Əlaqə Arxiv
news Image
2018.02.17
10:00
| A A A
Azərbaycan Avropanın enerji bazarında mövqelərini gücləndirir
Enerji əməkdaşlığının üfüqləri iqtisadi və siyası çalarlarla zənginləşir

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakıda keçirilmiş dördüncü toplantısında iştirak edən İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto ilə görüşdə Prezident İlham Əliyev bildirib ki, İtaliya qaz sahəsində Azərbaycanın ən böyük ixrac bazarlarından biri olacaq. Avropa Birliyinin bu inkişaf etmiş üzv dövlətinin Azərbaycandan məhsul almaqla enerji təhlükəsizliyini gücləndirməsi ölkəmizə ən yaxın gələcək üçün böyük iqtisadi və siyasi dividentlər bəxş edəcək. Prosesin mənbəyində TANAP və TAP boru kəmərləri vasitəsilə yaranan “Cənub Qaz Dəhlizi” layihəsi durur. 

Bu layihə Azərbaycanın təşəbbüsü, böyük siyasi və iqtisadi işgüzarlığı sayəsində ərsəyə gəlib. Məsələ burasındadır ki, Azərbaycanın zəngin enerji ehtiyatları var. Hər bir dövlət bu cür sərvəti ilə fəxr edir. Lakin iş bununla bitmir. Həmin ehtiyatları tədbirlə, səbrlə hasil edib əlverişli surətdə dünya bazarlarına çıxarmaq, həm də etibarlı, dayanıqlı, əlverişli bazarlara çıxarmaq gərgin və ağıllı iş, siyasət tələb edir. Bu mənada “Cənub Qaz Dəhlizi” mütəxəssislər və siyasətçilər tərəfindən çox uğurlu layihə kimi qiymətləndirilir. İşlərin hazırkı mərhələsi sübut edir ki, layihəyə verilən rəylər özünü tamamilə doğruldur. 
Bu gün bu layihə Avropanın 6 dövləti- Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyanı birləşdirir. Layihənin birinci mərhələsi TANAP üzrə işlərin 95 faizi, ikinci, TAP mərhələsi üzrə 70 faizi görülüb. Və işlər görüldükcə, başlanğıcını Azərbaycandan götürən kəmər ölkələri, sərhədləri fəth edə-edə irəlilədikcə ona olan inam beynəlxalq miqyasda daha da artdı. Avropanın digər regionlarının ölkələri arasında da yeni istehlakçılar meydana gəldi. Məqələn, yaxın gələcəkdə Rumıniya, Bosniya-Herseqovina, Monteneqro, Xorvatiya ilə kəmərə qoşulmaq barədə anlaşma memorandumları imzalanıb. Bu biri tərəfdən istehsalçıların da sayını artması ehtimalı güclüdür. Builki BVAkı toplantısında Türkmənistan nümayəndə heyətinin iştirakı Xəzərin o tayının bu taydan başlanmış təşəbbüsə qoşulacağına şübhə yeri qoymur. Amma bu vaxtadək gələcəkdə İraq, İran və İsrail kimi qaz hasilatına malik ölkələrin də bu kəmərdən istifadəsi mümkündür.      
Məsələ burasındadır ki, layihənin təşəbbüsçüsü Azərbaycan olsa da əslində, Avropanın özü üçün böyük əhəmiyyətə malikdir. Çünki, qitədə yerləşmiş ölkələrin qaza olan tələbatının ödənilməsində, başqa sözlə, enerji təhlükəsizliyinin təminatında böyük rol oynayacaq. Çünki hazırda Avropa İttifaqı istehlak etdiyi enerjinin yarıdan çoxunu idxal edir, daha dəqiq desək, istifadə etdiyi təbii qazın 69 faizini və neftin 89 faizini idxal edir. Həmin enerji resurslarının əsas hissəsini Rusiya, Norveç və Əlcəzair ödəyir. Lakin həm tələbatın getdikcə artmasına, həm də siyasi mülahizələrə görə İttifaqın rəsmiləri enerji mənbələrinin şaxələndirilməsinə üstünlük verirlər. Yeni mənbələr, yeni tərəfdaşlar, yeni marşrutlar və Avropadakı enerji sistemlərinə daxil olacaq yeni təchizat siyasəti bu sahədə prioritetliyə malikdir. Bu səbəbdən də Qərb layihəyə ciddi maraq göstərir. Düzdür, ilkin maraq bugünkü səviyyədə deyildi. Lakin həyat kimi maraqlar da inkişaf edir və dəyişilir. Azərbaycanın biçimli siyasəti layihənin həqiqi dəyərinin düzgün dərk edilməsini şərtləndirib və baxışlar xeyli dəyişib. 
İndi “Cənub Qaz Dəhlizi” layihəsi sadəcə iqtisadi tərəfdaşlıq layihəsi yox, həm də siyasi əlaqələrin inkişafını stimullaşdırır. Təsadüfi deyil ki,  Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç müşavirədəki çıxışında deyib: “Buna görə, bu layihənin ötən ilin noyabr ayında qəbul olunan Şərq Tərəfdaşlığı Sammitinin Bəyannaməsində strateji əhəmiyyət daşıyan layihə kimi göstərilməsi də çox aydın idi. Avropa İttifaqı adından biz bu uzun boru kəmərinin bütün əsas komponentlərinin ümumi maraq dairəsi statusuna malik olan layihə çərçivəsində işlənilməsini və Avropa qurğularının birləşməsindən faydalanmasını təmin etməklə bu layihənin strateji əhəmiyyətini vurğulamaq istəyirik”. 
Aİ ilə strateji layihəyə malik olmaq Azərbaycana nə vəd edir? Birincisi, ölkəmiz Qərbin iqtisadi etibarını və siyasi dəstəyini qazanmağa nail olur. Məlumdur ki, Rusiya Avropanın iri qaz təminatçısıdır. Lakin o, bu amildən siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Buna görə də Avropanın enerji təhlükəsizliyində digər bir ölkənin, konkret olaraq Azərbaycanın iştirakının əleyhinədir. Sadəcə olaraq, bu, ona sərf etmir. Bu səbəbdən İtaliyadakı ruspərəst siyasətçilər kəmərə qarşı bir sıra etiraz aksiyaları keçirdilər. Lakin nəyəsə nail ola bilmədilər. Çünki, rəsmi səviyyədə avropalıların özləri tərəfindən ifşa olundular. Bu, əslində, Azərbaycanın müdafiəsi və qalibiyyəti idi. Demək, kəmərin Aİ üçün yüksək dərəcədə əhəmiyyətli olması Azərbaycanın xarici müdaxilələrdən qorunmasında tutarlı vasitədir. İkincisi, strateji enerji dəhlizinə sahib olmaq ölkənin beynəlxalq səviyyədə təhlükəsizliyinin qorunmasına əlavə stimullar verir. Ona görə ki, Avropa Azərbaycanın təhlükəsizliyində artıq maraqlıdır. Üçüncüsü, Azərbaycanın iqtisadi gücü Avropa kimi səbatlı bazar sayəsində artır. Bu sırada mədəni-mənəvi əlaqələri və digər qarşılıqlı əməkdaşlıq yollarını da əlavə etmək lazımdır. 
N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz