Əlaqə Arxiv
news Image
2018.01.13
09:30
| A A A
Manatın bahalaşması üçün daha əlverişli şərait yaranır
Rəşad Həsənov: “Ticarətdəki müsbət saldo və bu fonda strateji valyuta ehtiyatlarında artım gələcəkdə manatın məzənnəsinin qorunması və ölkəmizin qoşulduğu iri enerji layihələrinin maliyyələşdirilməsi baxımından müsbət mühitin formalaşmasına şərait yaradır”

“Bizim ixrac potensialımız artır. 2017-ci ildə ixrac 19 faiz artıb, qeyri-neft ixracımız isə 24 faiz artıb”. Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. 

Ötən il idxal həcmi cəmi 1 faiz artıb. Bu da o deməkdir ki, ixracla idxal arasında böyük həcmdə müsbət saldo yaranıb. İdxalla ixrac arasında böyük fərq nisbətini şərtləndirən səbəblər hansılardır və bu durum Azərbaycana hansı üstünlüklər vəd edir? 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, ticarət balansında yaranan müsbət saldo manatın qorunması, iri enerji layihələrinin gerçəkləşməsi baxımından mühüm əhəmiyyətə malikdir: “Azərbaycan ixracatının strukturunda əvvəllər olduğu kimi neftin payı yüksək olaraq qalır. Neftin qiymətinin dünya bazarlarında bahalaşması ixrac potensialımızın artımını şərtləndirən əsas amillərdən olub. Qeyri-neft ixracatının həcmində isə 24 faiz artım baş verib.  
Müsbət saldo 6,2 milyard dollardır. İdxalın həcminin nisbətən aşağı səviyyədə artması isə müəyyən qədər yerli istehsal məhsulları qiymətlərinin devalvasiyadan sonra rəqabətli olması və bu istiqamətdə dinamikanın müsbət olmasından qaynaqlanır. Ümumiyyətlə götürdükdə isə, müsbət ticarət saldosu son nəticədə ödəmələr balansında profisitin yaranmasını şərtləndirib. Nəticədə həm Azərbaycan milli valyutasının məzənnəsinin sabit saxlanılması cəhdi baş tutub, manata təzyiqlərin həcmi azalıb. Hazırda hətta manatın möhkəmləndirilməsi istiqamətində təzyiqlər vardır. 
Digər tərəfdən, ölkənin strateji valyuta ehtiyatlarının həcmi 4,5 milyard dollara yaxın çoxalıb. İndilikdə Azərbaycanın strateji valyuta ehtiyatları 42 milyard dollara yaxındır. Bu da ümumi daxili məhsuldan artıq bir rəqəmdir. Nəticədə yaranmış durum Azərbaycanın kredit reytinqin pozitiv istiqamətdə dəyişməsinə kömək edib. Ümumi iqtisadi vəziyyətin sabitləşməsini təmin edib. Beləliklə, ticarətdəki müsbət saldo fonunda strateji valyuta ehtiyatlarının yaranmış artıqlığı gələcəkdə həm manatın məzənnəsinin qorunması, həm də ölkəmizin qoşulduğu iri enerji layihələrinin maliyyələşdirilməsi baxımından müsbət mühitin formalaşmasına şərait yaradıb. Beləliklə də risqlər demək olar ki, artıq geridə qalıb”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz