Əlaqə Arxiv
news Image
2017.11.15
09:30
| A A A
Sənaye sahəsində mühüm yenilik
Əkrəm Həsənov: “Bu, çox əlamətdar hadisədir” Natiq Cəfərli: “Azərbaycan Sənaye Korporasiyası qarşıya qoyulan hədəflərin həyata keçirilməsində mühüm rol oynayacaq”

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasında məqsəd dövlət müəssisələri arasında koordinasiyanın təmin edilməsi, effektivliyin artırılmasıdır. 

Qeyd edək ki, “ASK” ASC-nin nizamnamə kapitalı və fəaliyyəti üçün digər aktivlər, əsasən, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş, onun mülkiyyətində olan və “ASK” ASC-nin mülkiyyətinə veriləcək əmlak hesabına formalaşır. İqtisaçıların yeni yaradılacaq açıq səhmdar cəmiyyətə münasibətləri fərqlidir. Qurumun ölkənin sənaye sektorunun inkişafına dəstək verəcəyi düşünülür.
İqtisadi məsələlər üzrə hüquqşünas Əkrəm Həsənov bildirdi ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin cari məqsədi Beynəlxalq Bankın problemi kreditlər müqabilində əldə etmiş obyektlərin idarə edilməsidir: “Hansı ki, həmin obyektlər “Aqrarkredit” bank olmayan kredit təşkilatına verilib. Dövlət Beynəlxalq Banka 10 milyard manatdan çox vəsait verərək, onun problemli kreditlərini aldı və “Aqrarkredit” bank olmayan kredit təşkilatına verdi ki, həmin problemli krediti qaytarsın. 
“Aqrarkredit” bank olmayan kredit təşkilatı iki ilə yaxındır bu işlə məşğul olur. Ancaq hələlik pulu tam qaytara bilmir. “Aqrarkredit” pulu qaytara bilməyən sahibkarların obyektlərini alıb sonradan onu satmalı və problemli krediti qaytarmalı idi. Ancaq bu işi edə bilmirdi. Azərbaycan Sənaye Korporasiyası yaradılmaqla, həmin əmlaklar “Aqrarkredit” bank olmayan kredit təşkilatından alındı və Korporasiyanın iradəçiliyinə keçdi. Bu, çox əlamətdar hadisədir. 
Nəzərə alaq ki, Azərbaycan müstəqillikdən elan etmişdi ki, dövlət əmlakları özəlləşdiriləcək. Hazırda bu proses gedir. Əmlak Məsələləri Dövlət Komitəsi idarəçiliyində yüzlərlə müəssisə var idi. Komitə onların özəlləşdiriləcəyini bəyan edirdi. Yəni həmin müəssisələr daimi idarə etmək üçün deyildi. Eyni ilə “Aqrarkredit” də hansısa müəssisəni borc müqabilində daimi idarəçilik üçün götürmürdü. İmkan olan kimi özəlləşdiriləcəyini bildirirdi. İndi isə Azərbaycan Sənaye Korporasiyası yaradılması ilə müəssisələr daimi əsaslarla idarə ediləcək. Ehtimal ki, Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirə bilmədiyi müəssisələr Azərbaycan Sənaye Korporasiyasının idarəçiliyən veriləcək. Nəticədə Azərbaycan Sənaye Korporasiyası güclü şirkətə çevriləcək. Gücünə görə bəlkə də Dövlət Neft Şirkəti ilə müqayisə olunacaq”.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, iqtisadiyyatda fəaliyyət göstərən dövlət qurumlarının koordinasiyanın təşkil olunması, eyni proqram üzrə eyni anda hərəkət etmələri çox vacib məsələdir: “Çünki, indiyə qədər bir dövlət qurumunun verdiyi qərarın digər dövlət qurumu tərəfindən həyata keçirilməsində gecikmələr olurdu. Azərbaycanda sənayenin bütün sahələrinin inkişaf etdirilməsi hədəf qoyulubsa, belə bir qurumun yaradılmasında fayda var. Azərbaycanın əsas hədəfi qeyri-neft sektorunun sənaye tərəfinin inkişafıdır. Azərbaycanın büdcə gəlirinin, həm də ümumi daxili məhsulun formalaşmasında bu sahələr əsas rol oynamalıdır. 
Azərbaycan Sənaye Korporasiyası qarşıya qoyulan hədəflərin həyata keçirilməsində mühüm rol oynayacaq. Effektivliyi təmin etmək üçün yaxşı olardı ki, Azərbaycan Sənaye Korporasiyası həm də müzakirələrin keçirilməsi üçün platformaya çevrilsin. Qərarlardan öncə onun müzakirəsinin, diaqnostikanın aparılması geniş müzakirələr şəklində həyata keçirilməlidir”.
Mübariz BAYRAMOV 

Sizin Reklam Yeriniz