Əlaqə Arxiv
news Image
2018.02.14
07:00
| A A A
Azərbaycanın uğurlu gedişləri Ermənistanın təcridini genişləndirir
Qabil Hüseynli: “Bu layihənin işə düşməsindən sonra Azərbaycan dəmir yolu qovşağının mühüm mərkəzinə çevriləcək” Fikrət Sadıxov: ““Şimal-Cənub” dəmir yolu həm də İranın Ermənistana axra çevirməsi deməkdir”

Astara-Astara dəmir yolunun martda işə düşməsi ilə Azərbaycan, İran və Rusiyanın iştirak etdiyi yeni perspektivli əməkdaşlıq platforması formalaşır. Bu sözlər erməni yazar Sarkis Artsruninin məqaləsində yer alıb. Onun sözlərinə görə, bu əməkdaşlıq üç ölkə liderinin zaman-zaman keçirdiyi sammitlər vasitəsilə daha da güclənir: “Bu layihədə mərkəzi rol Azərbaycanın payına düşür. Nəticədə Ermənistanın siyasi və iqtisadi təcridi daha da güclənir. Bakıdakı rəsmi dairələr “Şimal-Cənub“ layihəsinin onlara təkcə iqtisadi yox, həm də siyasi kontekstdən maraqlı olduğunu deyirlər”.

Qeyd edək ki, bu, düşmənin ilk etirafı deyil. Müəyyən səviyyələrdə zaman-zaman Ermənistanın təcrid vəziyyətə düşdüyü etiraf olunur. İndiki layihə isə qlobal əhəmiyyətə malik olduğundan iştirakçı ölkələrə daha böyük dividendlər vəd edir. 
Poltoloq Qabil Hüseynli bildirdi ki, “Şimal-Cənub” dəmir yolu bəlkə də Bakı-Tiflis-Ceyhan qədər əhəmiyyətli layihədir: “Çünki bu layihənin işə düşməsindən sonra Azərbaycan dəmir yolu qovşağının mühüm mərkəzinə çevriləcək. Avrasiya materikinin böyük hissəsinə daxil olan dövlətlərin yükləri Azərbaycan ərazisindən keçəcək. Azərbaycanın maliyyə gəlirləri ilə yanaşı, geostrateji əhəmiyyətini də artacaq. Dünyada belə bir əhəmiyyətə malik olacaq ikinci dəmir yolu qovşağı yoxdur. 
Burada daşınan yüklərin və sərnişinlərin miqdarı ölkə üçün yeni maliyyə mənbəyidir. İndiyə qədər Azərbaycan mərkəzində yer almaqla bir sıra iqtisadi layihələr həyata keçirilib. Bu layihələrin də hamısı Ermənistandan yan keçib. Baxmayaraq ki, onların əksəriyyəti regional layihələr olub. Ancaq “Şimal-Cənub“ dəmir yolu qlobal layihədir. Dəmir yoluna getdikcə daha çox dövlətlərin qoşulacağı ehtimalı böyükdür. Ən azından Asiyanın böyük hissəsindən gələn yüklərin hamısı Azərbaycandan keçməklə Avropa qitəsinə çatdırılacaq. Yəni, “Şimal-Cənub” Azərbaycan, İran və Rusiya üçün sərfəli layihədir. 
“Şimal-Cənub” dəmir yolu işə düşəndən sonra həm maddi, həm strateji, həm də Ermənistan üzərində üstünlük baxımından Azərbaycan ciddi mövqelər qazanacaq. Ona görə də layihə miqyasına görə başa düşüldükcə Ermənistanda narazalıqlar yaratması təbii haldır. Ermənistan daha bir iri layihədən kənarda qaldı. Artıq tam izolə edilmiş vəziyyətdədir. Ona görə də Ermənistanda hakimiyyətinin tənqidi sürətlə artıb. Azərbaycanın uğurlu layələri gələcəkdə strateji qələbəsi üçün zəmin yaradıb”. 
Digər politoloq Fikrət Sadıxov bildirdi ki, Ermənistan uzun illərdir, təcrid vəziyyətdə yaşayır: “Regiondakı heç bir irimiqyaslı layihədə iştirak etməyib. İlk növbədə Azərbaycan buna imkan vermir. Bütün bunlar isə Ermənistanın maraqlarına zərbədir. 
İndiki “Şimal-Cənub” dəmir yolu isə həm də İranın Ermənistana axra çevirməsi deməkdir. Azərbaycanın bu uğurları gec-tez Ermənistanı tam izolə edəcək. Ermənistan da bunu yaxşı dərk edir. Ona görə də siyasətinə dəyişiklik etməlidir”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz