyük təkan veriləcək. Tranzit daşımalardan gələn gəlirlər yol infrastrukturunun vaxtaşırı olaraq təkmilləşdirilməsinə səbəb olacaq ki, bu da iş yeni yerləri açmağa və gəlirləri artırmağa imkan verəcək. İkincisi, ölkə sənayesinin məhsullarını xarici ölkələrə göndərmək üçün ucuz nəqliyyat vasitəsi əldə olunduğundan ixrac məhsullarının çeşidini artırmağa meyillilik artacaq. Üçüncüsü, ölkəmizin dünya birliyinə iqtisadi inteqrasiyası güclənəcək. Dördüncüsü, bu gün mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzinə çevrilmiş Azərbaycanın dünyada birliyin və əməkdaşlığın güclənməsinə verdiyi töhfələr artacaq. Çünki, ölkəmizə gəlib-getmək daha da asanlaşacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bakı-Tiflis-Qars dəmir yolu üç ölkənin nəqliyyat sahəsində yazdığı yeni tarixdir”. 
N.NOVRUZ

Sizin Reklam Yeriniz