Əlaqə Arxiv
news Image
2018.01.16
09:40
| A A A
Artan neft gəlirləri iqtisadi aktivliyi də yüksəldəcək
Respublika üzrə gəlirlərin artmasında qeyri-neft sektorunun payı da sürətlə yüksəlir

2014-cü ildə dünyanın enerji bazarında neftin qiymətlərinin qəfil aşağı düşməsi bu mühüm strateji məhsulu istehsal edən ölkələrin iqtisadiyyatını çətin vəziyyətə saldı. Həmin vaxt, prinsip etibarilə, qiymətin aşağı düşməsinin iqtisadi əsası yox idi. Çünki, neft dünyanın hər yerində və hər bir istehsal sahəsində öncül mövqeyini qoruyub saxlayırdı. Yəni, neftin ucuzlaşması iqtisadi qanunauyğunluqdan yox, hegemonluq arzusunda olan ölkələrin siyasi ambisiyalarından dolayı baş verən hadisə idi. Həmin dövr arxada qalıb və buna görə baş verənlərə “keçmiş olsun” demək olar. 

İndi situasiya bir neçə il əvvəlki axara doğru dəyişməyə meyl edir. Neft bahalaşır. Təbii ki, zəngin enerji resurslarına malik ölkəmiz üçün bu tendensiyanın əhəmiyyəti böyükdür, ona görə ki, neft Azərbaycan iqtisadiyyatının təməl daşı rolunu hələ də oynamaqda davam edir. Bu günlərdə dünya birjalarında neftin bir barrelinin qiyməti 70 dolları ötüb.
İndi ekspertləri və sadə adamları bir məsələ düşündürür. Azərbaycanın builki büdcəsində strateji məhsulumuz olan neftin qiyməti 45 dollardan götürülüb və mədaxil-məxaric əməliyyatlarının proqnozlaşdırılmasında bu qiymətin rolu böyükdür. Yaxşı, bəs, indi əlavə gələn 25 dollar vəsait hara gedir? Axı, bu sadə hesablamalarla götürsək, milyonlarla dollar pul edir. Rəqəmlərdən göründüyü kimi, əgər artım tendensiyası davam etsə, yaxud bazar 70 dollarlıq qiymət qrafikini saxlaya bilsə, büdcəmiz proqnozları azı 50 faizlik əlavə ilə üstələyəcək. Belə olan halda əlavə gəlir hara xərclənəcək?
İlkin olaraq, onu qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatı böyük və mürəkkəb təsərrüfatçılıq mexanizmidir. Hər an gözlənilməz xərclərin ortaya çıxması labüddür. Amma, ümumiyyətlə götürülsə, Azərbaycan dövləti sosial mahiyyətlidir və təbii ki, əlavə gəlirlərin böyük hissəsi dövlətin sosial layihələrinin daha geniş ampliudada işlənməsinə sərf ediləcək. Məsələn, yanvarın 1-dən etibarilə təhsil və səhiyyə sagəsində çalışanların əksəriyyətinin aylıq maaşları, habelə pensiyaçıların müavinətləri əhəmiyyətli dərəcədə artırılıb. Aydın məsələdir ki, qiymət artımı tendensiyası belə davam edərsə, onda hökumət bu sahədə addımlarını daha da intensivləşdirə bilər. Məsələn, ikinci dünya müharıbəsi və Qarabağ müharibəsi iştirakçılarının, habelə müharibə iştirakçılarının dul qalmış ailələrinə verilən müavinətin miqdarı artırıla, ilik ikinci yarıcında maaş və pensiyaların bir daha artırılmasına, əlillərə və işsizlik statusunda olanlara verilən müavinətlərin məbləği artırıla bilər. 
Bunlardan başqa, sosial təyinatlı obyektlərin tikintisi də sürətlənər. Bu, o deməkdir ki, nəzərdə tutulandan daha çox sayda tibb müəssisələri və təhsil ocaqları tikilər, yollar çəkilər və s. Amma hökumətin iqtisdi siyasətinin hazırkı inkişafında şaxələndirmə prinsipi üstünlük təşkil etdiyindən neft gəlirlərinin əsas hissəsi qeyri-neft sektoruna daxil olan sənaye sahələrinin, kənd təsərrüfatı birliklərinin inkişafına yönəldilə bilər. Belə ki, enerji daşıyıcılarının qiyməti yüksək olan dövrlərdə hökumət neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində fundamental proqramlara xeyli vəsait sərf edib və postneft dövründə bu “investisiyanın” xeyrini də görüb. Çünki, Azərbaycanda hərbi sahədə yüksək səviyyədə işləyə biləcək kadrlar ordusu yetişib. Bu siyasət indi də davam edir və əhatə dairəsini xeyli genişləndirib. Bazar iqtisadiyyatının şərtləri ilə işləməyi bacaran sahibkarlar ordusunun yaranması hazırkı iqtisadi siyasətin başlıca meyarlarındandır. Yeni sahibkarların yetişməsinə dövlət öz dəstəyini əsirgəmir, bu istiqamətdə kifayət qədər sanballı vəsait sərf edilir. Bu siyasət də özünü doğruldur. Respublika üzrə gəlirlərin artmasında qeyri-neft sektorunun payı sürətlə yüksəlir.
Beləliklə, neftin qittinin artması fonunda əldə olunacaq gəlirlər əhalinin ümumi rifah halının artmasına, yəni sosial təminatın yüksəlməsinə, ərzaq təhlükəsizliyinin güclənməsinə və iqtisadi inkişafın sürətlənməsinə sərf ediləcək.
N.NOVRUZ

Sizin Reklam Yeriniz