Əlaqə Arxiv
news Image
2018.01.17
09:00
| A A A
Şin istehsalı külli miqdarda valyutanın xaricə axınının qarşısını alacaq
Natiq Cəfərli: “4-5 milyonluq təkər istehsalı ilə daxili ehtiyacımızı tamamilə ödəyə bilərik” Azər Allahverənov: “İlkin mərhələdə yük maşınları üçün şin istehsalını həyata keçirmək mümkündür”

Xaricdən təzə və işlənmiş halda gələn təkərlərin qiyməti artıb. Belə vəziyyətdə hesab edilir ki, nəhayət, yerli təkər istehsalına başlanılmalıdır. Bəs bu mümkündürmü və hansı üstünlüklər vəd edir? 

İqtisadçı-ekspert Natiq Cəfərli ənənənin olduğunu nəzərə almaqla Azərbaycanda təkər istehsalına başlamağın və bununla da daxili tələbatı yerli imkanlar hesabına təmin etməyin mümkün olduğunu diqqətə çatdırdı: “Əslində, vaxtilə Azərbaycanda şin zavodu olub. Amma keçən əsrin 90-cı illərin əvvəllərindən başlayaraq, yaranan vəziyyətlə bağlı olaraq həmin zavod fəaliyyətini dayandırmalı oldu. Nəticədə yaranmış durum Azərbaycanda təkər istehsalı sahəsinin olmamasına gətirib çıxardı. 
Azərbaycanda əslində, xammal var. Çünki şinin tərkibi əsasən xam neftdən hazırlanır. Bu sahə ilə məşğul olan mütəxəssislərimiz də mövcuddur. Ona görə də təkər istehsalı ilə məşğul olan istehsal sahəsinin yaradılması yerli tələbatı ödəmək üçün çox əlverişli hadisə ola bilər. Bu addımın atılması ilə istehsal ediləcək təkərləri yaxın, ətraf ölkələrə də ixrac edə bilərik. Nəzərə alaq ki, İran və Gürcüstanda həmin məhsula böyük tələbar var. Rusiyadakı anoloji bazarlara girmək çətin olacaq, amma ən azından yaxın ətrafdakı ölkələrə məhsulu çıxarmaq mümkün olacaq. 
Digər məsələ ondan ibarətdir ki, öncə təkər istehsal sahəsi yaradılmalı, sonra xaricdən gətirilən bu tip məhsullara qoyulan rüsumlar qaldırılmalıdır. Çünki öncədən rüsum artımı yerli bazarda qiymət artımına səbəb olacaq. Yalnız istehsala başladıqdan sonra daxili bazarın qorunması prinsipini işə salmaqla rüsumları qaldırmaq daha məqsədəuyğun olardı. Bütün hallarda yerli təkər istehsalına başlanılması bu sahəyə marağın artması və istehsal sahəsinin yaradılması baxımından da bir stimul yaradacaq. Ona görə də investorlara çıxış əldə etmək lazımdır. Bunun üçün Sumqayıtda əlverişli imkan var. Oradakı texniki parkda prosesi qurmaq mümkündür. Azərbaycanda köhnə, təzə avtomobillərilə birlikdə 1,4 milyon avtomobil var. Ən azından da ildə bir dəfə avtomobillərin təkərləri dəyişdirilir. Bu da il ərzində təxminən 5,6 milyona qədər təkər deməkdir. Bu qədər təkər istehsalı kifayət qədər böyük bir sahənin yaranmasına səbəb olardı ki, Azərbaycan bu imkanın öhdəsindən gəlmək gücündədir. Belədə bir tərəfdən, yeni iş yerləri yaranar, digər tərəfdən də, 4-5 milyonluq təkər istehsalı ilə daxili ehtiyacımızı tamamilə ödəyə bilərik”.  
Avtomobil məsələləri üzrə ekspert Azər Allahverənov də qeyd etdi ki, ilkin olaraq yük avtomobilləri üçün təkər istehsalına başlamaq olar: “Keçən əsrin 60-cı illərin əvvəllərində Azərbaycanda şin zavodunun fəaliyyətə başlaması ilə bu sahədə kifayət qədər uğurlu fəaliyyət təşkil olunmuşdu. Son 25 il ərzində isə Azərbaycana şinlər əsasən idxal olunur. Bu fonda istər-istəməz yerli təkər istehsalına başlamaq yenidən aktuallaşa bilər. Ən azından köhnə təcrübəyə əsaslanaraq ilkin mərhələdə yük maşınları üçün şin istehsalını həyata keçirmək mümkündür. Bu da təbii ki, ölkəmizə idxal oluna yük maşınları üçün lazım olan təkərlərin idxalını birbaşa azaldacaq. Çünki rəqabətin güclənməsi və yerli təkər istehsalının keyfiyyətinə görə geri qalmaması son nəticədə müsbət mənada yerli istehsala təsir göstərəcək. Belə vəziyyət təkərin qiymətinin də aşağı düşməsinə gətirib çıxaracaq. 
Bu prosesə başlamaq əlavə iş yerləri və əlavə gəlirlər baxımından da mühüm addım olar. Ona görə də yerli təkər istehsalı çox maraqlı bir fəaliyyət növü ola bilər. Amma prosesdə olduqca vacib məqam xammal məsələsidir. İqtisadçılar, kimyaçılar, elmi dairələr bu məsələdə öz sözlərini deməlidirlər”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz