news Image
2013.03.07
18:15
| A A A
Qızılın qızıl dövrü başladı

Paytaxtda qızılın qiyməti yenidən bahalaşıb.

Movqe.az-ın əməkdaşının paytaxtdakı qızıl satışı obyektlərində apardığı müşahidələr zamanı qiymətli metalın qiymətində 3-5 manat civarında artım baş  verdiyi məlum olub. Bunu qızıl satışı ilə məşğul olan ticarətçilər də təsdiqləyiblər. Bakının ən böyük qızıl satışı obyektlərindən olan "Moskva Univermağın" - da  satıcı işləyən Xanım  Hüseynova bildirib ki, qızılın qiymətində əvvəlki günlərə nisbətən, az da olsa bahalaşma var: "Son bir ildir ki, onsuz da qızılın qiymətində ucuzlaşma müşahidə olunur. Məsələn, əvvəllər 585 əyarlı rus qızılının 1qramını 40-45 manata satırdıq. Ötən ilin sonlarından qızılın qiyməti ucuzlaşmağa başladı. Bu ucuzlaşma ötən həftəyədək davam edirdi. Şükür, bir  həftədir ki, qızılın qiyməti cüzi də olsa artıb. İndi, 585 əyarlı rus qızılının 1qramını 30 - 35 manat arasında sata bilirik. 583 əyar olan türk qızılının 1 qramının qiyməti isə, hələ qızılın qiyməti ucuzlaşmamışdan əvvəl 38 – 40 manat arasında dəyişirdi. İndi bu əyarda qızılı 30 – 31 manata satırıq.  Vaxt var idi ki, 750 əyar olan İtalya qızılınin 1 qramını 48 – 50 manata satırdıqsa, indi isə bu rəqəm 40 – 45 manata düşüb".

Satıcılar deyirlər ki, qızılın qiymətində bahalaşmanın davamlı olacağı gözlənilir. 

Amma  satıcılar alıcılara qızılın qiymətinin artdığı bir vaxtda ehtiyatlı olmalarını da məsləhət gördülər.

X.Hüseynova bildirir ki, qızılın qiyməti artan kimi işbazlar bazara axın edirlər: "Bir də görürsən ki, aşağı əyarlı məmulata yüksək əyar vurulur, sonra da baha qiymətə satılır. Bu da bizim bazarımıza mənfi təsir edir. Müştərilərə bu barədə diqqətli olmalarını məsləhət görürəm". 

Belə ki, satıcı alıcılara  qızıl alarkən əyara diqqətlə baxmalarını məsləhət görür: "Əksər hallarda biz zinət əşyalarını hazır şəkildə alırıq. Qızıl bizə əsasən İtaliya,Türkiyə, Dubay kimi ölkələrdən gətirilir. Gətirilən malların hər biri Maliyyə nazirliyi nəzdində əyar palatası tərəfindən yoxlanılaraq buraxılır.Yəni, heç bir halda  saxta məmulat gətirmək mümkün deyil. Amma bizdə yerli mallar da var. Bunlar ölkəmizdə hazırlanan zərgərlik məmulatlarıdır. Öz zərgərlərimiz tərəfindən düzəldilir və əyar palatası tərəfindən yoxlanılaraq satışa buraxılır. Bəzi sexlər isə "əl qızılı" adı altında saxta qızıllar satırlar. Hansı ki, həmin qızıllar əyar yoxlamasından keçmir".

Qızıl satışı ilə məşğul olan ticarətçilər qızıl bazarında yeni başlayan bahalaşmanın hələki satışa təsir göstərmədiyini, qiymətli metalın həm alış, həm satışında süstlük müşahidə olunduğunu söylədilər. Gülzar adlı satıcı deyir ki, son günlər bayramla əlaqədar alış-verişdə cüzi canlanma müşahidə edilir. Amma bu hələki qaneedici səviyyədə deyil.  Satıcılar deyirlər ki, bu qızılın lom şəkildə alışının qiymətinə də təsir edib. İndi lom 585 və 583 rus və türk qızılının lom alışı 29 ABŞ dolları təşkil edir. İtalya qızılı olan 750 əyar qızıllar isə lomdan 37,5 ABŞ dollarına alınır. 

Qeyd edək ki, qızılın qiymətində artıq  dünya bazarında da bahalaşma müşahidə olunur.  

Dünən dünya bazarlarında qızılın bir unsiyasının qiyməti rekord həddə - 1919 dollara çatıb. 

BBC.com saytının xəbərinə görə, son dəfə belə rekord qiymət 1980-ci ildə qeydə alınmışdı - o zaman qızılın qiyməti 2500 dollara çatmışdı. Reytinq agentliyi olan Standard and Poor’s bir ay əvvəl ABŞ-ın kredit reytinqini aşağı salanda ekspertlər qızılın qiymətinin tezliklə 2000, hətta 2500 dollara çatacağını bildirib.