Əlaqə Arxiv
news Image
2018.02.20
09:00
| A A A
“Cənub Qaz Dəhlizi” Azərbaycanı daha güclü mövqe sahibinə çevirir
Elman Nəsirov: “Bütövlükdə Azərbayacnın mövqelərinin güclənməsi Ermənistanın mövqelərinin daha da zəifləməsi anlamında qəbul edilməlidir”

Aydındır ki, “Cənub Qaz Dəhlizi” layihəsinin işə salınması Azərbaycanın Qərbdən olan mütəffiqlərinin sayını əhəmiyyətli dərəcədə artıracaq. Bu, xüsusən də Ermənistanda narahatlığa səbəb olub. Azərbaycan özünün enerji siyasətilə son illər Qərbin ölkəmizə olan diqqətinin daha da artmasına nail olub. 

Qeyd edək ki, Azərbaycan Avropanın enerji ilə təminatında mühüm ölkələrdən biri hesab olunur. Həmçinin, ölkəmiz Orta Asiyadan enerjinin Qərbə daşınmasında da aparıcı tranzit mərkəzidir. Bu fonda isə enerji mənbələri yox dərəcəsində olan və işğalçı siyasət yürüdən, bölgədə biznesin inkişafında mühüm komponent olan sülhün bərqərar olmasına əngəl yaradan Ermənistana Qərbin marağı daha da azalır. Belə vəziyyətdən isə ermənilər ciddi narahatlıq keçirirlər.
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Azərbayanın Qərbdə mövqelərinin daha da güclənməsindən Ermənsitan narahatlıq keçirməkdə tam haqlıdır. Çünki bu hal işğalçı ölkənin mövqelərinin daha da zəifləməsi anlamına gəlir: “Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft və qaz kəmərlərinin işə düşməsi də vaxtilə Ermənistanda vahimə ilə qarşılanmışdı. Elə bu səbəbdən bütün ermənipərəst qüvvələr erməni lobbisi, diasporu uzun müddət çalışdı ki, Bakı-Tiflis-Qars dəmir yolu işə düşməsin. Çünki bilirdilər ki, bu xəttin işə düşməsilə Azərbaycan qeyri-neft sahəsi olan nəqliyyat sektorundan çoxsaylı gəlir əldə edəcək. Bu fonda isə Azərbaycan daha da güclənəcək. 
Artıq “Cənub Qaz Dəhlizi” layihəsi tam olaraq reallaşmaqdadır. Xüsusilə də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçirilən 4-cü iclası bu həqiqəti bir daha üzə çıxartdı. Məlum oldu ki, “Cənub Qaz Dəhlizi” layihəsinin 4 mühüm elementi üzrə işlər artıq yekunlaşmaq üzrədir. “Şahdəniz-2” layihəsi üzrə işlər  hətta 99 faiz icra olunub. Cənub Qafqaz  boru kəmərilə bağlı işlərin də 95 faizi həll olunub. TANAP-la bağlı işlər də 95 faiz başa çatıb. TAP-la bağlı işlərin isə təxminən 70 faizə qədər icra olunduğu bəllidir. Bu rəqəmlər ona dəlalət edir kİ, cari ilin sonunda TANAP layihəsi artıq işə salınacaq. Eyni zamanda, 2020-ci ildən başlayaraq, Azərbaycan qazı Avropa bazarına çıxacaq. 
“Cənub Qaz Dəhlizi” layihəsində indilikdə 7 dövlət iştirak edir. Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya. Yəni həmin xətt üzrə 7 dövlətin iqtisadi əməkdaşlığı üzrə ciddi əsaslar qoyulub. Hansı ki, bu ölkələr arasında əməkdaşlıq daha da genişləndirilir.  Həmçinin, Xorvatiya, Bosniya və Hersoqovina, Monteneqro  ilə də anlaşma memorandumu imzalanıb. Bu mənada həmin ölkələr də “Cənub Qaz Dəhlizi” ailəsinin perspektiv üzvləri sayıla bilər. Eyni zamanda, ABŞ-la Böyük Britaniya da prosesdə fəal  iştirakçılardan biridir. Avropa İttifaqı Komisarlığı da hər zaman sözügedən layihəyə dəstək verir. Bütün bunlar isə təbii ki, Ermənistanda ciddi təşvişə və həyəcana səbəb olub. 
Onlar güman edirdilər ki, «Nabukko» layihəsi kimi, TANAP, TAP da reallaşmayacaq, “Cənub Qaz Dəhlizi”ni də eyni aqibət gözləyəcək. Lakin 2012-ci ildə Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan müqavilə TANAP-ın işə salınması üçün hüquqi baza yaratdı. 2013-cü ildə layihənin maliyyə məsələləri istiqamətində addımlar atıldı. 2014-cü ildə isə Bakıda “Cənub Qaz Dəhlizi”nin əsası qoyuldu. Yəni, bütün bunlar ona dəlalət edir ki, Avropanın meqalayihəsi olan “Cənub Qaz Dəhlizi” iki ildən sonra tam gücüilə işləməyə başlayacaq. Belə olan təqdirdə isə Ermənistanda da bilirlər ki, bu işğalçı ölkənin gələcəyi daha bədbin və acınacaqlı olacaq. Çünki Ermənisanın gəlir mənbələri yoxdur, olanlar da tükənməkdədir. Yoxsulluq biabırçı həddə çatıb. Əhali kütləvi şəkildə ölkəni tərk edir. Azərbaycanda isə yeni-yeni gəlir mənbələri üzə çıxır. Yaxın perspektivdə «Şimal-Cənub» Nəqliyyat Dəhlizi də işə salınacaq. Bu məsələ ilə bağlı martda Azərbaycan və İran prezidentlərinin görüşü olmalıdır. 
Eyni zamanda, Moskvada Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü olacaq. Yəni, Ermənistanın özünə ənənəvi olaraq yaxın hesab etdiyi ölkələrlə belə Azərbaycanın əlaqələri daha sürətlə inkişaf edir. Bu prosesdə Ermənistan isə autsayder vəziyyətə düşüb.  Bütün bunların nəticəsində Ermənistan cəmiyyətinin həm yuxarı, həm də aşağı hissəsində hara getdikləri, ölkələrini hansı tale gözlədiyi barədə bir vahimə hökm sürməkdədir. Ermənistan ictimaiyyəti hazırda bu suala cavab tapmaq istəyir. Mütləq əksəriyyətinin cavabı da odur ki, Ermənistan növbədi dərin bir fəlakət ərəfəsindədir. “Cənub Qaz Dəhlizi”ilə əlaqədar olaraq Qərbdə Azərbaycanın müttəfiqlərinin sayının artması fonunda bu yaxınlarda Avropa Parlamentində Azərbaycanın Dostları qrupu təsis edildi. 29 Avropa İttifaqı dövlətindən artıq 20-si həmin Dostluq Qrupunda təmsil olunur. Bu qrupda ilkin nəticələrə görə 50-dən artıq dostumuz var. Bütün bu addımlar beynəlxalq aləmdə Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsi mənafeyinə xidmət edir. Belədə Azərbaycanın Ermənistana təzyiq göstərmək imkanları da artır. Bütövlükdə Azərbayacnın mövqelərinin güclənməsi Ermənistanın mövqelərinin daha da zəifləməsi anlamında qəbul edilməlidir. Azərbaycanın mövqeyinin güclənməsi nəticə etibarı ilə ona gətirib çıxaracaq ki, yaranmış vəziyyət Qarabağ münaqişəsinin həllilə bağlı prosesə də təsirsiz qalmayacaq. 
Bütövlükdə Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticə etibarı ilə həm ölkə daxilində, həm də beynəlxalq alımdə ölkəmizin mövqelərini möhkəmləndirib, onu ən etibarlı tərəfdaşa çevirib. Bu proses isə nəticə etibarı ilə ən ağrılı problemimiz olan Dağlıq Qarabağ probleminin həllilə də bağlı perspektivə öz müsbət təsirini göstərəcək”.   
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz