Əlaqə Arxiv
news Image
2018.01.18
09:50
| A A A
Daha bir mühüm transmilli layihə Azərbaycan krediti hesabına reallaşır
İranın Azərbaycandan kredit alması qonşuluq münasibətlərinin möhkəmliyindən xəbər verir

Bu günlərdə dost İran ilə ölkəmiz arasında ildən-ilə möhkəmlənən əməkdaşlıq münasibətlərinə dair daha bir sənəd rəsmi qaydada təsdiqini tapıb. Belə ki, İran prezidenti Həsən Ruhaninin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında ölkənin İqtisadiyyat və Maliyyə Nazirliyinə Azərbaycandan 500 milyon dollar dəyərində kredit almaq üçün icazə verilib. Məlumata görə, kredit Rəşt-Astara dəmir yolunun tikinti layihəsinin maliyələşdirilməsi üçün istifadə olunacaq. Kreditin alınması və tikinti layihəsinin icrası üçün 3 il, kreditin geri qaytarılması üçün isə 7 il vaxt nəzərdə tutulub. 

Kreditin verilməsində hər iki tərəfin köklü maraqları var. Çünki, son illər regionda iqtisadi əməkdaşlığı gücləndirən Azərbaycan-Rusiya-İran üçtərəfli formatı “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması barədə qərar veriblər. Prinsipcə, hər üç dövlətin müvafiq dəmiryol şəbəkəsi mövcuddur. İndi məqsəd bu şəbəkələri birləşdirərək beynəlxalq marşruta çevirməkdir. 
Layihənin başa gəlməsi üçün Azərbaycan öz üzərinə düşən vəzifəni vaxtından əvvəl uğurla yerinə yetirib. Hazırda iki ölkədə olan Astara şəhərlərinin dəmiryolla birləşdirilməsi Azərbaycan hökuməti tərəfindən başa çatdırılıb, Astaraçay üzərində körpünün tikintisi qurtarıb. İndi növbə İran tərəfinindir. Lakin relyefin dağlıq olması səbəbincə çətin keçilməsi bir qədər vaxt tələb edir. Üstəlik, işləri tezləşdirmək üçün maliyyə mənbələrinin tapılması da mühüm əhəmiyyətə malikdir. Layihənin böyük iqtisadi səmərə verəcəyini hesablayan İran iqtisadçıları dəmiryolun çəkilməsi üçün kreditin götürülməsini məqbul sayıblar. Arada yaranmış qarşılıqlı əməkdaşlıq tellərinin daha da möhkəmlənməsi və Azərbaycanın qazandığı iqtisadi qüdrət borc üçün uzağa getməməyi, dost olan qonşuya müraciət etməyə imkan verib.
Bu gün Azərbaycanın iqtisadi inkişaf yolu bir çox dövlətlərə örnəkdir. Müstəqilliyin qazanıldıqdan sonra keçən qısa zaman ərzində, həm də müharibə şəraitində ölkənin təbii resurslarından ağıllı və məqsədyönlü şəkildə istifadə etməklə dağılmış iqtisadiyyatı bərpa etmək, ölkə üçün yeni  təsərrüfatçılıq sistemi olan bazar münasibətlərinin inkişafını yönəltmək və bunu mənimsəmək çətin prosesdir. Azərbaycan bu prosesi uğurla başa çatdırıb və müasir səviyyədə iqtisadi struktur qurmağa nail olub. 
İndi Azərbaycan inkişaf etmiş Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan nüfuzlu ölkədir, beynəlxalq nəqliyyat qovşağının orbitində yerləşən tranzit daşımalar mərkəzidir, sürətlə inkişaf edən turizm diyarıdır, müasir texnologiyalara əsaslanan sənayeyə, dünya standartlarına tam cavab verən aeroportlara və avtovağzallara, rahat magistral yollara malik dövlətdir. Azərbaycan idman ölkəsidir, iri beynəlxalq yarışları yüksək səviyyədə təşkil edən təşkilatçıdır, beynəlxalq elmi məclisləri keçirən, multikultural və multikonfessial dəyərləri ilə bütün dünyaya nümunə göstərən, mədəni irsi, mədəniyyəti, musiqisi ilə dünyanı heyrətdə qoyan, öz sərvətləri ilə qloballaşma prosesinə töhfələr bəxş edən, demokratik quruculuğu uğurla gerçəkləşdirən respublikadır. Belə bir sərvətə sahib olan dövlətin əməkdaşlıq çərçivəsində dost ölkəyə kredit ayırması adi olmaqla bərabər təqdirəlayiq hadisədir. Bu yol Azərbaycanın gələcək inkişafının dayanıqlı olacağına bariz sübutdur.
N.NOVRUZ      

 

 

Sizin Reklam Yeriniz