Əlaqə Arxiv
news Image
2018.01.13
08:00
| A A A
Qaz İxrac edən Ölkələr Forumu da Azərbaycanı öz sıralarında görmək istəyir
İlham Şaban: “Hələlik Azərbaycan müşahidəçi statusunu artırmaqla bağlı həmin təşkilatın rəhbələrinə müraciət etməyi məqbul bilmir” Natiq Cəfərli: “GECF təşkilatına da üzvlük ümumi strateji qərarların verilməsinin vacibliyi baxımından əhəmiyyətlidir”

Azərbaycan, İraq və Qazaxıstanın Qaz İxrac edən Ölkələr Forumuna (GECF) tamhüquqlu üzv olmaq üçün yaxşı şansları var. Bunu "Nefteqazovaya vertikal" jurnalına müsahibəsində Forumun baş katibi Yuri Sentyurin deyib.

O qeyd edib ki, hazırda müşahidəçi statusuna malik ölkələrlə iş aparmaq planlaşdırılır: "Ümid edirəm ki, onları təşkilatdakı iştirak səviyyələrini yüksəltməyə razı salacağıq". 
Qeyd edək ki, GECF-ə 12 qaz ixracatçısı ölkəsi daxildir: Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və Birləşmiş Ərəb Əmirlikləri. Azərbaycan (2015-ci ilin noyabrından), Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru isə Forumda müşahidəçi ölkələrdir. Ekspertlər isə Azərbaycanın quruma tamhüquqlu üzvlüyünə birmənalı yanaşmırlar.
Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban bildirir  ki, Azərbaycan 2015-ci ildən bu təşkilatda müşahidəçi statusuna malikdir: “Hələlik Azərbaycan müşahidəçi statusunu artırmaqla bağlı həmin təşkilatın rəhbələrinə müraciət etməyi məqbul bilmir. Baxmayaraq ki, təşkilat bu cür təklifini açıqlayıb. GECF 2001-ci ildə Rusiyada Qətər tərəfindən gündəmə gələn təşkilatdır. Məqsədi də qaz ixrac edən ölkələrin mənafeyini qorumaqdır. Ancaq neftdən fərqli olaraq qazla bağlı bu məsələ bir qədər çətindir. Çünki neftdən fərqli olaraq qaz bazarı daha şəffaf imkanlara üz tutur. 
Qazın qiymətinin təyin edilməsi iki tərəf arasında maraqlardan doğur. O baxımdan da bu təşkilat yaransa da, yaranmasa da bazarda qiymət məsələsinə yaxın və uzaq perspektivdə təsir imkanları olmayacaq. Çünki hətta boru kəmərləri ilə nəql belə iki tərəf arasında razılıqdan asılıdır. Belədirsə, qazın qiymətlərinə nəzarət, qaz ixrac edən ölkələrin maraqlarının qorunması məsələsi o qədər də asan olmayacaq. 
Digər tərəfdən müəyyən ölkələrdə keçirilən tədbirlər qaz bazarında ancaq məsələlərin müzakirəsinə həsr olunur. Bundan başqa addımlar atılmır. O səbəbdən Azərbaycan özünün müşahidəçi statusunun artırılması üçün hökumət səviyyəsində müaraciət etməyib ki, hansısa öhdəliklə bazardakı iştirakını limitləşdirsin”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə fərqli düşünür: “Nəzərə alaq ki, Azərbaycan artıq bu ildən başlayaraq ən çox qaz ixrac edən ölkələrdən birinə çevriləcək. Çünki Cənub Qaz Dəhlizi layihəsi bu il test olunacaq. 2018-ci ilin ortalarında TANAP-la ilk qaz Türkiyəyə ixrac olunacaq. 
Bu təşkilata üzvlük qaz satışını həyata keçirən ölkələrin ümumi strategiyasını müəyyənləşdirilməsində, qiymət siyasəti, bazarların bölüşdürülməsi, texnologiyaların və məlumatların mübadiləsində ciddi rol oynayır. Məsələn, Azərbaycan OPEC-ə üzv olmasa da, onunla yaxından əməkdaşlıq edən, srtateji qərarlarına dəstək verən ölkədir. Bu baxımdan da Azərbaycan OPEC-də sözünü tutan ölkə kimi tanınır. Odur ki, GECF təşkilatına da üzvlük ümumi strateji qərarların verilməsinin vacibliyi baxımından əhəmiyyətlidir. 
Ümumiyyətlə, ölkənin belə beynəlxalq təşkilatlara üzvlüyü çox vacib məsələdir. Azərbaycan bu qurumda iştirak etməklə gələcəkdə dövlət maraqlarını müdafiə etmək, qaz satış bazarlarını bölüşdürmək,  qiymət siyasətini müəyyən etmək üçün istifadə edəcək. Odur  ki, doğru yanaşma olacaq”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz