Əlaqə Arxiv
news Image
2018.02.17
09:00
| A A A
Azərbaycana böyük siyasi, iqtisadi dividendlər qazandıracaq layihə
Fikrət Yusifov: “Cənub Qaz Dəhlizi” XXI əsrdə Azərbaycanın reallaşdırdığı ən sanballı transmilli layihələrdən biridir”

Məlumdur ki, prezident İlham Əliyev fevralın 15-də Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb. Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Azərbaycanın və Türkiyənin TANAP, TAP, Bakı-Tiflis-Ceyhan, Bakı- Tiflis-Ərzurum, Bakı- Tiflis-Qars kimi irimiqyaslı layihələri birlikdə uğurla həyata keçirdikləri qeyd olunub. 

Prezident İlham Əliyev TANAP layihəsinin icrasının artıq yekunlaşmaqda olduğunu vurğulayıb. Dövlət başçısı tezliklə “Şahdəniz-2” yatağından qazın hasil olunmasına və borulara ötürülməsinə başlanılacağını bildirib. Nazir Berat Albayrak isə öz növbəsində ötən ay TANAP layihəsinin icrası çərçivəsində sınaq işlərinə başlanıldığını deyib. 
Qeyd edək ki, «Transanadolu» (TANAP) qaz boru kəməri ilə ilk qaz iyunun 30-da göndəriləcək.  Bu il boru kəməri ilə 2 milyard kubmetr qaz göndəriləcək. 
Ekspertlərin fikrincə, Azərbaycan qazının Türkiyəyə daşınması əvvəla iki ölkə arasında iqtisadi müansibətlərinin daha da dərinləşməsində xüsusi rol oynayacaq. Bundan başqa, Azərbaycanın dayanıqlı iqtisadi inkişafında əhəmiyyətli layihələrdən biri hesab olunur. 
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov  bildirdi ki, 2015-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türkiyənin Qars şəhərində TANAP təməlinin qoyulması Türkiyə-Azərbaycan iqtisadi münasibətlərində yeni mərhəllənin də başlanğıcını qoydu: “Cənub Qaz Dəhlizi” XXI əsrdə Azərbaycanın reallaşdırdığı ən sanballı transmilli layihələrdən biridir. Bu layihə Avropa siyasi meydanında ölkəmizin daha ciddi  dividendlərə yiyələnməsinə yol açdı. Dəhliz vasitəsilə “Şahdəniz Mərhələ 2” çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək, Xəzər dənizindən Avropaya nəql ediləcək. Layihənin reallaşdırılması Azərbaycana tək iqtisadi deyil, həm də çox ciddi siyasi dvidendlər verəcək. 
Avropaya Rusiya qazından asılılığın nə demək olduğunu çox yaxşı başa düşür. Özünü bu asılılıqdan qurtarmaq üçün on illərdir ki, alternativ variantlar axtarışında idi. Azərbaycan qazının Avropa bazarlarına çıxarılması və bununla da Azərbaycanın Avropanın enerji təchizatındakı rolunun artması, Avropa siyasi meydanında ölkəmizin daha ciddi dividendlərə yiyələnməsi deməkdir. 
Digər tərəfdən, qaz ixracı hesabına ölkəmizə axacaq valyuta iqtisadiyyatımızın real sektorunu daha böyük sürətlə inkişaf etdirməyə imkan verəcək. Bu səbəbdən də “Cənub Qaz Dəhlizi” vasitəsilə satılacaq qazın Azərbaycana gətirəcəyi valyuta gəlirlərinin əhəmiyyəti böyük olacaq. Cari ildən etibarən bu qazın Türkiyəyə satışı ilə ölkəmiz yeni valyuta gəlirləri əldə edə biləcək”. 
Professor əlavə etdi ki, gələcəkdə Türkmənistanın, İraqın və hətta bəzi başqa Yaxın Şərq ölkələrinin də bu boru vasitəsilə öz qazını Avropaya nəql edilməsi real görünür: “Bu isə “Cənub Qaz Dəhlizi” kimi əsrin ən böyük meqalayihəsinin əhəmiyyətini daha da artıracaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz