Əlaqə Arxiv
news Image
2018.01.24
09:00
| A A A
Azərbaycanda iqtisadi tərəqqi beynəlxalq miqyasda da yüksək qiymət alır
Fikrət Yusifov: “İqtisadi islahatların, struktur islahatlarının daha da dərinləşdiriləcəyi 2018-ci ildə bu qəbildən olan göstəricilərin daha da yaxşılaşdırılacağı gözlənilir” Natiq Cəfərli: “Nəticələr gələcəkdə ölkəmizə daha çox investisiyanın gəlməsinə şərait yaradacaq”

Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun (DİF) ənənəvi inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutub. Ümumi daxili məhsulun alternativi kimi işlənib hazırlanmış inklüziv inkişaf indeksi insanların öz ölkələrində iqtisadi tərəqqini qiymətləndirdikləri meyarları daha dəqiq əks etdirir. Builki hesabatda Azərbaycan yalnız Litva və Macarıstandan geri qalaraq, yeddi mümkün baldan 4,69 bal alıb.

Qeyd edək ki, inkişaf etmiş ölkələrin indeksində Norveç, İslandiya və Lüksemburq liderlik edirlər. Ekspertlərin fikrincə, Azərbaycana verilən yüksək bal ölkədə iqtisadi tərəqqinin göstəricisidir. Bu da öz növbəsində ölkəyə investisiya axınını artıra bilər.
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov  bildirdi ki, inklüziv iqtisadi inkişafın ənənəvi modellərinin genişləndirilməsi, iqtisadi inkişaf dövründə iqtisadi proseslərin iştirakçılarına bərabər imkanların yaradılması deməkdir: “Azərbaycan iqtisadiyyatının yeni inkişaf modeli iqtisadiyyatın qeyri-neft sektoruna transformasiya olunmasını nəzərdə tutur. Son iki ildən artıq bir zaman kəsiyində hökumət bu istiqamətdə onlarla qərarlar qəbul edərək bu keçidin hüquqi bazasını yarada bildi. 
Görülən işlərin ilkin nəticələri göz qabağındadır. 2016-cı ildə yol verilmiş iqtisadi gerilik 2017-ci ildə tamamilə aradan qaldırıldı və bu zaman real sektorun daha sürətli inkişafı təmin edildi. Bu nəticələrin əldə olunmasında iqtisadi proseslərdə cəmiyyətin bütün üzvlərinə bərabər imkanların yaradılmasının rolu kifayət qədər böyük oldu. Ölkə iqtisadiyyatının neftdən  asılılığını optimallaşdırmağı hədəfləmiş bu islahatlar bütün beynəlxalq təşkilatlar, beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirildi. Elə bunun nəticəsidir ki, iqtisadi inkişafın müxtəlif tərəflərini xarakterizə edən beynəlxalq reytinqlərdə Azərbaycan aparıcı yerlərdən birini tutur. Keçən il Azərbaycanın rəqabət qabiliyyətliliyinə görə daha iki pillə irəliləyə bilməsi də hökumətin haqqında dediyimiz pozitiv addımlarının nəticəsində mümkün ola bilib. İqtisadi islahatların, struktur islahatlarının daha da dərinləşdiriləcəyi 2018-ci ildə bu qəbildən olan göstəricilərin daha da yaxşılaşdırılacağı gözlənilir”.
Digər iqtisadçı Natiq Cəfərli bildirdi ki, ölkənin müxtəlif reytinq cədvəllərində yüksək yer alması yaxşı amildir: “Bu, ölkəyə investisiya axınına səbəb olan nüansdır. Çünki investorların ən çox diqqət yetirdikləri məsələlərdən biri bu tipli hesabatlardır. 
Azərbaycanın inklüziv inkişaf indeksində inkişaf edən ölkələr arasında üçüncü yeri tutmasının səbəbləri çoxdur. Ölkənin resurslarının özünü təminedəcək qədər olması, struktur islahatlarının həyata keçirilməsi, idarəçilikdə islahatlar, yol xəritələrinin qəbul olunması və s. amillər bu tipli reytinqlərdə Azərbaycanın yerinin daha da yaxşılaşmasına səbəb olur. İnvestorlar həmin reytinqlərdən çox istifadə edirlər. Nəticələr gələcəkdə ölkəmizə daha çox investisiyanın gəlməsinə şərait yaradacaq”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz