Əlaqə Arxiv
news Image
2017.11.16
09:40
| A A A
Qeyri-neft məhsullarının ixrac potensialı sürətlə artır
Fikrət Yusifov: “Bu gün Azərbaycan iqtisadiyyatının real sektorunun və onun aparıcı sahəsi olan aqrar bölmənin sürətli inkişafı kifayət qədər cəlbedicidir”

Bildiyimiz kimi, Azərbaycanda qeyri-neft məhsullarının ixrac potensialının genişləndirilməsi diqqət mərkəzindədir. Artıq bu istiqamətdə müəyyən nailiyyət var. Ötən illərlə müqayisədə bu il ümumi daxili məhsulda qeyri-neft sektorunun payı kəskin artıb. 

2017-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatının qeyri-neft sektorunda yaradılan əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.5% artıb. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 62.6% təşkil edib. Qeyri-neft sektorunun bütün sahələrində yaradılmış əlavə dəyərin artım tempi əvvəlki ilin müvafiq dövrünə nisbətən yüksək olub. 2016-cı ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 2.8%, tikinti sahəsində 1.5%, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 2.1%, nəqliyyat və anbar təsərrüfatı sahəsində 5.8%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində 3.2%, informasiya və rabitə sahəsində 6.2%, sosial və digər xidmətlər sahəsində 1% artım qeydə alınıb. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində qeyri-neft sənayesində yaradılan əlavə dəyərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.7% artaraq 2170.3 milyon manata çatıb. Hesabat dövründə yaradılmış ÜDM-də qeyri-neft sənayesinin xüsusi çəkisi 4.3%, qeyri-neft sektorunda yaradılmış əlavə dəyərdə qeyri-neft sənayesinin xüsusi çəkisi 6.9%, sənayedə yaradılan əlavə dəyərdə qeyri-neft sənayesinin payı 10.8% təşkil edib. İqtisadçıların sözlərinə görə, bu xüsusda əldə olunan nailiyyətlər ölkə iqtisadiyyatı üçün dayanıqlı üstünlüklər vəd edir.
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov bildirdi ki, son on ildə dünyada davam edən və əsasən də siyasi motivlərlə müşayiət olunan,  sonu isə hələ də  görünməyən iqtisadi tənəzzül şəraitində Azərbaycan iqtisadiyyatın sürətli inkişaf yolunu seçməklə ölkəmizin iqtisadi potensialının və maliyyə imkanlarının xeyli möhkəmlənməsinə nail oldu: “Bu dövr ərzində ümumi daxili məhsulun həcmi 2,3 dəfə, büdcə gəlirləri isə 2,9 dəfə artırıldı. Böyük neft pullarının daxil olduğu bu dönəmdə  nəhəng infrastruktur layihələrinin reallaşdırılması hesabına ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafını təmin edə biləcək yaxşı bünövrə qoyuldu. Bunun nəticəsidir ki, indi Azərbaycanın bütün bölgələrində enerji, su, qaz təminatı sahəsində heç bir problem yaşanmır. 
Bu gün Azərbaycan iqtisadiyyatının real sektorunun və onun aparıcı sahəsi olan aqrar bölmənin sürətli inkişafı  kifayət qədər cəlbedicidir. Əgər 2015-ci ildə Azərbaycanda cəmi 200 kiloqramdan bir qədər çox barama istehsal olunmuşdusa, 2016-cı ildə bu rəqəm 70 tona çatıb və yaxın bir neçə ildə onun on dəfələrlə artırılması nəzərdə tutulur. Bu il artıq 244 ton yaş barama tədarük edilib.  Ötən il 51 min hektar sahədə, cari ildə isə 136 min hektar sahədə pambıq əkilib. Əgər hektardan orta hesabla 20 sentner pambıq yığılarsa bu, 270 min ton pambıq tədarükü deməkdir. Nəzərə alaq ki, 2015-ci ildə 18 min hektar sahədən cəmi 35 min ton pambıq yığılıb. Hazırda söhbət təkcə bu məhsulların, neft və qazın istehsalını artırmaqdan getmir. 
Qarşıda duran əsas vəzifə istehsal olunan neftin, qazın, pambığın, baramanın və digər xam məhsulların emalını yüksək səviyyədə təşkil etməkdən, rəqabət qabiliyyətli son məhsul istehsalından gedir. Bu xammallardan hazırlanacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı,  xaricə valyuta axınının qarşısını alacaq və ölkəmizə  daxil olan möhkəm valyutanın həcmini  qat-qat artıracaq. Bu səbəbdən də hökumət ölkədə emal sənayesinin inkişafını ön plana çəkir. Ölkə başçısının bilavasitə təşəbbüsü ilə xam neftin, qazın, aqrar sektorda və digər sahələrdə istehsal edilən xam məhsulların emal olunacağı sənaye müəssisələrinin tikintisini nəzərdə tutan bir sıra layihələr reallaşdırılır və bu istiqamətdə işlər getdikcə daha da genişləndirilir. Heç şübhəsiz, ölkədə pambıqçılığın, ipəkçiliyin inkişafı Azərbaycanda yüngül sənayenin də inkişafına yaxşı zəmin yaradacaq. Mingəçevirdə Sənaye Parkının yaradılması, Şəki İpək Kombinatının yenidən qurulması, Sumqayıt Kimya Sənaye Parkı kimi layihələrin reallaşdırılması buna bariz misaldır. Biz artıq öz məhsullarımızın dünya bazarlarına çıxarılması istiqamətində çox önəmli addımlar atmağa başlamışıq. Hökumətin “Made in Azərbaycan” brendinin təbliğinə dair qəbul etdiyi qərarlar təqdirəlayiq və vacib addımlardır”.
Professor əlavə etdi ki, cari ilin doqquz ayının yekunları son iki ildə aparılan sürətli iqtisadi islahatların uğurlu nəticələrini açıq-aydın ortaya qoydu: “Bu dövrdə real sektorda ümumilikdə 2,5 faiz, o cümlədən qeyri-neft sənayesində 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz artım əldə olunub, ixrac idxalı 4,4 milyard dollar üstələyib, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq, 42 milyard dollara çatıb. Bunların hər biri olduqca yaxşı göstəricidir. Şübhəsiz, doqquz ayın yekunları 2017-ci ilin ölkə iqtisadiyyatında əsaslı dönüş ili kimi tarixə düşəcəyindən xəbər verir. Azərbaycan yenidən iqtisadi inkişaf templərinə görə liderlik etmək iddiasındadır. Lakin indi bunu neftdən, qazdan asılı olmayan bir iqtisadiyyatın – real sektorun hesabına etməyə çalışırıq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz