Əlaqə Arxiv
news Image
2018.01.17
09:42
| A A A
Sahibkarlara dövlət qayğısı artır
Bunun nəticəsində qeyri-neft sektorunun böyümə tempi sürətlənir

Nazirlər Kabinetinin 2017-ci ilin yekunlarına həsr edilmiş yığıncağında Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafından danırkən deyib: “Büdcədən heç bir xərc etmədən bu il sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kredit veriləcək. Baxarıq, əgər layihələrin sayı çoxalarsa, biz bu məbləği prinsipcə artıra bilərik. Çünki bu, sahibkarlığın, regionların inkişafı üçün çox önəmli bir vasitədir və kreditlərin mütləq əksəriyyəti bölgələrə, iqtisadiyyatın real sektoruna verilir”.

Bu gün Azərbaycan iqtisadiyyatının real bölməsi qeyri-neft sektorudur. Hökumətin iqtisadi inkişaf proqramında prioritet istiqamət olan bu sektora dövlət tərəfindən kifayət qədər yüksək dəstək göstərilir və buna müqabil nəticələr də əldə olunur. Təsadüfi deyil ki, ötən il ölkədə ümumi ixrac 19 faiz, bunun içərisində qeyri-neft ixracı isə 24 faiz artıb. Bu, həyata keçirilən tədbirlər sayəsində sahibkarlığın inkişafı və eyni zamanda qeyri-neft sektorunda məhsul istehsalının artımının nəticəsidir. Sahibkarlığın inkişafına səbəb isə dövlətin dəstəyi və hərtərəfli iqtisadi qayğısı sayəsində mümkün olub. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Strateji Yol Xəritələrinin icrası, monitorinqi və qiymətləndirilməsi işdə şəffaflığı və məsuliyyəti artırır. Bütövlükdə isə icraya nəzarət güclənir və idarəetmənin səmərəliliyi artır. Təsadüfi deyil ki, Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar öz nəticələrini qısa zamanda verib. Görülmüş tədbirlər 2017-ci ildə iqtisadi sabitliyi təmin edib. İslahatların gətirdiyi makroiqtisadi sabitlik və infrastrukturun daha da yaxşılaşdırılması BMT İnkişaf Proqramınıp və Dünya Bankını da maraqlandırıb və bu təşkilatlar Strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə metodologiyasının inkişafında yaxından iştirak ediblər.
Gedən bu proseslər göstərir ki, hökumət iqtisadiyyat sahəsində düzgün istiqamətdə irəliləyir. Bu səbəbdən bu il də sahibkarlığın inkişafına ciddi diqqət yetiriləcək. Xüsusilə, kənd təsərrüfatı sahəsində əhalinin istehsal imkanları genişləndiriləcək. Çünki, ölkənin ərzaq təhlükəsizliyi daha çox bu sahədən asılıdır. Sahibkarlara dövlət tərəfindən güzəştli kreditlərin verilməsi bu il davam etdiriləcək. Dövlət bu məqsədlər üçün 170 milyon manat kredit resursu ayırıb. Lakin proses sürətləndiyi təqdirdə lazım gəlsə dövlət bu dəstəyi daha da artırmaq niyyətindədir. Bu ehtimal gündəmdədir, çünki əhalinin yaranmış əlverişli şərtlərdən maksimum yararlanmağa çalışır. Bu, sahibkarlığın, regionların inkişafı üçün çox önəmlidir. Ona görə ki, kreditlər yalnız iqtisadiyyatın real sektoruna verilir. Hökumətin keçən ildən başladığı özünüməşğulluq proqramı sahibkarlığa keçid üçün yaxşı körpü rolunu oynayır. 2018-ci ildə bu  məqsədlər üçün 35 milyon manat vəsait ayrılıb. Təxminən 7 min ailə bu layihədən yararlanacaq.  
Sahibkarlara kömək üçün verilən texnikanın da sayı və çeşidi genişləndiriləcək. Bu il yeni kənd təsərrüfatı texnikasının alınması üçün 160 milyon manat vəsait sərf olunacaq. Alınan taxılbiçən, pambıqyığan kombaynlar, traktorlar, qoşqular, digər texnikalar da ötən illərdə olduğu kimi lizinq yolu ilə fermerlərə veriləcək.  Bütün bunların müqabilində hökumət işin səmərəli təşkilinə nail olub sahibkr kəndlilərdən rentabelli iş gözləyir. Yəni, dövlət dəstəyi boş-boşuma getməməlidir. Əgər subsidiya verilirsə, bundan səmərəli istifadə olunmalıdır.Ötən il kənd təsərrüfatında əldə edilmiş 4,1 faizlik artım sübut edir ki, istehsal artır və subsidiyalardan istifadə faydalıdır. Bu istiqamətdə dövlətin səyləri bu il də davam edəcək və ilin məhsuldarlığı gözlənilən nəticələri verəcək.
N.NOVRUZ

Sizin Reklam Yeriniz