Əlaqə Arxiv
news Image
2018.02.20
08:00
| A A A
Enerji ehtiyatlarının uzunmüddətli təchizatçısı
Dünya birliyində bu imicə yiyələnmək Azərbaycanın nüfuzunu daha da artırır

Prezident İlham Əliyev bildirib ki,  Azərbaycan qarşıdakı onilliklərdə dünya bazarlarına enerji ehtiyatlarının etibarlı, uzunmüddətli təchizatçısı olacaq. Dövlət başçısı bu anonsu Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında çıxışı zamanı bildirib.

Adətən, mütəxəssislər apardıqları tədqiqatların nəticələrinə əsasən, təqribi mülahizələr yürüdürlər. Təbii ki, bir neçə kilometr dərinlikdə yerləşən neft və qaz yataqlarında toplanmış yanaçağın miqdarı barədə də tam dəqiq informasiya söyləmək çətindir. Bu sahədə zəngin biliyi olan Azərbaycanda neftçilər və  tədqiqatçılar gözəl təcrübəyə malikdirlər. Enerji ehtiyatlarının texniki yolla hasilatının iki əsrlik təcrübəsinin təhlili göstərir ki, Xəzər akvatoriyasının neft-qaz yataqları bu qiymətli xammalla son dərəcə zəngindir. 
Azərbaycan Prezidenti deyib ki, tezliklə beynəlxalq əməkdaşlığa cəlb olunacağına ümid bəslənilən başqa bir yataq “Qarabağ” adlanır: “Həmçinin böyük qaz potensialı olan iki yataq - “Dan ulduzu” və “Əşrəfi”. Beləliklə, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları “Şahdəniz” yatağından iki dəfədən artıq çoxdur - 2,6 trilyon kubmetr qaza bərabərdir və əminəm ki, daha çox olacaq. Çünki bizim təcrübəmiz onu göstərir ki, ilkin olaraq gözlənilən ehtiyatlar əvvəlkindən xeyli çox olur. Məsələn, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda “Azəri-Çıraq-Günəşli” yataqlarının ehtiyatları 500 milyon tondan bir qədər çox qiymətləndirilirdi. Təvazökarlıqla desək, hazırda bu rəqəm iki dəfə çox - 1 milyard tona yaxındır. Düşünürəm və ümid edirəm ki, qaz yataqlarında da eyni mənzərənin şahidi olacağıq. Ona görə də Azərbaycan qarşıdakı onilliklərdə dünya bazarlarına enerji ehtiyatlarının etibarlı, uzunmüddətli təchizatçısı olacaq. Bu gün Azərbaycan nefti bəzi Avropa ölkələrinin neft istehlakının üçdəbiri və ya daha çox, hətta 40 faizini təşkil edir. Azərbaycan öz qaz ehtiyatları ilə Avropa bazarına daxil olmağa hazırdır”.
Hazırda Avropa İttifaqı istifadə etdiyi qazın 69 faizini, neftin isə 89 faizini idxal edir. Bu vaxtadək qaz tədarükündə əsasən 3 ölkə Rusiya, Norveç və Əlcəzair iştirak edib. Artıq Azərbaycan da bu prosesin üzünmüddətli iştirakçısına çevrilmək ərəfəsindədir. Məsələ burasındadır ki, Avropanın qaza olan tələbatı ildən-ilə artır. Bunun əsas səbəblərindən biri, məsələn, elektrik stansiyalarında mazutun istifadəsindən 100 faiz imtina ilə bağlıdır. Belə ki, atmosferin intensiv şəkildə çirklənməsi belə vəziyyətin yaranmasına səbəb olub. Mazutun yerini isə təbii qaz tutur. Buna görə də təbii qaza olan mövcud tələbat birdən-birə 7,1 faiz artıb. Bu çox böyük rəqəmdir. Amma Azərbaycanla enerji sahəsində qurulan əməkdaşlıq tələbatın ödənməsini şərtləndirir. “Cənub Qaz Dəhlizi” Avropa üçün hazırda bir növ ümid çırağıdır. 
Məsələ burasındadır ki, problemin siyasi çalarları da var. Ona görə ki, Qərb-Rusiya münasibətlərinin böhranlı olduğu bir situasiyada Rusiya qaz amilindən siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Avropa isə onun monopoliyasından uzaqlaşmağı qarşısına məqsəd qoyub. Bu işdə Azərbaycanın səylə reallaşdırdığı TANAP və TAP layihələri qaranlıq tunelin sonunda görünən məşəl rolunu oynayır. Çünki, bu kəmərlər vasitəsilə 2020-ci ildə Azərbaycandan qaz alacaq Bolqarıstan öz tələbatının 99 faizini Rusiyadan aldığı qazla ödəyir. Yunanıstanda isə bu rəqəm 52 faizə, İtaliyada 37 faizə bərabərdir. “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan, Türkiyə və Avropanın uzunmüddətli mənafeyinə uyğun layihədir.
Bu mənada Azərbaycanın təbii enerji ehtiyatlarının miqdarı böyük maraq doğurur və əldə olan geoloji məlumatlar gələcəyə istiqamətlənmiş çox ümidverici əajihələri stimullaşdırır. Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç bu haqda deyib: “Deyərdim ki, bu layihəni ilk dəfə müzakirə etdikdən sonra Cənub Qaz Dəhlizinin əhəmiyyəti artdı. Biz bu layihənin Avropada daha da çoxsaylı ölkələr üçün necə də cəlbedici olduğunu gördük, istər Mərkəzi, istər Şərqi Avropa olsun, istərsə də Qərbi Balkan ölkələri. Buna görə, bu layihənin ötən ilin noyabr ayında qəbul olunan Şərq Tərəfdaşlığı Sammitinin Bəyannaməsində strateji əhəmiyyət daşıyan layihə kimi göstərilməsi də çox aydın idi. Avropa İttifaqı adından biz bu uzun boru kəmərinin bütün əsas komponentlərinin ümumi maraq dairəsi statusuna malik olan layihə çərçivəsində işlənilməsini və Avropa qurğularının birləşməsindən faydalanmasını təmin etməklə bu layihənin strateji əhəmiyyətini vurğulamaq istəyirik”.
Bu sözlər Azərbaycanın dünya birliyindəki rol və nüfuzunun artmasının göstəricisidir. Artıq 25 il ərzində davam edən əməkdaşlığın təcrübəsi sübut edir ki, ölkəmiz Aİ üçün etibarlı tərəfdaşdır. Bu yandan da zəngin ehtiyatların olması uzunmüddətli və qarşılıqlı iqtisadi əməkdaşlığın siyasi çalarlarla zənginləşməsində də əhəmiyyətli yükə malik olacağını ehtiva edir.
N.NOVRUZ

Sizin Reklam Yeriniz