Əlaqə Arxiv
news Image
2018.02.22
08:31
| A A A
ÜDM-in artım tempi sahibkarlığın inkişafına geniş imkanlar açır

Qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin davamlı olaraq artırılmasına çalışan Azərbaycan hökuməti 2017-ci ildə karbohidrogen resurslarından asılılığın azaldılması, investisiya cəlbediciliyinin, makroiqtisadi sabitliyin qorunub saxlanılması, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə pozitiv göstəricilərə imza atıb.

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası dünya ölkələrində iqtisadi böhranın səngimədiyi bir dövrdə Azərbaycanın rəqabət qabiliyyətinin artdığını göstərir. Hesabat dövründə iqtisadiyyatın bütün funksional sahələri üzrə optimal nəticələr əldə olunub, regionların sosial-iqtisadi inkişafına, biznes mühitinin liberallaşdırılmasına istiqamətlənmiş dövlət siyasətinin davam etdirilməsi istər ümumi daxili məhsulun, istərsə də strateji valyuta ehtiyatlarının artımına imkan yaradıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin iclasdakı nitqində demişdir: "2017-ci ildə qeyri-neft sektoru 2,5 faiz, sənaye sahəsində qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı 4,1 faiz artıb. 2017-ci ildə ölkəmizin valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur. Hesabat dövründə ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu çox gözəl göstəricidir: "Bu onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bu, eyni zamanda, qeyd etdiyim sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək hesab edirəm ki, böyük nailiyyətdir".

Qazanılan nailiyyətlər 2018-ci ilin də uğurlu il olacağını deməyə ciddi əsaslar yaradır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ilin yanvar ayında ölkədə ümumi daxili məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,0 faiz artaraq 6049,5 milyon manat təşkil edib. ÜDM istehsalının 48,4 faizi sənayenin, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 6,0 faizi tikintinin, 6,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 15,8 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,0 faizini təşkil edib. İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz artıb, neft bölməsində isə 0,5 faiz azalıb. Əhalinin hər nəfərinə düşən ÜDM 618,5 manat təşkil edib.

İlin ilk ayının uğurlu nəticələri, şübhəsiz, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu antiböhran strategiyasının məntiqi göstəricisidir. Bu strategiya Azərbaycanın yaranmış yeni iqtisadi və siyasi şəraitə uyğun olaraq neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişafına etibarlı zəmin formalaşdırır. Nazirlər Kabinetinin son iclası bir daha təsdiqləyir ki, 2014-cü ilin ortalarından etibarən dünya iqtisadiyyatını iflic edən qlobal böhran dalğası qarşıya qoyulmuş məqsəd və vəzifələrin həyata keçirilməsi prosesində Azərbaycana tormozlayıcı amil olmayıb.

Böhranın ən pik mərhələsi sayılan 2015-2016-cı illərdə Azərbaycan üçün müəyyən çətinliklər yaransa da, hökumətin qarşı həyata keçirdiyi qabaqlayıcı tədbirlər səmərə verib, nəticədə bir çox makroiqtisadi parametrlər üzrə inkişafa nail olunub.

Ötən il qeyri-neft sektorunun inkişafına və idxal-ixrac əməliyyatlarında balansın təmin edilməsinə nail olunub. Son 3 ildə sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması; sahibkarların hüquqlarının qorunması məqsədilə Apellyasiya Şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasında "bir pəncərə" prinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi təmin edilib. Eyni zamanda, dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması, dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması reallaşdırılıb.

Kənd təsərrüfatının inkişafının stimullaşdırılması da diqqət mərkəzində olub. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli sərəncamı ilə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyətin əsas məqsədi ərzaq məhsullarının istehsalçılarından və satıcılarından məhsulları almaq və tədarük edərək satınalan təşkilatlara təqdim etməkdir. Bundan əlavə, son iki ildə ölkə başçısının iştirakı ilə pambıqçılığın inkişafına xidmət müşavirələr keçirilmiş, eləcə də fındıq, barama, tütün, çuğundur, çay və sitrus meyvələri istehsalının stimullaşdırılmasına xidmət edən sərəncamlar imzalanıb.

Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı ilə ölkənin biznes və investisiya mühitinin əlverişliliyinin, yerli və xarici investorlar üçün cəlbediciliyini daha da artırılması, biznes mühitinin daha da yaxşılaşdırılması üçün "Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə Dövlət Komissiyası" yaradılıbr. Komissiyanın yaradılmasında məqsəd göstərilən hədəflərə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, rəqabət qabiliyyətliyinin və ixrac imkanlarının genişləndirilməsi, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılmasıdır.

Azərbaycan Respublikasının Prezidentinin 5 oktyabr 2016-cı il tarixli fərmanı əsasında "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”ı təsdiq edilib.

Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 318-VQD nömrəli Qanununun tətbiqi barədə" Sərəncamına əsasən, islahatların səmərəliliyinin, biznes mühitinin həm yerli, həm də xarici sahibkarlar üçün əlverişliliyinin təmin edilməsi məqsədilə vergi sistemində dövrün tələbinə uyğun bir sıra zəruri dəyişikliklər həyata keçirilib. Dəyişikliklərin həyata keçirilməsi ölkədə biznes mühitinin əlverişliliyi, optimal vergi dərəcələrinin tətbiqi, tranzit yük daşınma sahəsində bəzi yeniliklər baxımından da faydalıdır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərmanı isə keyfiyyətcə yeni mərhələdə iqtisadi inkişafı stimullaşdırmaq və böhranın mənfi təsirlərini aradan qaldırmaq məqsədi daşıyır. Fərmanla iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair strateji yol xəritələrinin təsdiq olunması həm də qlobal böhrandan çıxış yollarını özündə ehtiva edir. Konkret olaraq "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi" ölkəmizdə sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması üçün yaxşı imkanlar açıb. Sahibkarlığın inkişafı məqsədilə həyata keçiriləcək kompleks tədbirlər sistemini özündə ehtiva edən sənəddə islahatların konkret istiqamətləri də əksini tapıb.

Samir Mustafayev

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən ayrılan maliyyə vəsaiti çərçivəsində çap olunub.

 

Sizin Reklam Yeriniz