Əlaqə Arxiv
news Image
2018.02.24
09:30
| A A A
Beynəlxalq reytinq agentliklərindən Azərbaycana yüksək qiymət
Rəşad Həsənov: “Bu istiqamətdə atılan addımlar daha çox xarici sərmayə axınına səbəb olacaq”

“2018-ci ildə Azərbaycanda iqtisadi artım 1,5%, 2019-cu ildə isə 2% təşkil edəcək”.“Moody’s” beynəlxalq reytinq agentliyinin yaydığı hesabatda belə deyilir. Hesabata əsasən, 2018-ci ildə Azərbaycanda inflyasiya 6 faiz, 2019-cu ildə 5 faiz səviyyəsində proqnozlaşdırılır. Qeyd olunur ki, manatın məzənnəsinin sabitliyində əminlik inflyasiya gözləntilərini azaldır.

Agentliyin mütəxəssisləri onu da bildirirlər ki, bu il tədiyyə balansında profisit ÜDM-in 2,3%-nə, 2019-cu ildə isə 3,8%-nə bərabər olacaq. Dünya Bankı (DB) və Asiya İnkişaf Bankının (AİB) da ölkəmizlə bağlı proqnozları müsbətdir. Beynəlxalq təşkialtaların bu mövqeyi nədən qaynaqlanır və belə vəziyyətdə Azərbaycana daha çox xarici sərmayə axını gözləmək olarmı?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, beynəlxalq reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatı ilə bağlı müsbət səpkili proqnozları ölkəmizin dövlət büdcəsində baş verən artımlardan qaynaqlanır: “Beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycan iqtisadiyyatı ilə bağlı inkişaf proqnozlarının verilməsində əsas qaynaq hesab edirəm ki, dövlət büdcəsidir. 2018-ci il üçün Azərbaycan dövlət büdcəsinin xərcləri 3 milyard manat, yaxud 17 faizə qədər artırılıb. Ayrılan xərclər də daha çox infrastruktur xərcləri üçün hədəflənib. Burada da məqsəd son bir neçə ildə ölkə iqtisadiyyatının zəif halqalarından birinə çevrilən qeyri-neft sektorunda canlanmanı bərpa etmək resesiyanı aradan götürmək və beləliklə ümumi iqtisadi geriləmənin qarşısını almaqdan ibarətdir. Yəni birinci əsas səbəb məhz budur. 
İkinci səbəb isə yol xəritələri çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərdir. Bu fəaliyyətin hər biri ayrı-ayrılıqda əlavə dəyər yaradır. Konkret olara bu dəyərin həcmi ümumi daxili məhsulda da öz əksini tapıb. Həmin fəaliyyət nəticəsində ümumi daxili məhsulda artım baş verəcək. Digər tərəfdən, bildiyiniz kimi, 2016-cı ildə ölkə iqtisadiyyatı 4 faizə yaxın kiçilmişdi. Bu isə iqtisadiyyatın baza hissəsinin azalmasına gətirib çıxarıb. 2017-ci ildə bu itkilər kompensasiya edilə bilmədi. Belədə, 2018-ci ildə əvvəlki illərlə müqayisədə iqtisadi artım üçün müəyyən mənada manatın məzənnəsi və sabitliyi baxımından daha əlverişli şərait yaranır. Bunun özü də artım şansını formalaşdırır. Tədiyyə balansında gözlənilən profisitin mənbəyi neftin qiyməti məsələsilə bağlıdır. Neftin qiyməti dövlət büdcəsində 45 dollar civarında nəzərdə tutulub. Amma 2018-ci il üçün “qara qızıl”ın qiymətinin 55-60 dollar ətrafında olacağı proqnozlaşdırılır. Bu da ölkənin neft, enerji gəlirlərinin artmasını şərtləndirəcək. 
Bundan başqa, ilin ikinci yarısından TANAP layihəsi istifadəyə veriləcək. Beləliklə, layihənin fəaliyyətə başlaması ilə ölkəyə əlavə qaz gəlirləri də gələcək. Bu da tədiyyə balansı və iqtisadiyyatda artımı şərtləndirən əsas faktorlar hesab oluna bilər. Məzənnədə sabitliyin qorunması tendensiyası da yüksək qiymətləndirilir. Belə olan halda 2018-ci ildə inflyasiyanın səviyyəsinin birrəqəmli olması gözləniləndir”. 
Həmsöhbətimiz onu da qeyd etdi ki, iqtisadi inkişaf öz-özlüyündə xarici sərmayənin ölkəyə gəlməsi və ölkədən çıxmasına təsir göstərən faktorlardır: “Azərbaycanda həqiqətən də qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsini istəyiriksə, biznes mühitinin daha da liberallaşdırılmasına daha çox diqqət yetirməliyik. Bu istiqamətdə atılan addımlar daha çox xarici sərmayə axınına səbəb olacaq. 


İkinci bir tərəfdən, xarici sərmayədarlar üçün hüququn aliliyi daha önəmlidİr. Ona görə də hüququn aliliyinin daha ciddi şəkildə təmin edilməsinə də nail olmalıyıq. İnvestor inandırılmalıdır. İnam olduğu təqdirdə, Azərbaycan iqtisadiyyatına yönələn xarici sərmayə də artacaq. Həmçinin vergi siyasətinin yenidən işlənib hazırlanmasına ehtiyac var. Çünki ölkəmizdə vergi yükü kifayət qədər yüksəkdir. Kommersiya gəlirlərində 39,8 faizə qədərdir. Belədə gəlirlərin təxminən 25 faizi ətrafında fiskal yükü artır. Halbuki, Azərbaycan resurs ölkəsidir və gəlirlərinin 55 faizindən çoxu hələ də neftdən formalaşacaq. Belə bir şəraitdə vergi siyasətinin yenidən işlənməsinə ehtiyac vardır ki, xarici investor bura sərmayə qoymaqda daha çox maraqlı olsun. Bununla bağlı mesajlar artıq Vergilər Nazirliyinə, xüsusən də yeni nazir təyin olunandan sonra çatdırılıb. Vergi bazasının genişləndirilməsi yolu ilə vergi yükünün azaldılması fonunda itkilərin qarşısı müəyyən qədər alınmalıdır. Ölkədə gəlirlərin əsas hissəsi vergidən formalaşır, amma kommersiya gəlirlərində vergi yükü 40 faizə yaxındır ki, bu da ölkəyə sərmayə axınına heç də yaxşı təsir göstərmir. Sadaladığım bu istiqamətlərdə addımlar atılarsa, ölkəyə, xüsusən də onun qeyri-neft sektoruna xarici sərmayə axını da artacaq».  
Rüfət NADİROĞLU  

Sizin Reklam Yeriniz