Əlaqə Arxiv
news Image
2017.12.09
09:00
| A A A
Azərbaycanın dəmir yolları şəbəkəsi Hindistanı da özünə cəlb edir
Nəqliyyat qovşaqlarının populyarlığı onun səmərəlilik əmsalından asılıdır

Hindistan 2018-ci ilin yanvarından İran və Azərbaycandan keçməklə Rusiyaya konteyner yüklərin daşınmasına başlayacaq. Bunu Hindistanın Aksiz və Gömrük Mərkəzi Şurasının komissarı Sandip Kumar deyib. Onun sözlərinə görə, yük daşınması Hindistanın “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaqla baş verəcək. S.Kumar qeyd edib ki, bu yüklərin daşınma müddətini indiki 35 gündən 17 günədək azaldacaq. 

Bu günlərdə Azərbaycan hökumərinə iqtisadi mövzuda daxil olan müraciətlər ölkədə nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi və beynəlxalq xətlərə qoşulması üzrə aparılan siyasətin nə qədər doğru istiqamət olduğunu sübuta yetirir. Xüsusilə, Bakı-Tiflis-Qars kimi çətin dağlıq şəraitində çəkilən dəmir yolu və “Şimal-Cənub” dəhlizinin yaradılması Azərbaycanda başlanmış yeni iqtisadi mərhələnin əsas istiqamətlərinə çevrilir.
Azərbaycandan İrana uzanan dəmir yolu hələ sovetlərin vaxtından mövcud olub. Lakin keçid məntəqəsi Naxçıvanın Culfa rayonunda olduğundan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə əlaqə kəsilib. Bu səbəbdən və köhnə keçid məntəqəsi üzrə dəmir yol xəttinin İranın qərb zonasına istiqamətlənməsi daha qısa və cənub qonşumuzun mərkəzi əyalətlərinə yönələn Astara rayonu ərazisində yeni keçid yolu tikilib. Azərbaycan hökuməti yolun iqtisadi səmərəliliyini əvvəlcədən proqnozlaşdırmağı bacardığından bu hissəni özü tikib və artıq istifadəyə verilmək ərəfəsindədir. Hindistanın bu yoldan istifadəyə maraq göstərməsi proqnozların doğrulacağını göstərən ilk əlamətdir.
Rusiya ilə ticarət dövriyyəsi 8 milyard dollara yaxındır. Bunun 70 faizi ixrac, 30 faizi isə idxal mallarına bağlıdır. Bu ölkələr arasında aparılan ticarətdə maşın və avadanlıqlar, nəqliyyat vasitələri, qiymətli metallar və daşlar, kimya sənayesi məhsulları, metal konstruksiyalar, ağac və sellüloz-kağız məmulatları, ərzaq məhsulları və kənd təsərrüfatı xammalları üstünlük təşkil edir. Rusiyadan Hindistana neft və neft məhsulları, bitumlu vasitələr, mineral mumlar, atom reaktorları,mexaniki qurğular və onların hissələri, qara metal məmulatları, kauçuk, rezin, kağız və karton, yerüstü nəqliyyat vasitələri, gəmilər, qayıqlar və digər üzən qurğular və sairə göndərilir. Ümumiyyətlə, ixracın siyahısında 96 məhsulun adı var. Eynilə Hindistandan da Rusiyaya 96 adda məhsul və məmulatlar göndərilir. Bunların sırasında kimya sənayesi məhsulları, maşın, avadanlıq və nəqliyyat vasitələri, tekstil və ayaqqabı, metallar və onlardan hazırlanan məmulatlar, balıq, xərçəng, mollyusk kimi dəniz məhsulları, üzvi kimyəvi birləşmələr, kofe, çay və sairə məhsullar üstünlük təşkil edir.
Bu qədər malın daşınması üçün təbiidir ki, tərəflər daim daha ucuz başa gələn yollar axtarışındadır. Təkcə son məntəqəyə çatdırılma müddətinin iki dəfə azaldılması mal dövriyyəsində böyük sıçrayışdır. Belə bir imkanın Azərbaycan üzərindən yaranması isə ölkəmizin iqtisadi-strateji mövqeyinin nə qədər güclü olduğuna dəlalət edir. Güman ki, Hindistanın təcrübəsinə Cənub-Şərqi Asiya ölkələri də qoşulacaq və Azərbaycanın nəqliyyat şəbəkəsinin tranzit yükdaşıma əhəmiyyəti daha da yüksələcək. Bu hərəkat İranın Rəşt şəhərindən Astaraya çəkilən dəmiryol xəttinin əhəmiyyətini artırmaqla yanaşı bu ideyaya mənəvi stimul da verəcək. Bu da öz növbəsində Şimal-Cənub nəqliyyat dəhlizinin tamamlanmasına müsbət təsirini göstərəcək.
N.NOVRUZ 
  

 

 

Sizin Reklam Yeriniz