Əlaqə Arxiv
news Image
2017.11.16
09:50
| A A A
Qərb dünyasının diqqəti Azərbaycana yönəlir
Vüqar Bayramov: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanına Avropa iş adamlarının və şirkətlərinin marağının yüksək olacağı gözlənilən idi” Natiq Cəfərli: “Yük dövriyyəsi çoxaldıqca Azərbaycanın tranzit gəlirlərinin artması gözlənilir”

Fransa ölkənin "Marsel", "Port of Le Havre" və "Dyunkerk" kimi böyük limanlarının Bakı Limanı ilə əməkdaşlıq etməsində maraqlıdır. Bunu Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Orelia Buşez bildirib. 

Xanım O.Buşez əlavə edib ki, Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsinin inşasını yaxından izləyirlər. Onun sözlərinə görə, qeyd olunan liman Azərbaycan hökumətinin siyasətində ölkənin nəqliyyat qovşağına çevrilməsi üçün mühüm yer tutur və Fransa həm iqtisadi, həm də siyasi cəhətdən qeyd olunan layihəni dəstəkləyir.
Ekspertlərin sözlərinə görə, bu marağın yaranacağı gözlənilən idi. Bundan sonra Avropanın digər şirktlərindən də əməkdaşlıqla bağlı analoji təkliflərin gələcəyi istisna edilmir. Bu isə tranzit gəlirlərimizi artırmaqla yanaşı, siyasi mövqelərimizə də əlavə dəstək vermiş olacaq. 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına Avropa iş adamlarının və şirkətlərinin marağının yüksək olacağı gözlənilən idi: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yaradılan azad iqtisadi zonası ilə  bağlı ayrıca qanunun qəbul edilməsi nəzərdə tutulub. Qanun layihəsi dekabr ayında parlamentə təqdim olunacaq. Bununla bağlı işçi qrupu yaradılıb. Bu, Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı prioritet olmasını göstərməklə yanaşı, həm də qeyri-neft sektoruna xarici investisiyanın cəlb edilməsidir. 
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı xarici investisiyanın cəlb edilməsi baxımından yeni modellərdən biridir. Bununla daha çox investisiyanın Azərbaycana cəlb etmək mümkün olacaq. Xüsusən də fransız kapitalının Azərbaycana cəlb edilməsi həm də innovasiyanın cəlb edilməsi baxımından vacibdir. Avropa investisiyası Azərbaycana innovasiyanın cəlbinə imkan yaradır. Bu da ölkədə innovativ inkişafın formalaşmasına töhfə kimi  qiymətləndirilməlidir. 
Azərbaycan Avropadan daha çox investisiya cəlb etməklə, həm qeyri-neft sektorunun inkişafını stimullaşdırır, həm də Avropa ilə Azərbaycan arasında ticarətin genişlənməsinə şərait yaradır”. 
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına marağın yaranmasının əsas səbəbi yeni fəaliyyətə başlamış Bakı-Tiflis-Qars (BTQ) dəmir yoludur: “Bakı- Tiflis-Qars dəmir yolu Şərq-Qərb dəhlizini əsas halqasıdır. Avropadan Çinə və əksinə malların daşınması üçün daha sərfəli marşrutlar axtarılır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı da Bakı- Tiflis-Qars dəmir yolu layihəsinin ən vacib hissəsindən biridir.  Çünki Şərqdən gələn yüklər məhz Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qəbul olunub, dəmir yolu vasitəsi ilə Türkiyə üzərindən Avropaya çatdırılacaq. Ona görə də bundan sonra digər Avropa limanları da buna maraq göstərəcəklər. 
Azərbaycan, Türkiyə və Gürcüstan çevik tarif siyasəti tərtib etməlidirlər ki, BTQ-ə rəqib olan marşrutlardan önə keçsinlər. Yük dövriyyəsi çoxaldıqca Azərbaycanın tranzit gəlirlərinin artması gözlənilir”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz