Pakistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq və qarşılıqlı ticarət üçün böyük potensial mövcuddur". Bunu Pakistan prezidenti Məmnun Hüseyn bu ölkədə səfərdə olan Azərbaycanın maliyyə naziri Samir Şərifovla görüşü zamanı bildirib. Onun sözlərinə görə, hər iki ölkə bu imkanlardan yararlanmaq üçün birgə işləməlidirlər.
Pakistan prezidenti vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsini artırmaq üçün mütəmadi olaraq biznes və işgüzar görüşlər keçirilməlidir. O qeyd edib ki, bu məqsədlə Azərbaycan və Pakistan müxtəlif bölgələrdə fəaliyyət üçün birgə müəssisələr yaratmalıdır. Azərbaycan və Pakistan müxtəlif bölgələrdə fəaliyyət üçün birgə müəssisələr yaratması tərəflərə nə vəd edir? Azərbaycan bundan hansı üstünlüklər əldə edəcək?
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Pakistanla birgə müəssisələrin yaradılması Azərbaycan üçün hərtərəfli baxımdan əlverişlidir: “Pakistan yüngül sənaye sahəsində, toxuculuq, əczaçılqı və dərman preparatlarının hazırlanması istiqamətində müəyyən qədər təcrübəyə malik ölkələrdəndir. Toxuculuqla məşğul olan kifayət qədər çoxlu sayda beynəlxalq şirkətlərin Pakistanda yerli nümayəndəlikləri mövcuddur. Əczaçılıq da bu müsəlman ölkəsində kifayət qədər inkişaf edib. Məhz ən azından bu sahələr üzrə Azərbaycanla Pakistan arasında birgə müəssisələrin yaradılması mühüm uğur gətirə biləcək addım ola bilər.
Pakistan tərəfinin təcrübəsindən yararlanmaq lazımdır. Azərbaycanın isə investisiyası və ölkəmiz üzərindən Rusiya, Avropa bazarlarına çıxış imkanları əldə etmək baxımından həmin layihə İslamabad üçün də cəlbedicidir. Ona görə də Azərbaycan tərəfi çalışmalıdır ki, sadaladığım istehsal sahələrinin ölkəmizdə yaradılması üçün Pakistanla danışıqlar aparsın. Belə birgə müəssisələrin Azərbaycan ərazisində yaradılması həm də əlavə iş yerləri deməkdir. Azərbaycan hökumətinin pambıqçılığa diqqət yetirdiyini də nəzərə alsaq, bu məhsulun xammal olaraq xaricə satılmasından deyil, emal olunaraq geyim formasında hazır məhsul kimi satılması daha gəlirlidir. Bu fonda proses ölkəmizə xeyli dərəcədə əlavə gəlir gətirəcək. Layihə loqistik olaraq da ölkəmiz üçün uğurlu sayıla bilər. Çünki Azərbaycan Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizinin demək olar ki, tam mərkəzində yerləşir. Bakı-Tiflis-Qars dəmir yolu açılıb, həm də Rusiya ilə İranı birləşdirəcək dəmir yolu da Azərbaycandan keçəcək. Bu mənada düşünürəm ki, həmin loqistik üstünlüklərdən istifadə edərək, Pakistanın aparıcı müəssisə və şirkətlərilə danışıqlar aparıb, Azərbaycan ərazisində istehsal sahələrinin yaradılması yönündə müəyyən addımlar atmaq olar. Nəticədə bu addımlar ölkəmizə kifayət qədər uğurlu nəticələr qazanmağa imkan verəcək”.
Rüfət NADİROĞLU