Əlaqə Arxiv
news Image
2017.11.14
07:00
| A A A
Neft ehtiyatlarımızla bağlı nikbin proqnozlar verildi
Vüqar Bayramov: “OPEK-in qiymətləndirməsi göstərir ki, növbəti dövrlər üçün də Azərbaycan neft hasilatçısı ölkəsi olaraq qalacaq” Musa Quliyev: “Ölkəmiz hələ uzun illər dünya dövlətləri üçün cəlbedici olaraq qalacaq”

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) Azərbaycanda neft hasilatının 2040-cı ilədək stabil olaraq sutkada 700-800 min barrel səviyyəsində qalacağını proqnozlaşdırır. Bu barədə neft karteli tərəfindən nəşr edilən "World Oil Outlook 2040" adlı hesabatda deyilir. Bundan əvvəl 2 milyard tonunucu neftin hasilatı ilə bağlı keçrilən tədbirdə də Prezident İlham Əliyev neft ehtiyatlarımızın hələ çox olduğunu diqqətə çatdırmışdı. Bu halda demək olarmı ki, Azərbaycan hələ uzun müddət əsas neft hasilatçılarından biri olaraq qalmaqda davam edəcək?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildiridi ki, Azərbaycan hələ uzun müddət ərzində dünyanın əsas neft hasil edən ölkələri sırasında yer alacaq: “Təbii  ki, Azərbaycan cari ilin sentyabr ayında yeni əsrin yeni müqaviləsini imzalamaqla həm də neft ölkəsi statusunu qoruyub saxlayacağını bir daha təsdiq etdi. Praktik olaraq 2050-ci ilədək Azərbaycan neft ölkəsi statusunu qoruyub saxlayacaq. 
Nəzərə alaq ki, “Azəri-Günəşli-Çıraq” neft yataqlarında proqnozlaşdırılan neft ehtiyatları cəmi yarım milyard ton idi, amma bu günə qədər 450 milyon ton hasil edilib,  növbəti dövrdə isə yeni anlaşma ilə 500 milyon tona qədər əlavə hasilat nəzərdə tutulub. Belədə “Azəri-Günəşli-Çıraq” yatağında faktiki 1 milyard tondan artıq neft hasil edilməsi gözlənilir.  Bu da onu deməyə əsas verir ki, Azərbaycanda hasil ediləcək neftin həcmi daha yüksək ola bilər. Eyni zamanda, bu əsasda çıxış etsək, görərik ki, Azərbaycanın kəşf edilmiş neft ehtiyatları 4 milyard tondan çoxdur. Kəşf edilən mavi qaz ehtiyatı isə 6 trilyon kubmetrə qədərdir. Bütün bunlar da onu deməyə əsas verir ki, Azərbaycan neft ölkəsi statusunu quruyub saxlamaqda davam edəcək. 
OPEK-in qiymətləndirməsi göstərir ki, növbəti dövrlər üçün də Azərbaycan neft hasilatçısı ölkəsi olaraq qalacaq. Postneft dövründə neft hasilatının qorunub saxlanılması həm də ona görə vacibdir ki, satışdan əldə olunan gəlirlər nəticə etibarı ilə qeyri-neft sektorunda islahatların dəstəklənməsi və maliyyə təminatının gücləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Bu da imkan vercək ki, Azərbaycan dövlət gəlirlərini həm də neft hasilatını artırmaq hesabına yüksəldə bilsin. 
Praktik olaraq, OPEK-in qiymətlənidrməsi göstərir ki, növbəti illərdə Azərbaycan ildə orta hesabla 40 milyon ton neft hasil edəcək. Bu da neftin dünya bazarındakı qiymətlərdən asılı olaraq ölkəyə gələn valyutaya öz təsirini göstərəcək. Belədə dövlət gəlirlərinin formaslaşmasında növbəti illərdə də enerji sektoru payını qoruyub saxlayacaq. Buna uyğun olaraq da qeyri-neft sektorunun inkişafı prioritet olaraq qalır. Bu da nəticədə imkan verəcək ki, neft satışından əldə olunan gəlir hesabına, növbəti dövrlərdə qeyri-neft sektorundakı islahatların dəstəklənməsi davam edə bilsin”. 
Milli Məclisin deputatı Musa Quliyev də vurğuladı ki, Azərbaycan hələ uzun müddət dünya dövlətləri üçün enerji baxımından cəlbedici dövlət olaraq qalacaq: “Cənab Prezident dəfələrlə söyləyib ki, Azərbaycanın azı 100 illik neft ehtiyatı var. Hansı ki, bu neft ehtiyatları tək Azərbaycanın tələbatını ödəməyəcək, eyni zamanda ölkəmizi dünyada, əsasən də Avropada əsas ixracatçılardan birinə çevirəcək.
Yeni müqavilənin “Əsrin müqaviləsi”nin vaxtının bitməsindən 6 il öncə imzalanması da onu göstərir ki, dünyanın aparıcı neft şirkətlərinə də  Xəzərdə kifayət qədər neft-qaz yataqlarının olması bəllidir. Ona görə də onlar müqavilənin bitməsinə 6 il qalmış onu 2050-ci ilə qədər, yəni, daha 27 il müddətinə uzatdılar. Bu da əslində, Azərbyacannın neft ehtiyatlarının zəngin olmasının bir göstəricisidir. Eyni zamanda bu, Azərbaycan dövlətinə olan inamın göstəricisidir. Cənab Prezident dəfələrlə bildirib ki, neft Azərbaycan xalqının milli sərvətidir və neftdən gələn gəlirlər ölkəmizin inkişafına sərf olunur və olunacaq. Amma ölkəmizin sərvəti təkcə neftdən ibarət deyil. 
Ölkəmizi harmonik inkişaf etdirməli, buradan gələn gəlirlərin bir hissəsini qeyri-neft sektoruna yönəltməliyik. Bu yolda da Prezidentin rəhbərliyilə uğurlu, proqram xarakterli işlər aparılır. Regionların sosial-iqtisadi inkişafı istiqamətində artıq 3-cü proqram uğurla davam edir. Regionlarda bütün infrastruktur layihələr həyata keçirilir. Şübhəsiz ki, neftdən gələn gəlirlərin bir hissəsi də yeni neft yataqlarının kəşfi, istismarı, yeni texnologiyanın alınmasına sərf edilir. Ona görə də, ikinci müqavilədə Azərbaycan təkcə neftə sahib ölkə kimi çıxış etmir, həm də əsas iştirakçılardan biri kimi çıxış edərək investisiyalar da yatıracaq. Belədə bütün görülən işlərin 25 faizi Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən həyata keçiriləcək. Bu da Azərbaycan neftçilərinin peşəkarlığı  və neft sənayesi texnologiyamızın dünyanın aparıcı texnologiyalarına cavab verən səviyyədə olduğunun göstəricisidir. Bütün bunlar onu göstərir ki, Azərbaycanın neft-qaz yataqları kifayət qədər zəngindir. Ölkəmiz hələ uzun illər dünya dövlətləri üçün cəlbedici olaraq qalacaq”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz