Əlaqə Arxiv
news Image
2018.02.21
09:40
| A A A
Regionlarda aqropark və istixana komplekslərinin sayı sürətlə artır
Qadir Bayramlı: “İstixanaların bütün bölgələrəmizdə inkişafı mümkündür” Yusif Vəliyev: “Bu gün aqroparakların, istixanaların qurulması ilk növbədə aqrar sistemin inkişafı deməkdir”

Regionlarda aqropark və istixana komplekslərinin yaradılması prosesi getdikcə daha sürətli xarakter almaqdadır. Mütəxəssislərin fikrincə, bu, Azərbaycanın aqrar məhsullar üzrə ixracının artmasına ciddi təsir edəcək. Eləcə də bölgələrdə iş yerlərinin yaradılmasında mühüm rol oynayacaq. 

Dövlət İqtisad Univərsitətinin dosənti Qadir Bayramlı bildirdi ki, Azərbaycanda  istixanalardan istifadəyə dair xeyli təcrübə var: “Sovət dönəmində Azərbaycanın inkişaf etmiş istixana sistemi var idi. Onların işıq və qazla təminatında problemlər ya olmurdu, ya da az olurdu. Xüsusilə Abşeron yarımadasında daha çox idi. Daha sonra digər bölgələrimizdə də istixanalarla məşğul olanların sayı artdı.  Azərbaycan istixanalarında yetişdirilən  gül və tərəvəzlər digər respublikalara  göndərilirdi. Keçmiş sovet respublikalarının gülçülük və ya meyvə-tərəvəz təminatında Azərbaycanın rolu böyük idi. 
Bəlli olduğu kimi, sonrakı dönəmdə böhran yaşandı. Sovetler Birliyi dağılandan sonra istixana sahəsinə maraq azaldı və insanlar əvvəlki kimi bu işlə məşğul ola bilmədilər. Ancaq Azərbaycanda bu sahənin inkişafı üçün çox böyük potensial var. Sadəcə, istixanaların əsas problemi istilik sarıdandır. Keyfiyyətli şəffaf örtüklər,  gübrə  və  kimyəvi preparatlarla təminatın yaxşılaşdırılmasına ehtiyac var. İstixana işi ilə məşğul olanlar istilik problemini  həll etməlidirlər. İstixanaların problemləri həll edilərsə, ixrac üçün məhsul yetişdirmək olar. Bu sahənin inkişafı üçün bizdə imkanlar var”.
Ekspert əlavə etdi ki, istixanalarda yeni texnologiyanın, müasir  üsulların tətbiqinə ehtiyac var: “Hazırda istixanaların quruluşu dəyişib. Onların suvarma və isitmə sistemlərindəki yeniliklərin öyrənilib ölkəmizdə tətbiq edilməsi lazımdır. Ümumiyyətlə, istixanaların bütün bölgələrəmizdə inkişafı mümkündür. Ona görə də istixanalar təkcə Bakı və ətrafında deyil, rayonlarımızda da inkişaf etdirmək lazımdır. Bölgələrdə istixanaların fəaliyyəti çoxsaylı iş yerlərinin açılması deməkdir. İstixanalar   müasir üsullarla qurular və işlədilərsə, həm  güllərin, həm də tərəvəz ixracını artırmaq olar”. 
Digər iqtisadçı-ekspert Yusif Vəliyev bildirdi ki, bunların hamısı bütövlükdə kənd təsərrüfatı strukturunun inkişafı üçün vacib addımlardır: “Ona görə də daha əvvəl həyata keçirilməsi məqsədəuyğun olardı. Düzdür, aqroparaklar, istixanalar kənd təsərüfatı məhsullarının xaricə ixracında müəyyən rol oynaya bilər. Ancaq təəssüf ki, indiyə qədər fermerlər bu işi sistemli şəkildə həyata keçirə bilməyiblər.  Fermerlər plansız şəkildə işlər qurublar. Amma bu gün aqroparakların, istixanaların qurulması ilk növbədə aqrar sistemin inkişafı deməkdir. 
Həm işlərin daha sistemli şəkildə görülməsinə, ixracın artımına, həm də daxildə məhsul bolluğun yaranmasına köməklik edəcək. Əgər yeni infrastruktur qurulursa, buraya insan cəlb olunur. Bu da işsizliyin həllində mühüm rol oynayacaq”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz