Əlaqə Arxiv
news Image
2017.11.19
19:22
| A A A
FAO: Dünya üzrə ərzaq idxalının qiyməti qalxır

Ərzaq mallarının qiymətinin ümumilikdə stabil olmasına baxmayaraq, 2017-ci ildə ərzaq idxalı üzrə xərclər 1,413 trilyon ABŞ dollarına yüksələcək. Bu da ötən illə müqayisədə 6 % artım ifadə etməklə ikinci rekord göstəricidir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisindən Trend-ə verilən məlumata görə, bu barədə FAO-nun “Food Outlook” ərzaq proqnozu hesabatında belə deyilir.

Bildirilir ki, idxal xərclərinin yüksək olmasının əsas səbəbi əksər ərzaq məhsulları üzrə beynəlxalq tələbin artması və artan daşınma qiymətləridir. Əsas narahatlıq doğuran məqam isə qida idxalı xərclərindəki ikirəqəmli artımların zəif inkişaf etmiş, həmçinin, aşağı gəlirli və ərzaq defisiti olan ölkələrə iqtisadi və sosial təsirləridir.

FAO iqtisadçısı Adam Prakaş deyib ki, xərclərin artımı bu xərclər qarşılığında daha çox ərzaq idxalı anlamına gəlmir: "Məsələ burasındadır ki, idxalın özünün xərci kəskin artıb".

İdxal xərclərinin yüksəlməsi ərzaq ehtiyatlarının bol, məhsul proqnozlarının pozitiv və ərzaq məhsulları bazarının əvvəlki kimi dolu olduğu zamanda baş verib.

İldə iki dəfə hazırlanan ərzaq məhsulları proqnozu maniok, heyvandarlıq və süd tədarükü, balıq, bitki yağları və əsas dənli bitkilər daxil olmaqla zəruri ərzaq kateqoriyaları bazarını yaxından öyrənir. Bütün kateqoriyalar üzrə istehsalat tendensiyalarının güclü olmasına baxmayaraq beynəlxalq sövdələşmələrdə qiymətlər daha spesifik xarakter ala bilər.

Misal üçün, bütün dünya üzrə buğdanın qiymətinin aşağı olduğu bir vaxtda ABŞ-ın əriştə və makaron istehsalı üçün tərkibi zülalla bol olan, yüksək keyfiyyətli “Hard Red Spring” buğda sortunun qiyməti 2017-ci ilin iyul ayında bir il öncəki qiymətə nisbətən 40 % baha idi. Ətirli düyü sortlarının qiyməti FAO-nun bütün düyülər üzrə orta indeksi (ötən ildəkindən 4 % yüksəlib) ilə müqayisədə 8 dəfə qalxıb. Analoji olaraq, FAO-nun kərə yağı qiyməti indeksi 2017-ci ildə 41 % artıb ki, bu da onun tərkib hissəsi olduğu süd məhsulları qiyməti indeksi ilə müqayisədə 3 dəfə çoxdur.

Heyvandarlıq və süd məhsulları sektoru daha dinamikdir. Bu il ümumi ət idxalının dəyəri 2016-ci illə müqayisədə 22 % artaraq yeni rekord göstəriciyə - 176 milyard ABŞ dollarına çatacaq. Baxmayaraq ki, Çinin daha sərt ekoloji və keyfiyyətə nəzarət normaları buradakı istehsalı zəiflədə bilər, Hindistanda istehsalın 4 %-lik artımı dünya üzrə süd istehsalının 1,4 % artacağı proqnozuna təkan verir.

Aşağı gəlirli və ərzaq defisiti olan ölkələrin idxal xərclərində əsas yer tutan bitki və heyvan yağlarının bütün dünya üzrə istehsalının ötən ilki məhsuldar mövsümdən sonra bu il azacıq artacağı gözlənilir. Lakin keçən ilki optimal hava şəraitindən sonra məhsuldarlıq normal səviyyəyə düşdüyündən Şimal yarımkürəsində əkinlərin genişlənməsinə baxmayaraq qlobal soya istehsalı azalacaq.

Tropik meyvələr üçün imkanlar

Tropik meyvələr beynəlxalq ticarətin əsas predemetinə çevrilir. Ərzaq proqnozu hesabatına əsasən, bu il manqo, ananas, avokado və papaya meyvələrinin ixrac həcminin ümumilikdə 10 milyard ABŞ dollarına çatacağı gözlənilir.

Bu meyvələrin, demək olar ki, bütün istehsalı İEÖ-lərdə (adətən ərazisi 5 ha-ya qədər olan kiçik fermalarda) olduğundan onların populyarlığının artması yoxsulluğun azaldıması və kənd yerlərinin inkişafı üçün ümidvericidir.

FAO bu il bu dörd meyvə istehsalının 2008-ci ildəki 69 milyon tonla müqayisədə 92 milyon tona yüksələ biləcəyini deyir. Hazırda bu istehsalın 95 %-i yerli istehlaka yönəlir. Amma daha azad ticarət və rahat bazar çıxışı məhsulun paylanmasını stimullaşdırsa artan gəlirlər və dəyişən istehlakçı tələbi ixrac həcmini artıra bilər.

Tropik meyvələrin əsas istehsalçılarına bütün dünya üzrə manqo istehsalatının 40 %-ə sahib olan Hindistan, ananas istehsahında böyük paya malik Kosta Rika, Çin, Braziliya və ən böyük meyvə ixracatçısı olan Meksika daxildir.

Afrika maniok istehsalında rekord qıra bilər

Əsas dənli bitki və yağ məhsullarının istehsalı, ticarəti və onlar üzrə tələb barədə ətraflı təhlil verməklə yanaşı ərzaq proqnozu hesabatı qlobal səviyyədə ən sürətlə yayılan, düyü və qarğıdalıdan sonra tropik ölkələrdə üçüncü əsas kalori mənbəyi olan maniok istehsalı üzrə də məlumat verir.

Bu il Tropik Afrikada maniok istehsalı regionun ərzaq idxalından asılılığını azaltmağa yönəldilmiş müxtəlif kommersiya-genişlənmə proqramları sayəsində rekord göstəriciyə – 156 milyon tona çata bilər.

Bununla belə, quraqlıq hava şəraiti, aşağı qiymətlər və siyasət dəyişiklikləri səbəbindən iki onillik ərzində davamlı artımdan sonra 2017-ci ildə bu meyvənin dünya üzrə istehsalının 278 milyon tona düşəcəyi gözlənilir.

Sizin Reklam Yeriniz