Əlaqə Arxiv
news Image
2017.11.17
07:00
| A A A
Maliyyə ehtiyaclarını öz hesabına təmin edən şəhər və rayonların sayı artır
Vüqar Bayramov: “Bu addım büdcə vəsaitlərinə qənaət etməyə, rayonlararası rəqabət mühitinin yaranmasına xidmət edəcək” Əli Əlirzayev: “Dotasiyalardan azad olunacaq rayonların çoxalması regionların öz imkanlarını genişləndirməsi və ondan səmərəli istifadə etmələrinin nəticəsidir”

2018-ci ildə Azərbaycanın 33 rayon və şəhəri xərclərini öz gəlirləri hesabına təmin edə biləcək. Bunu maliyyə nazirinin müavini Azər Bayramov deyib. Öz xərclərini  gəlirləri hesabına təmin edən rayon və şəhərlərinin sayının artması nəyin nəticəsidir?  Demək olarmı ki, regionların inkişafı istiqamətində atılan addımlar artıq öz müsbət nəticələrini verir?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, öz hesabına yaşayan rayonların sayının artmasında regionların inkişafı istiqamətində atılan addımların da mühüm rolu vardır: “Ümumiyyətlə, ölkə rəhbərliyinin yürütdüyü siyasət ondan ibarətdir ki, növbəti dövrdə də bütövlükdə digər rayonların da dotasiyadan azad edilməsi və öz maliyyə imkanları hesabına xərclərini ödəməsinə keçilməsi tətbiq olunsun. Bu mənada gələn il üçün 33 şəhər və rayonun dotasiyadan azad edilməsi və xərclərini öz gəlirləri hesabına xərclərini ödəməsi birbaşa rayonlara maliyyə muxtariyyətinin verilməsi baxımından vacibdir. 
Eyni zamanda bu addım rayonların yerli imkanlara söykənərək investisiyanın cəlb edilməsi hesabına daha çox iş yerlərinin yaradılması baxımından da önəmlidir. Bu mənada da gələn il üçün 33 rayonun xərclərini öz gəlirləri hesabına ödəməsi istiqamətində atılacaq addım gözlənilən idi. Həmçinin, sözügedən proses növbəti illərdə digər rayonları da əhatə etməlidir. Rayonlarda əvvəlki dövrlərdə, eləcə də, bölgələrin sosial-iqtisadi inkişafı istiqamətində atılan addımlar sayəsində infrastruktur demək olar ki, tam olaraq formalaşıb. İndi həmin infrastrukturun artıq dəyərə çevrilməsinə ehtiyac vardır. Dotasiyanın dayandırılması da nəticə etibarı ilə imkan verəcək ki, rayonlar mövcud infrastrukturdan istifadə etməklə daha çox xarici və yerli investisiyanı cəlb edə bilsin. Eyni zamanda, regionlarda biznes mühitinin daha da yaxşılaşdırılması yolu ilə sərmayə axınına nail olmaq və nəticə etibarı ilə rayonların öz imkanları hesabına gəlirlərini artırması prosesinə də başlamaq lazımdır. Hansı ki, bu addımlar dövlət büdcəsində xeyli miqdarda vəsaitə qənaət etməyə imkan verəcək. Rayonlar arasında yaxşı mənada rəqabət mühitinin yaranması və inkişafına stimul yaradacaq.  Çünki dotasiyanın olmaması fonunda rayonlar daha çox sərmayə cəlb etmək məcburiyyətində qalacaqlar ki, bu da onlardan işgüzarlıq tələb edəcək. 
Düşünürəm ki, proses davamlı olacaq və növbəti illərdə mərhələli şəkildə artıq bütün rayonların dotasiyadan kənar yaşamalarının şahidi olacağıq.Proses sonda regionların gəlirlərinin artmasına və yeni-yeni iş yerlərinin yaranmasına xidmət etmiş olacaq”.
İqtisadçı alim Əli Əlirzayevin fikrincə, xərclərini öz gəlirləri hesabına ödəmək gücündə olan rayonların sayının artması həmin regionun səmərəlilik göstəricisinin yüksəlməsinin nəticəsidir: “Hər bir region öz maliyyəsi hesabına yaşayır və daxili imkanlar hesabına inkişafa nail olursa, bu ilk növbədə sərbəstlik gətirəcək. 
Regionları ümumiyyətlə, mərkəzləşmiş fondlar hesabına yaşatmağın əhəmiyyəti azdır. Bu halda regionlarda inkişaf baxımından stimul yaranmır. Düzdür, elə region ola bilər ki, bu və ya digər sahənin inkişafı üçün mərkəzdən müəyyən miqdar ünvanlı subsidiya verilə bilər. Dotasiyalardan imtina, regionlara sərbəstlik verilməsi onları yeni-yeni mənbələr axtarmağa sövq edəcək ki, bu da inkişafın təməlidir. Dotasiyalardan azad olunacaq rayonların sayının gələn il üçün  çoxalması regionların inkişaf istiqamətində öz imkanlarını genişləndirmələri və ondan səmərəli istifadə etmələrinin nəticəsidir». 
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz