Əlaqə Arxiv
news Image
2018.01.18
07:00
| A A A
Torpaq və fərdi mənzil bazarında qiymətlər artır
Nüsrət İbrahimli: “Tikinti sektorunda müəyyən canlanmanın müşahidə edilməsi torpaq və fərdi evlər bazarına öz təsirini göstərib” Rövşən Talıbzadə: “Torpaq bazarı həmişə bahalaşan seqmentdir”

Son dövrlərdə Bakıda torpağın, fərdi evlərin qiymətində müəyyən dərəcədə artım müşahidə olunur. Bəs, bunu şərtləndirən səbəblər hansılardır?

«MBA Konsaltinq» şirkətinin rəhbəri Nüsrət İbrahimlinin fikrincə, torpaq və fərdi yaşayış evlərində qiymət bahalaşması bir neçə səbəbdən qaynaqlanır: “Həqiqətən də, son zamanlar paytaxtda torpaq və fərdi evlərin qiymətində bir qədər bahalaşma baş verib. Belə vəziyyətin yaranması isə bir neçə səbəbdən qaynaqlanır. Birinci səbəb odur ki, manatın xarici valyutalarla müqayisədə dəyərində son iki ildə azalmalar var. Bu azalma da özünü dərhal deyil, tədricən göstərib. İmkan yarandıqca, insanlar tədricən mövcud vəziyyətlə barışdıqca, gəlirləri artdıqca da belə bir artımlar baş verir. 
İkinci bir tərəfdən, gəlirləri artdıqca insanlar əlavə vəsaiti məhz mənzilə olan ehtiyaclarını ödəmək üçün bu bazara yönəltməyə meylli olurlar. 2017-ci ilin ikinci yarısından tikinti sektorunda müəyyən canlanma müşahidə edilir. Bu amilin özü də torpaq və fərdi evlər bazarına öz təsirini göstərib. Neft birjalarında artan qiymətlər də investorları müəyyən qədər optimist olmağa həvəsləndirib. Ona görə onlar mənzil bazarına da həvəslə yatırım etməyə başlayırlar. Məhz sadaladığım səbəblər nəticəsində torpaq və fərdi evlər bazarında az da olsa artımlar var ki, o da öz növbəsində həmin istiqamətdə qiymətlərin tədricən bahalaşmasına gətirib çıxarıb”.
Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadə düşünür ki, torpaq bazarı həmişə bahalaşan seqmentdir: “Bildiyiniz kimi, Baki şəhərində və mərkəzə yaxın ərazilərdə torpağın tükənməsi məsələsi hər zaman gündəmdə olan movzu olub. Yəni torpaq tükənən sərvətdir. Tədricən torpağa tələb artır, amma təklif azalır. Hazırda müəyyən vəsaiti olan insanlar daha çox fərdi yaşayış evlərinin tikilməsinə daha çox üstrünlük verir. Bu baxımdan da torpaq alıb onun üzərində ev tikməyə daha çox meyllidirlər. Ona görə də torpaq bazarı həmişə qiyməti tədricən artan bir seqmentdir. Son dövrlərdə bu istiqamətdə ucuzlaşma ümumiyyətlə, müşahidə edilməyib. Yalnız şəhər mərkəzində şişirdilmiş torpaq qiymətlərində ucuzlaşma baş verib. Fərdi yaşayış evlərinə gəldikdə, hazırda tikinti materialları bazarında dəmir məmulatları, armatur, taxta məhsullarının,  sementin qiymətlərində cüzi də olsa bahalaşmanın olması  fərdi yaşayış evləri tikintisinin maya dəyərinin baha başa gəlməsinə səbəb olub. Bu da istər-istəməz onun qiymətlərinin artmasına təsir göstərib. 
Bildiyiniz kimi, paytaxt ərazisində 500 minə yaxın sənədsiz evlər var ki, onlar da əksər hallarda alqı-satqı predmeti ola bilmir. Çünki, bunun üçün həmin evlərin sənədi olmalıdır. Ona görə də indi əhali daha çox sənədi olan evlərə üstünlük verir. Bu evlərə tələb artdıqca, təklif azalır. Təklifin azalması da fərdi yaşayış evlərinin qiymətinə təsir göstərir. Bazara daha çox fərdi yaşayış evləri təklif olunsaydı, həmin evlərlə bağlı qiymətlər ən azından stabil qala bilərdi. Zonalardan asılı olaraq vergi rüsumları üzrə əmsallar da tətbiq olunur. Evini satan mülkiyyətçi qeydiyyatda deyilsə, onu satdıqda əmsallara görə hər kvadrat metrə münasibətdə daha çox rüsum ödəməli olur. Bu amilin özü də satılan fərdi evlərdə qiymət artımına gətirib çıxarır”.
Rüfət NADİROĞLU    

Sizin Reklam Yeriniz