Əlaqə Arxiv
news Image
2017.11.23
09:30
| A A A
Çamışçılıqdan bu gedişlə əsər-əlamət qalmayacaq
Qadir Bayramlı: “Hazırda Azərbaycanda camışçılığı tənəzzülə uğramış sahələrdən biri hesab olunur” Murtuzəli Hacıyev: “Camışçılıqda süni mayalanmanın tətbiqi və tərkibinin yaxşılaşdırılması məqsədi ilə İrandan camışlar gətirilməsi nəzərdə tutulub”

Azərbaycanda camışçılığın tarixi uzaq keçmişlərə gedib çıxır. Ölkəmizin təbii iqlim şəraiti heyvandarlığın bu sahəsinin intensiv inkişafı üçün olduqca münasibdir. Ancaq təəssüf ki, son illər heyvandarlıqda davamlı inkişaf qeydə alındığı halda, bu sahənin ayrılmaz hissəsi olan çamışçılığa bunu aid etmək mümkün deyil. 

Çamışçılıq nəinki inkişaf etmir, hətta yoxa çıxmaq üzrədir. Statistik rəqəmlər bunu göstərir. Hazırda ölkədə 250 min başa yaxın camış var. Halbuki, bu rəqəm daha əvvəl  500 minə yaxın olub. 
İqtisad Universitetinin dosenti Qadir Bayramlı bildirdi ki,
ötən illərlə müqayisə etdikdə, hazırda Azərbaycanda camışçılığı tənəzzülə uğramış sahələrdən biri hesab olunur: “Bunu statistik məlumatlardan da görmək mümkündür. Belə ki, 1970-ci illərdə Azərbaycanda camış sayı 400 mindən çox idi. 2005-ci ildə isə bu rəqəm 300 minə qədər azalıb. Son on ildə isə hər il 6 min olmaqla azalma qeydə alınıb. Hazırda Azərbaycanda camış sayı 225 minə yaxındır”.
Ekspert qeyd etdi ki, 1950-ci illərə qədər ölkəmizdə camış əhəmiyyətli rol oynayırdı: “Belə ki, traktor və yük maşınlarının sayının çox az olduğu 1950-ci illərə qədər kəl arabaları əsas daşıma vasitəsi hesab olunurdu.  Əvvəllər dağətəyi rayonlara camışların sayı çox idi. Hazırda isə əsasən Kür-Araz ovalığı və ona bitişik ərazilərdə camış saxlanılır. Nəzərə alaq ki, Sovet dövründə camışlar əsasən kolxoz və sovxozlarda saxlanılırdı. O vaxtı yem baxımından da problemlər yox idi. İndi isə bu istiqamətdə müəyyən problemlər yaşanır. Amma camışın digər heyvanlarla müqayisədə bir sıra üstünlükləri də var. 
İlk növbədə çəkisi inəkdən xeyli artıq olur. Bundan başqa, südünün yağlılığı inək südündən təxminən 2.5 dəfə çoxdur. Belə ki, bir kiloqram südün alınması üçün 22 kiloqram inək südü tələb olunursa, eyni miqdar süd üçün 8-9 kiloqram  camış südü kifayət edir. Həmçinin yem bazası inək və qoyunlara nisbətən daha genişdir. Ancaq digər heyvanlardan fərqli olaraq, camış daha çox yeyir. Eyni zamanda su hövzələrinə ehtiyacı var. Bununla bərabər, camışçılığın inkişafı üçün geniş sahələr tələb olunur. Bundan başqa, camış ətinin kalorili olmasına baxmayaraq, əhali arasında ona o qədər də rəğbət  göstərilmir. Lakin nəzərə alaq ki, camış südündən hazırlanmış məhsullar daha dadlıdır”.
Qadir Bayramlı əlavə etdi ki, ölkəmizdə süni mayalanma və damazlıq keyfiyyəti yüksələrsə, məhsuldar camış cinsləri gətirilərsə, həmçinin yem bazası yaxşılaşdıralarsa, bu, camışçılığın inkişafına müsbət təsir edər: “Nəzərə alaq ki, camış sayının, cinslərin məhsuldarlığının artırılması da ölkədə süd və ət məhsullarının istehsalının artmasına kömək edə bilər. Düzdür, son illərdə camışçılığın inkişafı üçün bir sıra tədbirlər nəzərdə tutulub. Bu tədbirlər həyata keçirilərsə, sahənin dirçəlməsinə ümid etmək olar”. 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirdi ki, bu sahənin tənəzzülə uğramasını demək düzgün olmazdı: “Dövlət bu istiqamətdə müəyyən işlər həyata keçirir. Bu məqsədlə müxtəlif ölkələrdə camış cinsi gətirilib. 
Camışçılıqda süni mayalanmanın tətbiqi və tərkibinin yaxşılaşdırılması məqsədi ilə İrandan camışlar gətirilməsi nəzərdə tutulub”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz