Əlaqə Arxiv
news Image
2018.01.24
09:12
| A A A
Ümumdünya sərgisinin Bakıda keçirilməsinin tərəfdarları çoxalır
Təşkilatçılıq bacarığını beynəlxalq səhnədə çoxdan sübut etmiş Azərbaycan hər cür tədbiri keçirməyə hazırdır

“Ekspo-2025” (World Expo 2025) Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə əlaqədar, İsveçrənin Davos şəhərində yanvarın 23-də təqdimat keçirilib. Təqdimatdan məqsəd Ümumdünya Sərgisini keçirmək hüququnu qazanmaq uğrunda şəhərlərarası mübarizədə Bakının imkanlarını biznes və siyasət dünyasından 2500-dən çox liderin toplaşdığı Davosda iştirakçıların diqqətinə çatdırmaq olub. Bir müddət əvvəl Parisdə Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə təşkil edilən qəbulda çıxışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib: “2025-ci ildə Ümumdünya Sərgisini təşkil etmək bizim səmimi istəyimizdir.Əgər bu şərəfə layiq görüləriksə, biz bütün dünyanı Azərbaycanda və gözəl şəhərimiz olan Bakıda qürurla qarşılayacağıq”. 

Azərbaycanın “Ekspo-2025” üzrə təqdim etdiyi mövzu – “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” adlanıb. Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəli olaraq İstedad, Sağlamlıq və Nailiyyət adlı əlavə üç alt mövzu da təqdim edilib. Mövzulardan göründüyü kimi “Bakı Ekspo 2025” cəmiyyətin hər bir sahəsinin insan intellektindən yararlanmasına və faydalanmasına, əldə olunan biliklərin tətbiqinin öyrənilməsinə mühüm şərait yaradılması istiqamətində işini quracaq. Qeyd edək ki, Yekaterinburq və Osaka şəhərləri “EKSPO-2025” Ümumdünya Universal Sərgisini keçirmək uğrunda mübarizədə Bakının rəqibləridir.
Lakin indidən bir sıra xarici nəşrlər sərginin keçirilməsinin Bakıya həvalə edilməsinin tərəfdarı olduqlarıni bildirirlər. Ukraynanın nüfuzlu "Qolos” Media Qrupuna aid "Golos.ua” informasiya agentliyi və "Everyday.in.ua” xəbər portalı Bakının "Expo-2025”ə evsahibliyi üçün namizədliyindən yazıb. Məqalədə bildirilir ki, "Expo-2025”i ən yüksək səviyyədə qəbul etmək üçün Azərbaycanın bütün imkanları var. İsrail mediasında da Azərbaycanın "Expo-2025”ə layiqli namizəd olması haqqında məqalə yer alıb. İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qutun “Azərbaycan və Expo-2025: daha yaxşı gələcəyə təminat verən iddialı layihə” sərlövhəli məqaləsi nüfuzlu “The Jerusalem Post” qəzetində dərc edilib. Beynəlxalq mətbuatın Bakının “Expo-2025”ə layiqli namizəd olması haqqında məqalələr dərc etməsi Azərbaycanın imicinin artmasına müsbət təsir göstərir.
Ölkəmiz “Expo” hərəkatına çoxdan qoşulub və indiyədək üç sərgidə-Milan, Antalya və Astanadakı sərgilərdə təqdim olan pavilyonlarımız mükafatlar qazanıb. Müasir Azərbaycan dünya dövlətləri arasında öz tarixini və mədəni irsini, habelə yeni texnologiyalarla müşayiət olunan sürətli inkişaf yolunu uğurla təbliğ edir. Respublikanın bütün mötəbər beynəlxalq məclislərdə deməyə sözü, nümayiş etdirməyə eksponatları, yeni elmi və humanitar çağırışlar ruhunda təşəbbüsləri var. Ölkə getdikcə daha çox tanınır, qəbul edilir və sevilir.
2009-cu ildə Azərbaycan Dünya Bankı tərəfindən “Dünyanın aparıcı islahatçı ölkəsi” kimi qiymətləndirilib. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik İndeksi” Azərbaycanı 137 ölkə arasında 35-ci yerə layiq görüb. DİF-nun “İnklüziv artım və inkişaf – 2017” adlanan və 79 ölkənin reytinqinin əks olunduğu hesabatında  Azərbaycan nəinki MDB, eləcə də region ölkələri arasında ilk üçlüyə daxil olan yeganə ölkədir. Azərbaycan 4,69 balla 3-cü yerdə qərarlaşıb. MDB-də Azərbaycana ən yaxın ölkə Qazaxıstandır və bu ölkə 15-ci yerdədir, Türkiyə 16-cı, Rusiya 19-cu, Gürcüstan 32-ci yerdə, Ermənistan isə 45-ci yerdə qərarlaşıb. Azərbaycanda inklüziv inkişaf digər ölkələrlə müqayisədə daha yüksək qiymətləndirilib. 
Bu gün Azərbaycanın müxtəlif dinlərə və etnik mənşəyə mənsub olan insanları arasında multikulturalizm və qarşılıqlı hörmət ənənələri ilə zəngin olan qədim tarixi, Avropa ilə Asiya arasında körpü rolunu oynaması, siyasi və iqtisadi sabitliyə, maliyyə imkanlarına, yüksək səviyyəli təhlükəsizliyə malik gənc, müstəqil ölkə olması, Bakının sürətlə inkişaf edən strukturu, ölkəyə turist axınının sürətlə artması və daha nə qədər geniş imkanlar “EXSPO 2025”-in Bakıda keçirilməsini tərcih edən məqamlardır. Bakının bu imkana yiyələnməsinə ümidlər böyükdür.
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz