Əlaqə Arxiv
news Image
2018.02.15
07:00
| A A A
ƏDV dərəcəsinin differensiallaşdırılması qeyri-neft sektoru üzrə istehsal həcmini artıracaq
Vüqar Bayramov: “Ölkəmizdə dövlətin prioritet hesab etdiyi sektorlarda aşağı dərəcəli ƏDV-nin tətbiqi daha məqsədəuyğundur”

"Azərbaycanda bütün məhsullara standart ƏDV təyin edilib və bu, 18%-dir. Avropa ölkələrində isə bu rəqəm 15-25% arasında dəyişir". Bunu Vergilər Nazirliyinin təşkil etdiyi "Vergilər. Şəffadlıq. İnkişaf" adlı konfransda çıxış edən deputat Vahid Əhmədov deyib. 

V.Əhmədov təklif edib ki, ƏDV-nin dərəcəsi differensiallaşdırılmalıdır. ƏDV dərəcəsinin differensiallaşdırılması mümkündürmü və bu iqtisadiyyata nə vəd edir?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, Azərbayanda da ƏDV dərəcəsinin differensiallaşdırılması mümkündür və bu addımın atılması qeyri-neft sektoru üzrə istehsalın daha da artımına rəvac verəcək: “Əvvəla, əlavə dəyər vergisi (ƏDV) dərəcəsinin differensiallaşdırılması ilə bağlı təklif ilk dəfə İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən gündəmə gətirilərək, 2014-cü ildə hökumətə təqdim edilib. Həmin təkliflərimizi Prezident Adminstrasiyasına da təqdim etmişik. Bir mərkəz olaraq ƏDV-nin differensiallaşdırılmasının tərəfdarıyıq. Differensiallaşdırma sektorlar üzrə fərqli dərəcələrin təqdim edilməsi anlamına gəlir. Yəni, bu, o deməkdir ki, sektordan asılı olaraq fərqli ƏDV dərəcələri təqdim edilə bilər. Məsələn, Avropa ölkələrində bu praktikadan istifadə olunur. ƏDV-nin maksimum həddi 18 faiz civarında saxlanılır. Amma bəzi sektorlar, məsələn turizm, qida sənayesi, hətta təqdiqatla məşğul olan müəssisələr üçün aşağı dərəcəli ƏDV tətbiq olunur. Mərkəzi Asiya ölkələri və Rumıniyada ƏDV dərəcəsi sektorlardan asılı olaraq fərqli şəkildə təqdim olunur. Rumıniyada turizm sektorunda tətbiq edilən ƏDV ölkə üzrə təqdim olunan əlavə dəyər vergisindən iki dəfə azdır. 
Azərbaycanda da oxşar praktikanın tətbiqi mümkündür. Ölkəmizdə dövlətin prioritet hesab etdiyi sektorlarda aşağı dərəcəli ƏDV-nin tətbiqi daha məqsədəuyğundur. Bu addımı atılması bir sıra üstünlüklər deməkdir. Xüsusən prioritet hesab olunan qeyri-neft sektorunun ixrac imkanlarının artımına yardım edəcək sektorların inkişafını stimullaşdıracaq. Bu sektorlarda xərclərin azalması və inkişafa təkan verəcək, həmin sektorların fəaliyyət qabiliyyəti yüksələcək.  Bu baxımdan differensial vergilər qeyri-neft sektorunun təşkil edilməsi və dəstəklənməsi baxımından çox vacibdir. Onun tətbiqi nəticə etibarı ilə qeyri-neft istehsalı və ixracatının artmasına gətirib çıxara bilər”. 
Digər iqtisadçı-ekspert Yaşar Əsədov da ƏDV-nin differensiallaşdırılması məsələsinə müsbət yanaşdı: “ƏDV dərəcəsinin differensiallaşdırılması ilə bir çox sahələrdə canlanma müşahidə ediləcək. Elə məhsullar var ki, ölkə üçün vacib əhəmiyyət kəsb edir. Məhz həmin məhsullar üzrə istehsalın artımına nail olmaq üçün ƏDV dərəcəsinin differensiallaşdırılması vacibdir. Belə olarsa, istehsalçılar da həmin sahəyə meyl etməyə şirniklənəcəklər. Ona görə də ƏDV-nin differensiallaşdırılması istehsalın fəallaşdırılması baxımından mühüm addım ola bilər. Belədə hökumət vergi siyasətilə hansısa sahələri stimullaşdıracaq. 
Hazırda ölkədə əhalinin gəlirlərinin 75 faizi ərzaq məhsullarına xərclənir. Ona görə düşünürəm ki, ƏDV dərəcəsinin differensiallaşdırılması ərzaq məhsulları istehsalı sahəsinə tətbiq oluna bilər. Müəyyən böhran hallarında taxıl məhsullarının idxalı ƏDV-dən azad olunduğu kimi, digər ərzaq məhsulları üzrə daha aşağı ƏDV dərəcəsinin tətbiqi də son məhsulun qiymətinə maya dəyərinin aşağı düşməsi fonunda ucuzlaşmaq mənasında təsir göstərəcək. Nəticədə bu, əhalinin gəlirlərinin real olaraq artımı demək olacaq. Məsələn, ərzaq bazarında qiymət 10 faiz düşərsə, əhalinin gəlirlərinin bu fonda ancaq 65 faizi ərzaq məhsullarının alınmasına yönələcək. Belədə, əhalinin digər istehsal xərclərindən yararlanmağa imkanı artacaq”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz