Əlaqə Arxiv
news Image
2018.02.21
09:30
| A A A
ÜDM-nin artım tempi sürətlənir
Pərviz Heydərov: “Hökumətin qeyri-neft məhsullarının ixracının genişləndirilməsi istiqamətindəki tədbirləri yeni vüsət alır” Natiq Cəfərli: “Artım hər ay özünü büruzə verir”

2018-ci ilin yanvar ayında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 6049,5 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM istehsalının 48,4 faizi sənayenin, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 6,0 faizi tikintinin, 6,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 15,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,0 faizini təşkil edib.

Ekspertlərin sözlərinə görə, ÜDM-i artımını şərtləndirən bir sıra səbəblər var. Bu fonda ÜDM-in il ərzində də artımı istisna edilmir. Xüsusən də qeyri-neft sektorunun hesabına baş verə bilər. 
İqtisadçı-ekspert Pərviz Heydərov bildirdi ki, 2018-ci ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 6049,5 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2 % çox ümumi daxili məhsul (ÜDM) istehsal edildiyi qeydə alınıb: “Bu zaman qeyri-neft sektorunda 3,9 % artıq əlavə dəyər istehsal olunduğu, neft sektorunda isə 0,5 % azaldığı nəzərə çarpıb. 2017-ci ili bütövlükdə 0,1 % göstəriciylə başa vurmuşuq. Buna da hökumətin 2016-cı ilin əvvəlindən həyata keçirməyə başladığı tədbirlər yəni, iqtisadiyyatı idarəetmə sistemini təkmilləşdirməsi ilə yanaşı, bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişdirməsi, o cümlədən pul-kredit siyasətini daha da sərtləşdirməsi, həmçinin xarici iqtisadi faktorların təsirlərinin də həmin ilin ikinci yarısından yumşalmağa başlaması, xüsusən də neftin qiymətinin hasilatçı ölkələr tərəfdən istehsalın azaldılacağıyla bağlı söhbətlər ortaya çıxan gündən sabitləşməsi zəmin yaratdı. 
2017-ci ilin yanvarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 5233,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən cəmi 0,8 % çox ÜDM istehsal olunduğu qeydə alınıb. Cari ilin yanvarında ÜDM istehsalının 48,4 %-i sənayedə, 9,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5 %-i nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,0 %-i tikintidə, 2,7 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 %-i informasiya və rabitə sahələrində, 15,8 %-i isə digər sahələrdə istehsal edilib. Göründüyü kimi, 2018-ci ilin yanvarında istehsal olunan ÜDM-in strukturunda sənaye aparıcı rol oynayıb. Məlumdur ki, hökumət 2018-ci ildə ÜDM-in artımını 1,5%, orta illik inflyasiyanı 6,1% səviyyəsində proqnozlaşdırıb. Ümumiyyətlə, hökumət qarşıdakı illərə də inamla baxır. Məsələn, ÜDM istehsalının artımı üzrə sonrakı illərdə daha yüksək rəqəmlər proqnozlaşdırılır: 2019-cu ildə 72,727 milyard, 2020-ci ildə 77,403 milyard, 2021-ci ildə isə 81,053 milyard manat... Bu isə real ifadədə uyğun olaraq, 1,4 %, 3,7 və 2,9 % təşkil edir.  2016-cı ildə 3,1% azalmadan sonra 2017-ci ildə 0,1% artımın qeydə alınması, bu il üçün ən azı neftin dünya bazar qiymətlərinin sabit qalacağıyla əlaqədar daha yüksək nəticə əldə olunacağını vəd edir. Bundan əlavə, ölkənin qeyri-neft sektorunda inkişaf davam edir. Hökumətin qeyri-neft məhsullarının ixracının genişləndirilməsi istiqamətindəki tədbirləri də yeni vüsət alır”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, ötən ilin yanvar ayına ÜDM-də 0.9 faiz azalma qeydə alınmışdı: “Ancaq bu il artım var. ÜDM-in formalaşmasına baxdıqda, hələ enerji sektorunun öndə olduğunu görürük.
 Dünya bazarında neftin qiymətinin və neft məhsullarının satışının artması, həmçinin qaz hasilatı ilə paralel satışının 10 faiz artması kimi amillər ÜDM-in artımına təsir göstərdi. Lakin sevindirici haldır ki, digər sahələrdə, xüsusən də kənd təsərrüfatı məhsullarının ixracatında artım qeydə alınıb. Bu sahələr üzrə də ÜDM-in formalaşmasında artım qeydə alınmağa başlayıb. Artım hər ay özünü büruzə verir. 
Düzdür, buna böyük zəhmət tələb olunacaq. Ancaq gələcəkdə ÜDM-in qeyri-neft sektoru hesabına daha çox formalaşmasına yol aldığının işarəsidir. Hələlik enerji sektoru, əsasən də neft hasilatı və ixracatı, qaz hasilatı və ixracatı ÜDM-in formalaşmasında önəmli yer tutur. Nəzərə alaq ki, bunlarla yanaşı, ötən ilin sonundan başlayaraq, tikinti sektorunda da canlanma oldu. Yanvar ayında da davam edib. Bu il əvvəlki illərdən fərqli olaraq büdcədən orta və kiçik tikinti işlərinə daha çox vəsait ayrılmağa başladı. Hansı ki, əvvəllər əsasən iri layihələrə vəsait ayrılırdı. Bu da tikinti sektorunda canlanmanın yaranmasına və ÜDM-in formalaşmasında tikinti sektorunun payının artmasına səbəb oldu”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz