news Image
2018.02.15
08:00
| A A A
Çayçılıq və sitrus meyvəçiliyinin inkişafının yeni inkişaf dönəmi başlanır
Azərbaycanda bu sahələrin inkişafı üçün əlverişli iqlimə malik kifayət qədər torpaq var

Qeyri-neft sektorunun inkişafını stimullaşdıran təsərrüfat sahələrindən biri də çayçılıqdır. Bu məhsulun becərilməsi üzrə Azərbaycanda zəngin təcrübə var. Çayçılıq bizim üçün ənənəvi və populyar sahədir. Hətta çay barədə lətifələr quraşdırılıb, nəğmələr yazılıb, məsəllər yaranıb. Bu dadlı və xeyirli məhsulun ölkəmizdə istifadəsi mühüm qida növləri sırasındadır. Buna görə də çayın istehsalı, istehlakı və satışı əhalinin daim diqqət mərkəzindədir. Hətta elə əhali təbəqəsi  var ki, çay onun üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramının qəbul edilməsi cəmiyyətin bu tələbatının ödənilməsində əsaslə rol oynamaqla bərabər həm qeyri-neft sektorunun genişlənməsinə müsbət təsir göstərəcək. 

Təcrübə göstərir ki, qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu sonluqla nəticələnməsində  ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı daha böyük rol oynayır. Əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və mövcud ixrac potensialı aqrar sahə üzrə çayçılığın inkişafına əlverişli şərait yaradır.
Məlumdur ki, Azərbaycanda çayçılıq tarixən Cənub zonasında və Zaqatala rayonunda becərilib. Vaxtilə ölkəmizin çay plantasiyalarının sahəsi 13,4 min hektar olub. Tədarük edilən çay məhsulu isə 34,5 min tona çatıb. Plantasiyaların ərazisinə görə bunlar iri rəqəmlərdir və təsadüfi deyil ki, 30-40 il əvvəl bu məhsuldarlıq əhalinin 70 faizini yerli məhsulla təmin etməyə imkan verirdi. Lakin sonralar, dəqiq desək, müstəqilliyin ilk illərində çayçılıq təsərrüfatları dağıldı. Ənənəvi sahələri qoruyub saxlamaq mümkün olmadı. Nəticə acınacaqlı səviyyəyə endi. Əhalinin tələbatını ödəmək üçün xaricdən məhsul gətirilməsi dəfələrlə artdı. Dövlətin sahə üzrə alacağı gəlirlər yoxa çıxdı. Lakin bu cür çox davam edə bilməzdi. Hökumət özünə gəlib işləri sahmana saldıqca ənənəvi təsərrüfat sunyektləri də xatırlandı. Preziden İlham Əliyevin regionlarda keçirdiyi müşavirələrin birində çayçılıq haqda ciddi müzakirə getdi və dövlət başçısı bu sahənin dirçəldilməsi barədə müvafiq göstəriş verdi. Budur, indi isə çayçılığın inkişafını dəstəkləyən və təşviq edən Dövlət Proqrmı qəbul edilib.  
2010-cu ildən Astara rayonunda “Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyət göstərir və müasir texnologiyalar əsasında çay istehsalı ilə məşğuldur. Ötən müddətdə cəmiyyət 460 hektar sahədə çay plantasiyası salmağa nail olub. Cəmiyyət 2015-ci ildə gündəlik 12 ton yaşıl çay yarpağı emal edən müasir çay fabriki tikib. Üstəlik, “LOCON” Avropa ekoloji təmiz qida sertifikatı ilə qara çay istehsal edilir və orqanik “Aztea” brendi ilə həm yerli və həmçinin xarici bazarlarda satılır. Öz işini elmi əsaslarla quran cəmiyyət xaricdən təcrübəli mütəxəssislər dəvət edib və tingçilik təsərrüfatı yaradaraq yüksək məhsuldar sortlar yetişdirir. Dövlət bu sahədə çalışanlara subsidiyalar, güzəştli kreditlər və sairə ilə dəstək versə də əvvəlki səviyyəyə çatmaq üçün bəs etmir və böyük nailiyyətlər üçün xüsusi proqrama ehtiyac vardı. Bu ehtiyac ödənilib. Dövlət Proqramı qəbul edilib.  
Çay çoxillik bitkidir, hər torpaqda bitmir. Əkiləndən 7 il sonra məhsuldarlığa çatır və ilk illərdə daha çox qulluq tələb edir. Torpağında çay əkən kəndli yeddi il sonra gəlir əldə edə bilər. Odur ki, əhaliyə pay torpağı kimi verilmiş yararlı torpaqların könüllü birləşdirilməsi və bu birliklərin stimullaşdırılması üçün onlara müvafiq subsidiyaların ayrılması Dövlət Proqramının daha uğurlum olmasını təmin edə bilər.
Proqramda qeyd edilir ki, Lənkəran iqtisadi rayonunda çayçılığın inkişafını təmin edən 21 min hektar torpaq sahəsi var. Çay plantasiyalarının hazırkı sahəsi isə 1114,3 hektar, məhsuldarlıq 775,2 tondur. Müqayisədə çayçılıqda nə qədər böyük potensialın olduğu aydın görünür. Dövlət Proqramının məqsədi ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsini stimullaşdırmaqdır. Nəzərdə tutulmuş tədbirlər planında sahənin inkişafı üçün bütün detallar qeyd edilib və planda göstərilən layihələrin həyata keçirilməsi çayçılığın şöhrətini geri qaytarmağa yetərli olacaq. Dövlət Proqramı sayəsində tezliklə Azərbaycan çayının ixrac məhsulları arasında ön sırada yer alacağı şübhəsizdir. Bundan başqa Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Artıq sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək Azərbaycanda sitrus meyvələri istehsalının həcminin 100 min tona çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda sitrus meyvəçiliyi ənənələrinin inkişaf etdirilməsinə, sitrus meyvələrinə olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, sitrus meyvəçiliyi ilə məşğul olan rayonlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək. Bundan başqa sitrus meyvə istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görüləcək. Eyni zamanda, Tədbirlər Planına əsasən sitrusçuluq sahəsində mövcud standartlar beynəlxalq tələblərə uyğunlaşdırılmalı, bu sahədə fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyası təşviq olunmalı, istehsal və ixrac sahəsində mütərəqqi təcrübəsi olan xarici şirkətlərlə əlaqələr genişləndirilməli, mütərəqqi sığorta mexanizmi yaradılmalıdır. Həmçinin sitrus meyvəçiliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, dövlət dəstəyi tədbirləri, marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi kimi məsələlər də nəzərdə tutulub.

N.NOVRUZ

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs