Əlaqə Arxiv
news Image
2018.02.24
10:40
| A A A
Azərbaycan Avrasiyanın koordinasiya mərkəzinə çevrilir
Fikrət Yusifov : “Ölkəmizin Avrasiya koordinasiya mərkəzinə çevirilməsi üçün zəruri olan bütün yüksək texnologiyalar və resurslar mövcuddur” Natiq Cəfərli: “Azərbaycanın coğrafi baxımdan əlverişli yerdə yerləşməsi, loqistik mərkəzə çevrilməsi xarici şirkətlərin burada istehsal sahələri yaratmağa marağını artırıb”

Avstriya Ələt azad iqtisadi zonasında müştərək müəssisələrin yaradılmasına maraq göstərir. Ekspertlərin sözlərinə görə, yaxın tezlikdə digər dövlətlərin də analoji addımlar atması mümkündür. Ölkəmizin loqistik mərkəzə çevrilməsi buna zəmin yaradıb. Xarici dövlətlərin isə Ələt azad iqtisadi zonasına gəlişi Azərbaycanın həm iqtisadi, həm də siyasi gücünün atmasına imkan verəcək. 

Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, professor Fikrət Yusifov  bildirdi ki,  son on dörd ildən artıq bir vaxt ərzində bütün səviyyələrdən olan infrastruktur layihələrinin  icrası, nəticə etibarılə ölkəmizin regionun ən böyük tranzit yükdaşımalar mərkəzinə çevrilə bilməsinin əsaslarını yaratdı: “Ələt  qəsəbəsinin ərazisində salınmış Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bu sahədəki rolu xüsusi qeyd olunmalıdır. Limanın ərazisində azad ticarət zonasının yaradılması isə bu limanın əhəmiyyətini kifayət qədər yüksəldəcək. 
Cari ilin əvvəlində artıq ölkə Prezidenti Milli Məclisə “Azad iqtisadi zona haqqında” qanun layihəsi göndərib.Yeni qanun layihəsində Ələt Azad İqtisadi Zonasının yaradılması, ölkədə biznes şəraitinin yaxşılaşdırılması, sahibkarlara əlavə imkanların verilməsi kimi məsələlər öz əksini tapıb. Yeni qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək. Bütün bu addımlar xarici şirkətlərin böyük marağına səbəb olub və layihədə iştirak etmək istəyənlərin sayı durmadan artır. Avstriyanın Ələt azad iqtisadi zonasında müştərək müəssisələrin yaradılmasına marağı da bu sıradan olan bir məsələdir”.
Professor əlavə etdi ki, ölkəmizin Avrasiya koordinasiya mərkəzinə çevirməsi üçün zəruri olan bütün yüksək texnologiyalar və resurslar mövcuddur: “Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan bu addımlar yüksək qiymətə layiqdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi və orada azad ticarət zonasının yaradılması tək ixracın genişləndirilməsi demək olmayacaq. Bu, eyni zamanda Şimal-Cənub, Şərq-Qərb istiqamətində böyük həcmdə olan yüklərin həm dəniz, həm dəmir və həm də avtomobil yolları vasitəsilə daşınması demək olacaq. Böyük həcmdə yüklərin Azərbaycan üzərindən daşınması isə ölkəmizə kifayət qədər xarici valyutanın daxil olmasını təmin edəcək. Bütövlükdə layihənin icrası çoxlu sayda iş yerlərinin açılması, ölkə büdcəsinə isə böyük həcmdə vəsaitlərin daxil olmasına imkan verəcək”.
Digər iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanın coğrafi baxımdan əlverişli yerdə yerləşməsi, loqistik mərkəzə çevrilməsi xarici şirkətlərin burada istehsal sahələri yaratmağa marağını artırıb: “Şərq-Qərb dəhlizi, həm də Şimal-Cənub dəmir yolu işə düşdükdən sonra Azərbaycan daha da cəlbedici olacaq. Ona görə də bir çox xarici işirkətlər Ələt azad iqtisadi zonasında iş qurmağa çalışacaqlar. Çünki orada güzəştlər olacaq. Həm kommunal xidmətlərə, həm də vergi güzəştləri tətbiq ediləcək. Onlar da bu imkandan istifadə edərək yaxın ətraf bazarlara çıxış imkanları əldə edəcəklər. Bu baxımdan yalnız Ələt azad iqtisadi zonasına yox ümumiyyətlə, Azərbaycana maraq artıb. Diqqətin artmasından daha səmərəli istifadə etmək üçün təşviq, dəstək proqramları həyata keçirilməli və tanıdılmalıdır. Bu zaman istehsal sahələrinin yaradılmasına daha tez nail olmaq mümkündür Bu, həm yeni iş yerləri, həm də yeni istehsal sahələrinin yaradılması ixracat potensialının artması deməkdir. İlkin addımlar atılıb. Bundan sonra isə daha yaxşı tanıdılması istiqamətdə işlər görülməlidir”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz