Əlaqə Arxiv
news Image
2017.12.16
10:30
| A A A
Azərbaycan davamlı inkişaf sürətini saxlayır
Əhalinin rifah halının yüksəldilməsində qeyri-neft sektoru böyük rol oynayır

2017-ci ilin yanvar-noyabr aylarında ölkədə 63 milyard 71,3 milyon manat və ya əhalinin hər nəfərinə 6481,8 manat məbləğində ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Ötən ilin müvafiq dövründə isə ÜDM istehsalı 54 milyard 433,1 milyon manatlıq olub. Əhalinin hər nəfərinə 5649,9 manatlıq ÜDM düşüb. 

Bir il ərzində adambaşına düşən ümumi daxili məhsul həcminin 800 manatdan çox artması böyük rəqəmdir. Belə artım tempi ilə 10 il ərzində bu rəqəmin 15-20 minə çatdırılmasını hesablamaq olar. Bu isə artıq inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq deməkdir. Təbii ki, məhsul istehsalı artdıqca gəlir də çoxalır. Bu da öz növbəsində insanların həyat səviyyəsinin yüksəlməsinə təsir edir. Çünki, büdcə gəlirləri çoxaldıqca dövlətin sosial layihələrinin miqyası və sayı da artır.
Məhsul istehsalının artırılmasında qeyri-neft sektoru artıq başlıca rol oynamağa başlayıb. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, ÜDM istehsalının 40,1 faizi sənayenin, 10,1 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 faizini təşkil edib. İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artıb, neft bölməsində isə 5,1 faiz azalıb.
Məlumatdan görünür ki, qeyri-neft sektorunda aparılmış islahatlar nəticəsini verib və iqtisadiyyatın bu bölümündə baş vermiş sıçrayış gəlirlərin artmasında “sükanı” ələ keçirib. Gəlirlərinin artması dərhal özünü 2018-ci ilin büdcəsində biruzə verib. Belə ki, ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün gələn ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri bu illə müqayisədə 95.2 milyon manat və ya 4.5 faiz artırılıb. Bu bənd üzrə ayrılmış vəsait hesabına artıq gələn ildən maaş və pensiyaların artırılması mümkün olacaq ki, bunun da anonsu verilib. 
Builki islahatlar gələn il və perspektivdə inkişaf üçün gözəl zəmin yaradıb. Xüsusilə, regionlarda yaradılan iş yerləri və sahibkarlığın durmadan genişlənməsi faktoru bir neçə ilə ölkədə geniş çeşiddə və çoxlu məhsul istehsal ediləcəyini proqnozlaşdırmağa imkan verir. İl ərzində dövlət başçısının iştirakı ilə keçirilmiş kənd təsərrüfatının inkişafı ilə bağlı müşavirələrin bəzi istiqamətlər üzrə müəyyənləşdirdiyi qərarlar nəticə verib. Bu, meyvəçilik və pambıqçılıq sahələrində özünü daha qabarıq göstərir. İxracat sahəsində fındıq məhsulu Avropa və Rusiya bazarlarına asan daxil olur və kifayət qədər də gəlir gətirir. Vəd olunduğu kimi bu il tədarük edilmiş 200 min tondan çox pambıq məhsulu isə daxili bazarda toxuculuq fabriklərinin işini canlandırmağa səbəb olacaq. Heyvandarlıq, quşçuluq, bostan-tərəvəz məhsullarının tədarükündə, daxili bazara və Rusiyaya göndərilməsində heç bir problem yaşanmayıb. 
Yaxın vaxtlarda İran İslam Respublikasının köməyi ilə Neftçalada tikilən avtomobil zavodunun, Sumqayıt Texnologiyalar Parkında inşa edilən yeni texnologiyalı müəssisələrin, kənd təsərrüfatı sahəsində yaradılan iri aqroparkların fəaliyyətə başlaması gələn ümumi daxili məhsulun daha da çoxalacağını təmin etməlidir. Yəni, adambaşına məhsul istehsalı və məntiqi şəkildə insanların rifah halı daha da yüksələcək.

N.NOVRUZ 

Sizin Reklam Yeriniz