Əlaqə Arxiv
news Image
2017.11.15
09:40
| A A A
“Halal” məhsullar ərəb ölkələrinə daha çox məhsul ixracına imkan verəcək
Ruslan Atakişiyev: “Halal” məhsula həm ölkə daxilində, həm də xaricdə tələbat var” Yaşar Əsədov: “Azərbaycan ərəb bazarlarına daxil ola bilərsə, istehsalçılarımız böyük gəlir qazanarlar”

Məlumdur ki, bu gün ərəb ölkələrinə ixrac həcminin artırılması xüsusi diqqət mərkəzindədir. Artıq artan istiqamətdə müəyyən qədər ixcat həcmi var. İqtisadçıların fikrincə, ölkəmiz bu fonda «halal» nişanlı məhsulların ixracına fokuslanmalıdır. Bunun üçün də ölkədə «halal» nişanlı məhsulların istehsalı genişləndirilməlidir.  Hansı ki, bunun üçün də kifayət qədər potensial var.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, “halal” məhsula həm ölkə daxilində, həm də xaricdə tələbat var: “Bu gün Azərbaycan əhalisinin müəyyən hissəsi qida məhsullarının “halal” olmasını istəyir. Bu səbəbdən Azərbaycanda “halal” sertifikatlaşma da var. “Halal” məhsul istehsal edənlər həmin sertifikatı əldə etməlidirlər. 
 Düzdür, bazarda yalançı “halal” məhsullar da var. Ancaq sertifikatda əsl “halal” məhsulun xüsusiyyətləri öz əksini tapıb. Həmin sertifikatlar İslam şəriəti qaydaları ilə  hazırlanmış məhsullara şamil olunur. “Halal” məhsul sektorunu inkişaf etdirsək, gələcəkdə onun ixrac imkanları da yaranacaq. Məsələn, qonşu Gürcüstanda soydaşlarımız yaşayır. Onlar arasında da “halal” məhsula tələbat var. Həmçinin Şimali Qafqaz xalqlarına da “halal” məhsullarımızı ixrac etmək olar. 
Düzdür, hədəfdə ərəb ölkələri olsa da, hələlik əsasən qonşu, Orta Asiya ölkələrinə ixrac edə bilərik. Ərəb ölkələri ilə də qida ixracatını genişləndirmək lazımdır. Lakin ilk növbədə oradakı bazarlar araşdırılmalıdır. O cümlədən Qurban bayramı dövründə ərəb ölkələrində xırdabuynuzlu heyvanlara tələbat artır. Həmin dövrdə xırdabuynuzlu heyvanları ixrac etmək olar”. 
Digər iqtisadçı-ekspert Yaşar Əsədov da istənilən növ məhsulun ixracının artırılmasını ölkə üçün müsbət hal kimi dəyərləndirir: “Azərbaycanın həm texnoloji imkanları, həm də İslamla bağlı bilikləri “halal” məhsulların ixracında kifayət qədər fəal olmağına  imkan verir. Bir müddət əvvəl Qətərlə bağlı problem yaşandı. Qətərə müəyyən İslam ölkələri embarqo tətbiq etdilər. Həmin vaxt informasiyalar yayıldı ki, Qətər ərzaq məhsullarının 70 faizini Səudiyyə Ərəbistanının vasitəsi ilə alır. 
Aydın məsələsdir ki, ərəb ölkələrində iqlim şəraiti ilə əlaqədar kənd təsərrüfatı məhsullarının istehsalı elə də yüksək səviyyədə deyil. Onlar daxili bazarlarını əsasən idxal hesabına təmin edirlər. Yəni, ölkəmiz üçün həmin bazarlar böyük imkanlar açır. Azərbaycan ərəb bazarlarına daxil ola bilərsə, istehsalçılarımız böyük gəlir qazanarlar. Ancaq məsələnin daxili bazarla bağlı tərəfi də var. Azərbaycandan hansısa kənd təsərrüfatı məhsulu Rusiyaya bir qədər çox ixrac olunursa, həmin il daxili bazara o məhsulun qıtlığı yaranır və qiymətləri artır. Bu iki məqamı tənzimləmək lazımdır. Əgər “halal” məhsullarımız ixraca yönəldilərsə, daxili bazar bundan əziyyət çəkməməlidir. Bunun üçün ixraca yönəlik “halal” məhsulların istehsal həcmi artırılmalıdır”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz