Əlaqə Arxiv
news Image
2018.01.18
09:00
| A A A
Manata artan inam dolları arxa plana keçirir
Vüqar Bayramov: “Milli valyutanın sabitliyi və xarici valyutaya nisbətdə manat depozitlərinə ödənilən faizin, həm də sığortalanan faiz dərəcəsinin yüksək olmasından qaynaqlanır”

Banklarda dollara nisbətdə manat əmanətələrinin həcmi sürətlə artır. Dollar əmanətləri getdikcə azalır. Mərkəzi Bankın qeyd olunan xüsusda son açıqlamalarından bəlli olur ki, 2017-ci il dekabrın 1-nə əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 milyard 370,6 milyon manat təşkil edib. Bunun da 2 milyard  285,5 milyon manatı və ya 31,01%-i milli valyuta, 5 milyard 85,1 milyon manatı və ya 68,99%-i isə xarici valyuta ilə yerləşdirilib. 2016-cı ilin analoji dövrü ilə müqayisədə əhalinin banklarda manatda yerləşdirdiyi əmanətlərin həcmi 768,3 milyon  manat və ya 50,64% artıb. Xarici valyutada yerləşdirilən əmanətlərin həcmində isə 846,3 milyon  manat və ya 14,3% azalma var. Rəqəmlərdən göründüyü kimi, maliyyə əməliyyatlarında, depozitlərdə manatın çəkisi sürətlə artır. Ekspertlər artımın cari il ərzində daha yüksək rəqəmlə ifadə olunacağını proqozlaşdırır.  İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, manatın məzənnəsində yaranan stabillik və milli valyuta ilə ödənilən depozit və sığorta faizin yüksək olması manatla əmanətlərin həcminin artmasına rəvac verib: “2017-ci ildə ümumi depozit portfelində manatla əmanətlərinin payında artımlar müşahidə edilməyə başladı. 2016-cı ildə manatla əmanətlərin həcmi 18 faiz idisə, keçən il bu rəqəm 31 faizə qədər yüksəldi. Bu da onu göstərir ki, faiz etibarı ilə manatla olan depozitlərin həcmində artımlar baş verir. 
Depozit portfelində manatla olan əmanətlərin həcminin artmasının iki mühüm səbəbi var. Birinci səbəb, 2017-ci ilin fevralından etibarən manatın məzənnəsində yaranan stabilliklə bağlıdır. Məhz bu amil manatla depozitlərin artmasına gətirib çıxarıb. Əmanəti olan vətəndaş da ancaq stabil olaraq qalan valyutada vəsaitini saxlamağa çalışır. Bunun nəticəsidir ki, 2017-ci ildə müşahidə edilən stabillik manatla əmanətlərin həcminin artmasına rəvac verdi. Digər səbəb isə xarici valyutalarla müqayisədə manatla olan depozitlərin həm ödənilən faizinin, həm də sığortalanan faiz dərəcəsinin daha yüksək olmasından qaynaqlanır. Aparıcı banklar xarici valyutada olan əmanətlərə bəzi hallarda 0,5 faiz dividendödədiyi halda, manatla olan əmanətlərə 10-12 faiz ödənilir. Bu da onun göstərir ki, manatla olan əmənətlərə daha yüksək dividend ödənilir. Bu amil də əmanətlərin manatla saxlanılmasına marağın artmasına səbəb oldu. Milli valyutaya daha çox dividendin ödənilməsi nəticə etibarı ilə manatın ümumi depozit portfelində faizinin yüksəlməsinə stimul yaratdı. Növbəti dövrdə bu nisbətin dəyişməsi birbaşa manatın stabilliyindən asılı olacaq. Mərkəzi Bank manatın stabilliyini qoruyub saxlayacaqsa, bu halda milli valyutada olan əmanətlərin depozit portfelindəki artım tendensiyası davam edə bilər”.
İqtisadçı-ekspert Yaşar Əsədov qeyd etdi ki, daxili bazarda dollara tələb azaldığından əmanətlərin həcmində də manatın çəkisi artır: “Manatla olan əmanətlərin həcminin artmasını şərtləndirən səbəb daxili maliyyə bazarında dolların iştirak meydanının əhəmiyyətli dərəcədə daralması ilə bağlıdır. Bir neçə il bundan qabaq avtomobil, ev, qiymətli əşyalar, mətbəxt avadanlığı dollarla alınıb satılırdı. Az qala hər yerdə qiymətlər dollarla göstərilirdi. İndi isə həmin dövr arxada qaldı. Hər şey hazırda manatla alınıb satılır. Ona görə də indi dollara tələbat azalıb. Yalnız xaricə gedənlər və işgüzar əlaqələri olanlar üçün bu valyuta lazım olur. 
Başqa bir tərəfdən, tədricən dolların dünya maliyyə sistemində rolu da azalır, ona olan ümidlər itir. Avrasiya qitəsinin ən fəal oyunçuları, Çin, Türkiyə, Rusiya, İran, Hindistan və digərləri bir-birilə ticarətdə milli valyutalara önəm verməyə çalışırlar. Çin elan edib ki, ABŞ qiymətli kağızlarının alınmasını azaldacaq.  Bildiyiniz kimi, Çin ABŞ-ın ən böyük kreditorudur, ikincisinin Pekinə 1 trilyona yaxın borcu var”. 
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz