Əlaqə Arxiv
news Image
2018.01.17
09:30
| A A A
Azərbaycan Avropanın da ümid yeri olan qaz yatağının istismarına başlayır
“Cənub Qaz Dəhlizi”nin fəaliyyəti Aİ-Azərbaycan iqtisadi əməkdaşlığına yeni mühüm töhfə sayılır

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının işlənməsinin II mərhələsində ilk qazın hasilatına bu il başlanır. İqtisadçı ekspertlərin proqnozlarına görə tikintisi uğurla gedən layihənin açılışı sentyabrın 20-ə təsadüf edəcək.  

Enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi adlandırılan “Şahdəniz-2” dünyanın ən iri enerji layihələrindəndir. “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. Layihədə hasilatın pay bölgüsü üzrə BP (operator - 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.
Məlumata görə, bu il hasil ediləcək qazın həcmi o qədər də çox olmayacaq. Lakin artıq 2019-cu il üçün bu yataqdan əlavə 2 mlrd. kubmetr qaz çıxarılması nəzərdə tutulub. Azərbaycan bu layihə ilə Avropa İttifaqı ölkələrinin enerji ehtiyaclarının təmin edilməsində mühüm ölkəyə çevrilməkdədir. Çünki, Avropanın cənubunda yerləşən Bolqarıstan, Monteneqro, Albaniya, Xorvatiya və daha bir neçə ölkə bu layihə ilə mavi yanacağa olan tələbatlarını xeyli dərəcədə ödəyəcəklər. Ümumiyyətlə, mütəxəssislərin rəyinə görə, TANAP və TAP layihələrinin işə salınması ilə birincisi, Avropanın qaz təchizatı baxımından  enerji təhlükəsizliyi artacaq. Yeni boru kəməri ilə Türkiyəyə nəql ediləcək 6 milyard kubmetr qazla yanaşı, əlavə 10 milyard kubmetr qazın Avropaya nəqli sayəsində Aİ-ni bir tranzit sistemindən asılılığını azaldacaq. Məsələ burasındadır ki, sonrakı illərdə “Cənub Qaz Dəhlizi”nin Yaxın Şərqdə nəhəng qaz təchizatçılarını əhatə edərək genişlənmə potensialı var. Bu isə öz növbəsində Avropanın enerji təhlükəsizliyinə çox böyük zəmanət ola bilər. İkincisi, Avropanın qaz bazarında rəqabət artacaq. Bu da öz növbəsində enerji daşıyıcılarının qiymətinin daha optimal variantının formalaşmasına təsir edəcək. Bundan əlavə, Avropa İttifaqının qaz bazarı sıx  əlaqəli şəkildə qurulduğundan, bilavasitə Azərbaycandan qaz alan ölkələrdən savayı digər dövlətlər də bunun bəhrəsini görəcəklər. Daha bir mühüm səbəb odur ki, cənub enerji dəhlizi regionda iqlim dəyişikliyi ilə bağlı qarşıya qoyulan məqsədləri həyata keçirməyə dəstək olacaq. TANAP və TAP layihələrinin inşası prosesində Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya və digər ölkələrdə minlərlə yeni iş yeri açılıb, yəni kəmərin tikintisi artıq ölkələrin iqtisadiyyatlarına müsbət təsir göstərib.
Bəs, “Şahdəniz” Azərbaycana nə verəcək? Təbii ki, ilk növbədə valyuta! Sabit və imkanlı Avropa bazarı üçün qaz tədarük etmək Azərbaycanın iqtisadi çəkisini artırmaqla bərabər, siyasi nüfuzunu da yüksəldəcək. Dövlətlər arasında əməkdaşlıq telləri möhkəmləndikcə, onların əhalisinin sosial-mənəvi əlaqələri də genişlənməyə başlayır. Azərbaycan belə bir stimulla qloballaşma dövründə birtərəfli təsirdən qurtarır və bərabər əsasda qarşılıqlı inteqrasiya prosesi baş verir. Gediş-gəliş artır, tərəflərin bir-birinə etibarı yaranır və yüksələn xətlə inkişaf edir. 
Dağlıq Qarabağ probleminin həllində bu prosesin böyük rolu olacaq. Çünki, geniş coğrafiyada xalqlar, dövlər rəhbərləri münaqişə barədə əsl həqiqəti öyrənəcəklər. Azərbaycanın işğala məruz qalmasını dərk etməklə dünya ictimai fikrinin həqiqəti müdafiə etməsinə yönəltmək bu yolda böyük uğur olacaq. 
N.NOVRUZ   

 

 

Sizin Reklam Yeriniz