Əlaqə Arxiv
news Image
2017.11.18
08:30
| A A A
Sahibkarlığın inkişafına xidmət edən investisiya siyasəti
Azərbaycanda regionların sosial-iqtisadi inkişafı məqsədinə xidmət edən mühüm tədbirlərdən biri də respublikada investisiya mühitinin yaxşılaşdırılması, bölgələrə sərmayə qoyuluşlarının təşviq edilməsidir. Son 14 ildə bu sahədə həyata keçirilən tədbirlər regionlara yerli və xarici investisiya yatırımlarının sürətlənməsinə ciddi təkan vermişdir.

Qanunvericiliyə əsasən, Azərbaycanda investisiya fəaliyyətinin dövlət tənzimlənməsində başlıca məqsəd vahid iqtisadi, elmi-texniki və sosial siyasətin yeridilməsindən ibarətdir. Bunun təmin olunması üçün bütün mənbələrdən – respublika və yerli büdcələr hesabına maliyyələşən investisiya qoyuluşları həyata keçirilir.

Azərbaycanda əcnəbi şirkətlərin investisiya fəaliyyəti 1995-ci il 13 yanvar tarixli «İnvestisiya fəaliyyəti haqqında» qanunla tənzimlənir. Qanun investisiyanın Azərbaycan Respublikası iqtisadiyyatına intensiv şəkildə cəlb olunmasına, ondan ölkənin sosial-iqtisadi bazasının, habelə beynəlxalq iqtisadi əməkdaşlığın və inteqrasiyanın inkişafı üçün səmərəli istifadə edilməsinə yönəlməklə, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir.

«İnvestisiya fəaliyyəti haqqında» qanuna əsasən, investisiya mənfəət və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Belə sərvətlərə pul vəsaitləri, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər, digər qiymətli kağızlar, daşınar və daşınmaz əmlak (binalar, qurğular, avadanlıqlar), torpaqdan, sudan, digər ehtiyatlardan, o cümlədən binalardan, qurğulardan və avadanlıqlardan istifadə hüquqları, habelə müəlliflik hüququndan irəli gələn digər əmlak hüquqları aiddir.

Ümumiyyətlə, hökumət ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə «açıq qapı» siyasəti həyata keçirir. Xarici investisiyaların, müasir texnologiyaların və avadanlıqların, idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına cəlb edilməsi yolu ilə yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı Azərbaycan dövlətinin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Respublikamızın müasir investisiya siyasətinin əsas xüsusiyyəti ölkə iqtisadiyyatının neftdən asılılığının tamamilə azaldılması və neftdən gələn gəlirlərin qeyri-neft sektoruna investisiya şəklində yönəldilməsidir.

Ötən illərdə respublikada investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilmişdir. Azərbaycan hökuməti bir sıra xarici ölkələrlə ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalamışdır.

Respublikada mənfəətin başqa valyutalara konvertasiya edilməsi, xarici ölkələrə köçürülməsi, yaxud reinvestisiya edilməsi ilə bağlı bütün məhdudiyyətlər ləğv edilmiş, bazar iqtisadiyyatı prinsipləri əsasında vahid valyuta məzənnəsi formalaşmışdırıldır. Bu tədbirlər xarici investorların, beynəlxalq maliyyə qurumlarının və iqtisadi təşkilatların Azərbaycanın bölgələrinə investisiya yatırmağa marağını daha da artırmışdır. Ölkənin iqtisadi inkişafındakı bu uğurlarda neft strategiyasının həyata keçirilməsinin də böyük əhəmiyyəti olmuşdur.

Gömrük orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, prosedurların daha da sadələşdirilməsi və şəffaflaşdırılması məqsədilə Beynəlxalq Valyuta Fondu, Ümumdünya Gömrük Təşkilatı ilə birgə xüsusi proqram həyata keçirilmişdir. Nəticədə ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir. Daxili bazarda haqlı rəqabət mühitinin inkişaf etdirilməsi, təbii inhisarçıların tariflərinin, habelə dövlət tərəfindən müəyyənləşdirilən qiymətlərin müntəzəm şəkildə tənzimlənməsi məqsədilə Nazirlər Kabinetinin 31 yanvar 2002-ci il tarixli qərarı ilə «Azərbaycan Respublikasının Tarif Şurası» yaradılmışdır.

Son 14 ildə ölkədə lisenziyalaşdırma sisteminin sadələşdirilməsi istiqamətində də ciddi tədbirlər həyata keçirilmişdir. Yeni lisenziyalaşdırma sisteminin tətbiqi azad rəqabətin inkişafına, istehsal olunan məhsulun, göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə gətirib çıxarmışdır. Bundan başqa, hüquqi şəxslərin dövlət qeydiyyatına alınması proseduraları da xeyli sadələşdirilmiş, bu sahədə əvvəllər mövcud olmuş problemlər aradan qaldırılmışdır. Xarici investisiyalı müəssisələr Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qadağan olunmamış hər hansı fəaliyyət növü ilə məşğul ola bilərlər.

İndiyədək Türkiyə, Amerika Birləşmiş Ştatları, Fransa, Böyük Britaniya, Çin, İran, İsveçrə, Hollandiya və bəzi digər ölkələrin investorları Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesində iştirak etmiş, müəssisələrin səhmlərinin ən azı 51 faizini əldə edərək böyük məbləğdə investisiyalar qoymuşlar.  Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yeni sahələrin, o cümlədən xarici investorlar üçün xüsusilə cəlbedici olan metallurgiya, kimya, energetika, maşınqayırma, nəqliyyat, rabitə və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin özəlləşdirməyə açılması xarici investisiya axınına güclü təkan vermişdir.

Ölkə iqtisadiyyatına cəlb olunan investisiyaların artırılması məqsədilə BMT, Ümumdünya Ticarət Təşkilatı, Avropa İttifaqı, MDB, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq iqtisadi təşkilatlarla, maliyyə qurumları ilə əməkdaşlıq əlaqələri ilbəil genişlənir.

Azərbaycan hökumətinin müraciəti ilə Beynəlxalq Maliyyə Korporasiyasının dəstəyi əsasında Dünya Bankının Xarici İnvestisiyalar üzrə Məsləhət Xidməti (FIAS) Azərbaycanda investisiya mühitinin monitorinqini aparmış, bu mühitin daha da yaxşılaşdırılması məqsədilə birgə tədbirlər planı müəyyənləşdirilmişdir. Həmin tədbirlərin icrası istiqamətində atılmış ilk addımlardan biri də Azərbaycanda İnvestisiyaların Təşviqi və Məsləhət Fondunun təsis edilməsi olmuşdur. Fondun məqsədi münbit investisiya mühitini müəyyənləşdirən şərtlər sisteminin təşkilindən, sahibkarlığın ümumi mədəniyyətinin artırılmasından, habelə investisiya fəaliyyətinin informasiya təminatının möhkəmləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsindən, bu sahədə fəaliyyət göstərən digər qurumların dəstəklənməsindən, onlarla sıx əməkdaşlıq münasibətlərinin qurulmasından ibarətdir.

Ümumilikdə, ölkədə həyata keçirilən dövlət investisiya proqramları regionların iqtisadiyyatının, əsasən qeyri-neft sektorunun yüksək artımına, əhalinin iqtisadi və sosial tələbatının daha yüksək səviyyədə təminatına, regionlararası inkişaf fərqinin azaldılmasına, ixrac potensialının yüksəldilməsinə, iqtisadi təhlükəsizliyinin təmin edilməsinə, ətraf mühitin qorunmasına yönəlmiş dövlət əhəmiyyətli investisiya layihələrinin ardıcıl və əlaqəli şəkildə həyata keçirilməsi məqsədinə xidmət edir.

Əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər Azərbaycanın bütün dünyada etibarlı iqtisadi tərəfdaş kimi tanınmasını, habelə qlobal maliyyə şəraitində respublikaya xarici sərmayə qoyuluşlarını təmin etmişdir. Həyata keçirilən səmərəli siyasətin nəticəsi olaraq Azərbaycan bu gün xarici investisiya cəlbediciliyinə görə dünya ölkələri sırasında ön sıralardadır.

Son illər respublika iqtisadiyyatına investisiya cəlbini sürətləndirmək istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli sərəncamı ilə Azərbaycan İnvestisiya Şirkətinin yaradılmasıdır. Şirkətin başlıca vəzifəsi ölkə iqtisadiyyatına investisiyaların təşviqini təmin etmək, bu sahədə mövcud problemlərin aradan qaldırılmasına çalışmaqdır. Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir.

Şirkətin fəaliyyətinin prioritet istiqamətlərindən biri də Azərbaycan müəssisələrinin ixracyönümlü və idxalın əvəzləşdirilməsinə yönəlmiş layihələrində iştirak və həmin layihələrə yerli və ya xarici investorların cəlb edilməsidir. Eyni zamanda şirkət ölkədaxili kapital bazarının inkişafına, investisiya mühitinin təkmilləşdirilməsinə, yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının qeyri-neft sahələrinə cəlb edilməsinə çalışır.

 

Samir Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə dəstəyi çərçivəsində çap olunub

 

Sizin Reklam Yeriniz