Əlaqə Arxiv
news Image
2017.12.14
08:00
| A A A
Bakı-Tbilisi-Qars ölkəmizə turist axınını artıracaq
Eldar Aslanov: “BTQ dəmir yolu xətti turizmin inkişafında müəyyən rol oynayacaq” Müzəffər Ağakərimov: “BTQ dəmir yolu xətti hər üç ölkənin turizm sektorunda əlaqələrin inkişafında mühüm rol oynaya bilər”

“Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılması Azərbaycana turist axınının artırılması üçün əlavə imkan verəcək”. Bunu BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili bildirib. Baş katib vurğulayıb ki, dəmir yolu turizminə dünyanın bütün ölkələrində maraq artır: “Çünki qatarla səyahət macəradır və bundan əlavə, qatar transmilli marşrutları birləşdirən ideal nəqliyyat vasitəsi sayılır. Məsələn, "Eurorail" bir çox səyyahların yalnız imkanlarının açılmasına deyil, həm də onların düşüncəsinin dəyişməsinə səbəb olub. Azərbaycanın mühüm geostrateji mövqeyi ölkədə dəmir yolu turizminin gələcək inkişafına kömək edə bilər”.

Elə yerli ekspertlər də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun turizm potensiallı olduğunu düşünürlər. Bunun üçün isə ilk növbədə turizm şirkətləri aktiv olmalıdırlar. Belə ki, bu xətt üzrə müəyyən turlar təşkil edə bilərlər. Azərbaycan Turizm və Menecment Universitetinin tədris işləri üzrə prorektor, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov bildirdi ki, yeni yaranan nəqliyyat xətti həmin nəqliyyat üzərində olan tarixi, turistik yerlərin turizm potensialının canlandırılması baxımından effektə malikdir: “Ümumiyyətlə, BTQ dəmir yolu öz xətti üzrə, Qara dəniz bölgəsinə gedən turistlərin hərəkətinin, o cümlədən Azərbaycan ərazisində BTQ istiqamətində olan stansiyalara yaxın ərazilərin turizminin canlandırılması baxımından bir fürsətdir. Amma bu fürsətin biznesə çevriləməsini zaman göstərəcək. Bu işdə turizm şirkətlərinin üzərinə böyük məsuliyyət düşür. Məsələn, həmin xətt üzrə xüsusi marşrutlar, bununla bağlı xüsusi marketinq işi hazırlaya bilərlər. Məsələn, Gəncə stansiyasında dayanaraq, ora yaxın olan turistik ərazilərə turlar təşkil etmək mümkündür. Ümumiyyətlə, BTQ dəmir yolundan turizmin bir çox sahələri üzrə yararlanmaq  olar. Odur ki, BTQ dəmir yolu xətti turizmin inkişafında müəyyən rol oynayacaq. Amma dəmir yolu xəttinin böyük dəyişikliyə səbəb olması üçün ilk növbədə turizm şirkətləri aktiv işləməlidirlər. Turizm  marşrturları hazarlamalıdırlar.  
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimovun da fikrincə, BTQ dəmir yolu iqtisadiyyatla bərabər, iqtisadiyyatın bir qolu olan turizmin də inkişafına müsbət təsir göstərə bilər: “Ancaq BTQ dəmir yolu xətti fəaliyyətə başlasa da, bunun turizm imkanlarında dərhal faydalanmaq bir qədər çətindir.  Bunun üçün hər üç ölkənin turizm şirkətləri aktiv olmalıdırlar. Onlar müqavilələr əsasında cəlbedici proqramlar tərtib etməlidirlər. Ən əsası, yeni marşrutlar müəyyən olunmalıdır. Bu da nəticədə ölkəmizə gələn və gedən turistlərin sayında müsbət mənada özünü göstərəcək. Ümumiyyətlə, BTQ dəmir yolu xətti hər üç ölkənin turizm sektorunda əlaqələrin inkişafında mühüm rol oynaya bilər. Eyni zamanda bu marşrutdan  digər Asiya ölkələrinin turistləri də Azərbaycana, Gürcüstana, Türkiyəyə gəlmək üçün istifadə edə bilərlər. Nəzərə alaq ki qatar turizmi kütləvi turizm üçün mühüm elementdir. Eyni zamanda qatar turizmi digər nəqliyyat növlərinə nisbətən daha ucuz başa gəlir. Ümumiyyətlə, qatar turizmi Azərbaycanda yeni turizm növünün inkişafı üçün zəmin yaradacaq. Nəzərə alaq ki, qatar turizmindən dünyanın bir çox ölkələri faydalanırlar. Azərbaycanda da qatar turizminin kinkişafı üçün münbit şərait var”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz