Əlaqə Arxiv
news Image
2017.11.23
09:50
| A A A
Xalçaçılıq qeyri-neft sektorunda əsas ixrac məhsullarından birinə çevriləcək
Ənənəvi istehsal sahələrinin inkişafı işsizliyə zərbə, rifahın yüksəlməsinə təminatdır

Gələn il Azərbaycanda 10 yeni xalça istehsalı müəssisəsinin tikintisinə başlanılacaq. bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin plenar iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib. Ş.Mustafayev bildirib ki, ölkədə xalçaçılıq sahəsini inkişaf etdirmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması işləri davam etdirilir: “Belə ki, Horadiz qəsəbəsində və Şəmkir rayonunda bu müəssisələr artıq istifadəyə verilib, 6 rayonda müəssisələr istismara tam hazır vəziyyətə gətirilib, digər 2 rayonda isə işlər cari ilin sonunadək yekunlaşacaq, 2018-ci ildə 10 yeni müəssisənin tikintisinə başlanılacaq”. Nazir əlavə edib ki, xalçaçılığın xammal bazasının yaradılması üçün Sumqayıtda Yunəyirici Boyaq fabrikinin tikintisinə bu ilin sonunda başlanılması və 5 rayonda yun və boyaq maddələri tədarükü məntəqələrinin tikintisi nəzərdə tutulur.

Xalçaçılığın inkişafı üçün Azərbaycan yüksək potensiala malikdir. Əvvələn, bu istehsal sahəsi çox qədimdən mövcud olduğundan və geniş yayıldığından bölgələrdə yaxşı mənimsənilib və təqdir olunub. Çünki, xalçaçılıq üçün xammal mənbəyi olan qoyunçuluq da ölkəmizdə ənənəvi və qədim sahədir. Hələ natural təsərrüfatın yarandığı vaxtlardan ev təsərrüfatında qoyun saxlayıb, onun yunundan iplik əyirib yun toxumaq insanların yaşayışının mühüm elementinə çevrilib. İkincisi, ekoloji təmiz və estetik gözəlliyə malik bu məhsullar dünya bazarlarında yaxşı qiymətə sürətlə satılır. Düzdür, hazırda Qərb ölkələrində də xalçalar toxunur. Lakin bu məhsullardakı kimyəvi ipliklərlə yaradılmış süni gözəlliklə təbii yundan  əyrilmiş ipliklə əldə toxunmuş xalçaların dəyəri ikincinin üstünlüyü ilə ölçüyəgəlməzdir. 
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il oktyabr ayının 1-nə Azərbaycanda 8 milyon 667 min 300 baş qoyun və keçi olub. Bunlardan 15 min 700 kq yun alınıb. Bu, zəngin xammal bazası deməkdir. Bu səbəblərdən hökumətin qeyri-neft sektorunun inkişafına verdiyi dəstək fonunda xalçaçılığın inkişafına diqqət ayırması təsadüfi deyil. Fabriklərin yaranması xalçaçılıq sənətinin sirlərini nəsillikcə dərindən bilən yüzlərlə insanın işlə təminatında əhəmiyyətli rol oynayır. Bunun üçün ayrıca məktəb qurtarmağa, yaxud nəyi isə yenidən öyrənməyə ehtiyac yoxdur. Hətta kənd yerlərində qadınların evdə işləmək imkanı da var. Yəni, şəraiti olan evində dəzgah quraşdırıb xalça toxuyaraq ticarət şəbəkəsi vasitəsilə sata bilər. Məsələn, artıq fəaliyyət göstərən Füzuli xalça kombinatında 160 nəfər çalışır. Halbuki rayonda 500-600 nəfər xalçaçı var. Kombinatda hər ay 250 kv.m-dən çox müxtəlif çeşnili xalçalar toxunur. 
Əgər nəzərə alsaq ki, hazırda 10 fabrik fəaliyyətdədir və gələn il daha 10 fabrikin tikintisinə başlanılacaq, onda orta hesabla azı 3200 xalçaçının işlə təmin ediləcəyini söyləmək olar. Həmin fabriklərdə isə təxminən ildə 100 min kv.m məhsul istehsal olunacağı proqnozlaşdırılır. Bu da öz növbəsində milyonlarla ölçülən xarici valyuta deməkdir. Həm əhali işləyib qazanacaq, həm də dövlət gəlir götürəcək. “Azərbaycan brendi” ilə satılan xalça məhsulları ölkəmizin xaricdə taninmasına və keyfiyyət kateqoriyasının yüksəldilməsinə də təsir göstərəcək. 
Bundan başqa müxtəlif növ xalça məmulatları ölkəmizin turizm sənayesinə də müsbət təsiri edəcək. Çünki, xarici turistlərin əllə toxunmuş və ekoloji təmiz məhsullara inamı böyükdür. Əl çantalarından tutmuş xurcunlara, təbiət mənzərələrinin, folklor nümunələrindən səhnələrin əks olunduğu xırda ölçülü xalçalardan tutmuş ayaq altına salınan kilimlərə qədər bütün xalça məmulatlarına Avropada tələbat böyükdür. Bu məmulatların toxunduğu ölkələrə səfər etmək isə adətən onun alıcılarında dərin təəssürat yaradır. Bu mənada Azərbaycanda xalçaçılığın inkişafı labüd və səmərəlidir.
N.NOVRUZ

Sizin Reklam Yeriniz