Əlaqə Arxiv
news Image
2018.02.14
09:30
| A A A
İqtisadiyyatın yeni yüksəliş dövrü başlanır
Rəşad Həsənov: “Gözlənilən iqtisadi artım ilk növbədə qeyri-neft sektorunun artan dinamikası hesabına baş verəcək”

2017-ci ilin sonunda Azərbaycanda ümumi daxili məhsulun artım həcmi 0,1 faiz təşkil edib. “Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı dərc etdiyi “İqtisadi diversifikasiyanın perspektivləri” adlı sənəddə isə vurğulanır ki, bu il iqtisadi artım 1,5 faiz təşkil edəcək: “2018-ci ildə ölkədə tədiyyə balansı ÜDM-in 1%-i olmaqla profisitlə icra olunacaq. Müsbət ÜDM artımı ilə yanaşı tədiyyə balansının profisiti dövlət borcunun sabitləşməsinə yardım edəcək”. Cari ildə iqtisadi müstəvidə qeyd olunan uğurları şərtləndirən səbəblər hansılardır?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, Azərbaycanın iqtisadi müstəvidə cari ildə əldə edəcəyi gözlənilən uğurları bir sıra amillərədn qaynaqlanır: “2018-ci ildə Azərbaycanda iqtisadi artımın olacağı əvvəlcədən proqnozlaşdırılırdı. Bununla bağlı həm hökumətin, həm də beynəlxalq maliyyə qurumları, reytinq agentliklərinin proqnozları var. 
Onu da qeyd edim ki, hökumətin iqtisadi artım proqnozu ilə “Moody’s” beynəlxalq reytinq agentliyinin artım proqnozu üst-üstə düşür. Hər iki tərəf 1,5 faizlik yüksəliş proqnozlaşdırıb. Bu artımın proqnozlaşdırılmasına bir sıra amillər təsir göstərib. İlk öncə onu qeyd etməliyik ki, gözlənilən iqtisadi artım qeyri-neft sektorunun artan dinamikası hesabına baş verəcək. Neft sektorunda isə kiçilmə gözlənilir. Bu da hasilatın azalması ilə bağlıdır. Amma məsələ ondadır ki, ümumi daxili məhsulun artım tempini şərtləndirən əsas məsələlərədn biri 2015-ci ildən sonra iqtisadi bazanın kiçilməsindən qaynaqlanır. Bildiyiniz kimi, 2016-cı ildə iqtisadiyyat 3,8 faizə qədər kiçilib. Bu kiçilmə də sonrakı dövrlərdə dinamikanın tempinə öz təsirini göstərib. Burada hazırda tənzimlənmə prosesi gedir. Hansı ki, bu da ilk məqamlardan biri olacaq. 
Gözlənilən iqtisadi yüksəliş digər tərəfdən loqistika, nəqliyyat, eyni zamanda turizm sahəsində müəyyən qədər gözlənilən artım hesabına baş verəcək. Son dövrlər turizm və tranzit yolları ilə bağlı müxtəlif layihələr həyata keçirilir ki, bu da növbəti dövrlərdə həmin sahələrin iqtisadiyyatda payının artmasına gətirib çıxaracaq. Bu da öz növbəsində artımı şərtləndirən məqamlardan biri olacaq. 
Artımı şərtləndirən digər faktor isə dövlət büdcəsindən qaynaqlanır. Azərbaycan iqtisadiyyatı bildiyiniz kimi, daha çox fiskal artıma malik iqtisadiyyatlardandır. Büdcə xərclərinin həcmi birbaşa olaraq iqtisadiyyatın dinamikasına öz təsirini göstərir. Bu baxımdan yanaşsaq, 2018-ci ildə büdcənin artırılması və xərcin 90 faizinin infrastruktur layihələrinə yönəldilməsi ümumi daxili məhsulu artıracaq. Bu faktorlar da iqtisadi artıma öz təsirini göstərəcək. Ölkəmiz üçün həmçinin neftin qiyməti məsələsi əhəmiyyətlidir. İndi neftin qiyməti fiskal sənəddə proqnozlaşdırılandan təxminən 30 faiz bahadır. Bu imkan yaradacaq ki, hökumət tədiyyə balansında proqnozlaşdırılandan artıq profisit əldə etsin. Bu profisit də öz növbəsində ölkənin valyuta ehtiyatlarının çoxalmasına gətirib çıxaracaq, məzənnədə sabitliyi dəstəkləyəcək. 
Bildiyiniz kimi, manat 54 faiz dəyərsizləşmə dövründə ciddi çətinliklərlə üzləşdi. Nəticədə iqtisadi subyektlərin fəaliyyət göstərmə imkanları zəiflədi. Hazırda isə manatın sabitliyinin təmin olunması öz növbəsində iqtisadi aktivliyə təsir göstərəcək amillərdəndir. Düşünürəm ki, strateji valyuta ehtiyatları, Ələt Azad Ticarət Zonasının işə salınması və müxtəlif güzəştli statusa malik iqtisadi zonaların yaradılması daxili və xarici investisiya qoyuluşunun həcminin müəyyən qədər artmasına gətirib çıxaracaq. Bütövlükdə götürəndə 2018-ci il ötən illərlə müqayisədə nisbətən pozitiv iqtisadi makrogöstəricilərlə yadda qalacaq”.
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz