Əlaqə Arxiv
news Image
2018.02.21
09:50
| A A A
Avropanın Şərqə Azərbaycandan açılan qapısı
Vahid Əhmədov: “Estoniyanın ardınca digər Avropa dövlətləri də Azərbaycanın nəqliyyat dəhlizinə qoşulmaqla bağlı tezliklə müraciət edəcəklər”

Estoniya Azərbaycanı İran, Yaxın Şərq və Hindistan bazarlarına çıxış üçün potensial dəhliz qismində nəzərdən keçirir. Bunu  Estoniya İqtisadiyyat və Kommunikasiya Nazirliyinin iqtisadi inkişaf üzrə vitse-kansleri Vilyar Lubi deyib. 

Qeyd edək ki, Azərbaycanda həyata keçirilən son proseslərdən sonra ölkəmizin nəqliyyat dəhlizinə dünya miqyasında maraq artıb. Bu, xüsusən də Bakı-Tiflis-Qars dəmir yolunun çəkilişindən sonra özünü daha qabarıq şəkildə göstərir. Bir-birinin ardınca müxtəlif ölkələr həmin nəqliyyat dəhlizindən faydalanmaq, öz yüklərini daha sərfəli marşurut kimi məhz Azərbaycana aid nəqliyyat dəhlizindən yararlanmağa xüsusi diqqət yetirirlər. İlk öncə bu marşuturdan istifadə etmək qərarını Hindistan, Pakistan, Çin kimi Şərq ölkələri bildirmişdilər. İndi isə göründüyü kimi, Avropa dövlətləri də bu istiqamətə həvəs göstərməyə başlayıblar. 
Ümumiyyətlə, bu gedişlə gözləmək olarmı ki, təkcə Estoniya yox, digər Avropa ölkələrinin də Şərq istiqamətində çıxışında Azərbaycan əsas tranzit məkanlardan birinə çevrilsin?
Milli Məclisin deputatı Vahid Əhmədovun fikrincə, Estoniyanın ardınca digər Baltikyanı dövlətlər, habelə başqa Avropa ölkələri də tezliklə şərqə çıxmaq üçün Azərbaycana əsas tranzit məkanı kimi baxacaqlar: “Azərbaycan faktiki olaraq, bölgədə mühüm nəqliyyat mərkəzinə çevrilib. Bu proses xüsusən də Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsindən sonra daha geniş vüsət alıb. Belədə Orta Asiya ölkələri, Çin, Türkiyə, hətta Rusiya bu istiqamətdə yük daşımağa həvəs göstərərək müəyyən müqavilələr imzalayırlar. Bu amilin özü də onu göstərir ki, Bakı-Tiflis-Qars dəmir yolu böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, Xəzər sahilində böyük bir dəniz limanı tikilib istifadəyə verilir. Deməli, ölkəmizdən keçən yükdaşımaların miqdarı kəskin şəkildə artacaq. Ona görə də bölgə ölkələri, Ukrayna, Rusiya, Türkmənistan və digər Orta Asiya dövlətləri və Türkiyənin özü sözügedən dəmir yolundan istifadə etməkdə maraqlıdır. Estoniya və ardınca digər Baltikyanı ölkələr də ola bilsin, öz mallarının ixracı üçün sözügedən marşurutdan yararlansınlar. Çünki bu dəmir yolu təxminən 10 milyon tona yaxın yük daşımaq gücündədir. 
Eyni zamanda, bu yolla sərnişin daşımaları da həyata keçiriləcək. Bütün bunlar onu göstərir ki, Azərbaycanda nəqliyyat dəhlizi ciddi şəkildə inkişaf edir. Bu da cənab Prezidentin apardığı ən uğurlu siyasətdir. Ona görə də düşünürəm ki, Estoniyanın ardınca digər dövlətlər də Azərbaycanın nəqliyyat dəhlizinə qoşulmaqla bağlı tezliklə müraciətlər ünvanlayacaqlar. Çünki bu dəhliz az xərc və daha az məsafə sərf etmək baxımından onlara sərfəli olacaq”.
Yaxın tezlikdə istifadəyə verilcək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə də beynəlxalq diqqətin kifayət qədər yüksək olması özünü aydın büruzə verir. Məsələn, illik ixrac potensialı bir neçə yüz milyard dollar olan Hindistan “Şimal-Cənub”dan istifadə olunmasında ən maraqlı tərəflərdən biri qismində çıxış edir.  Bu məsələ İran prezidenti Həsən Ruhaninin Hindistana səfəri çərçivəsində əsas müzakirə mövzularından birini təşkil edib. Xatırladaq ki, Hindistan Hind Okeanı sahilindəki İranın Çabahar limanının yenidən qurularaq təkmilləşdirilməsi üçün 500 milyon dollar kredit ayırıb. Bu liman “Şimal-Cənub” dəhlizinin formalaşmasında əhəmiyyətli rol oynayacaq. Hindistanın Mumbai limanından yüklər gəmilərlə Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu vasitəsilə Rusiya və Avropaya daşınacaq. Eyni zamanda Hindistan Çabahar limanı vasitəsilə Əfqanıstan və Mərkəzi Asiya ölkələri ilə də ticarət əlaqəsi yaradacaq.
Qeyd edək ki, Hindistanla yanaşı, Sinqapur və Malayziya da “Şimal-Cənub”a  maraq göstərir. Bu ölkələrin böyüyən iqtisadiyyatı və Avropa dövlətləri ilə ticarət əlaqələrinin genişlənməsi nəqliyyat probleminin həllini tələb edir. Yuxarıda deyilənlərdən belə nəticə çıxarmaq olar ki, İranın Çabahar və Bəndər-Abbas limanları təkcə Hindistandan deyil, eləcə də Cənub-Şərqi Asiyanın digər ölkələrindən yük gəmilərini qəbul edəcək. Bu yüklər isə Qəzvin-Rəşt-Astara-Astara dəmir yolu vasitəsilə dünya bazarlarına çatdırılacaq. Bütün bu proseslərdə əhəmiyyətli rol oynayan Azərbaycan isə, tranzit gəlirlərlə yanaşı, iqtisadiyyatın qeyri-neft sektorunu da inkişaf etdirəcək.
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz