Əlaqə Arxiv
news Image
2018.02.17
09:30
| A A A
Stimullaşdırıcı vergi siyasətinə keçid sahibkarlığın inkişafını sürətləndirəcək
Radil Fətullayev: “Bu, könüllü vergi ödəyicilərinin sayının artımında müəyyən rol oynayacaq” Əkrəm Həsənov: “Sahibkarlığın inkişafı üçün söylənilən stimullaşdırıcı siyasət olmalıdır”

“Dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan Vergilər Nazirliyi ortamüddətli perspektivdə stimullaşdırıcı vergi siyasətinə keçidi təmin etməklə iqtisadi artımın sürətləndirilməsinə öz töhfəsini verməyə çalışacaq”. Bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, həyata keçirilməsinə başlanılmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edəcək.  

Ekspertlərin sözlərinə görə, stimullaşdırıcı vergi siyasəti iqtisadiyyatın, xüsusən də sahibkarlığın inkişafına hesablanmış qərardır ki, müxtəlif formalarda həyata keçirilə bilər. İqtisadçı-ekspert Radil Fətullayev bildirdi ki, stimullaşdırıcı vergi siyasəti dedikdə, bu, bir neçə istiqamətləri əhatə edə bilər: “Birincisi, yeni fəaliyyətə başlamış sahibkarlara müəyyən vergi güzəştləri tətbiq edilməsi, onların fəaliyyətinin yoxlanılmasının dayandırılması mümkündür. 
Bundan başqa məlumdur ki, dövlət rəsmi mühasibatlığın inkişafında maraqlıdır. O baxımdan rəsmi mühasibatlığın inkişafı üçün müəyyən stimullaşdırıcı tədbirlər görə bilər. Məsələn, rəsmi mühasibatlığı həyata keçirən müəssisələrə müəyyən maliyyə güzəştləri tətbiq etmək olar. Köhnə borclarını bağışlamaqla yeni şəffaf fəaliyyətləri üçün şərait yaratmaq olar. Digər tədbir kimi könüllü vergi ödəcilərinin reytinqinin müəyyən ediləni göstərə bilərik. Sonradan isə ictimaiyyətə bununla bağlı məlumat verilməlidir. Bu, könüllü vergi ödəyicilərinin sayının artımında müəyyən rol oynayacaq. 
Nəzərə alaq ki, bu gün sadələşdirilmiş vergi ödəyiciləri ilə əlavə dəyər vergi ödəyiciləri arasında “uçurum” var. Sadələşdirilmiş vergi ödəyicilərinə daha az vergi tətbiq olunur. “Strateji yol xəritəsi”ndə də sadələşdirilmiş vergi ödəyicilərinin ƏDV ödəyiciləri olması gözlənilir. Ancaq fəaliyyət sahələrinə, gəlirlərinə görə onlara differensial yanaşma tətbiq olunarsa, bunu da stimullaşdırıcı tədbir hesab etmək olar”.
İqtisadi məsələlər üzrə hüquqşünas Əkrəm Həsənov bildirdi ki, ümumiyyətlə, vergi siyasəti dövlət büdcəsini doldurmaqla bərabər, həm də iqtisadiyyatın hansısa sahəsini stimullaşdırmaqdan ibarətdir: “Məsələn, bu gün kənd təsərrüfatı sahəsində vergi ümumiyyətlə, yoxdur. Dövlət məhz bu cür vergi siyasəti ilə kənd təsərrüfatını stimullaşdırır. Ancaq vergi iqtisadiyyatın digər sektorlarında da daha aşağı ola bilər. Bu, o deməkdir ki, dövlət həmin sahələrin inkişafını stimullaşdırır. Yəni, stimullaşdırmaq başqa sahələrdə də ola bilər. 
Məlumdur ki, “Nağdsız hesablaşmalar haqqında” Qanun qüvvədədir. Ancaq qanun yeni olduğundan, bir qədər sərtdir. Yəni hələ stimullaşdırıcı elementlər yer almayıb. Bu qanun nağd şəkildə bəzi əməliyyatlara qadağa qoyub. Ancaq nağdsız hesablaşmaları stimullaşdırmaq üçün müəyyən addımlar atmaq olar. Məsələn, nağdsız əməliyyat zamanı əlavə dəyər vergisini azaltmaq olar. Bununla da dövlət nağdsız hesablaşmaları stimullaşdıracaq. Bütün dünyada da bu təcrübdən istifadə olunur. Əvvələr bizdə vergi dedikdə iqtisadiyyatı yox, dövlət büdcəsini doldurmaq kimi başa düşülürdü. Ancaq sahibkarlığın inkişafı üçün söylənilən stimullaşdırıcı siyasət olmalıdır”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz