Əlaqə Arxiv
news Image
2018.03.14
07:00
| A A A
Taxılçılıqda da yüksək məhsuldarlıq əldə ediləcək
Natiq Cəfərli: “Son məhsulun keyfiyyəti və həcminə görə subsidiyaların verilməsi sisteminə keçid lazımdır” Ənvər Əliyev: “Məhsuldarlığın arıtılması üçün bütün vasitələrdən istifadə edib suvarma əkinçiliyinə keçmək lazımdır”

Məlumdur ki, taxıl istehsalçılarının assosiasiya şəklində biləşərək iri təsərrüfat formasında fəaliyyət göstərməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, istehsal olunan məhsulun maya dəyərinin aşağı salınması istiqamətlərində işlər görülür. Mütəxəssislərin fikrincə, bu fonda Azərbaycandakı iri taxılçılıq təsərrüfatlarında intensiv texnologiyaların tətbiqi ilə yüksək məhsuldarlıq əldə etmək mümkündür. 

Bundan başqa, suvarma probleminin həlli də xüsusi ilə vurğulanır. Həmçinin yeni gübrələrin gətirilməsi, subsidiyaların verilməsi şərtlərinə yenidən baxılması təklif olunur.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycanda aqrar sektorun bəzi sahələrində məhsuldarlıqla bağlı problemlər var: “Bu da təbii səbəblə bağlıdır. Hazırda əsasən suvarma problemi yaşanmaqdadır. Bunun həlli üçün geniş şəkildə işlər görmək lazımdır. Nəzərə alaq ki, suvarma kanallarının genişlənməsi üçün büdcədən əlavə vəsait də ayrıldı. Əslində, məhsuldarlığın qarşısını alan ən böyük problem də elə budur. 
Bundan başqa, yeni və müasir texnologiyalardan mütləq istifadə edilməlidir. Həmçinin yeni gübrələr və yeni yanaşmanın tətbiqi vacibdir. Bütün bunlar məhsuldarlığın artımında önəmli rol oynayan faktorlardır. Məsələn, İsraildə iqlimin çox sərt olması ilə yanaşı, suvarma ilə bağlı da problemlər var. Buna rəğmən, bir hektardan 80 sentner taxıl ala bilirlər. Bu da dünyanın ən yaxşı nəticələrindən biridir. Lakin Azərbaycanda regionlardan asılı olaraq hektardan 25-27 sentner taxıl alınır. Hansı ki, bu da çox aşağı göstəricidir. Odur ki, ölkəmizdə aqrar sektorda yeni texnologiyaların, yeni gübrələrin tətbiqi istiqamətində ciddi addımlar atılmalıdır. Həmçinin stimullaşdırma proqramlarına yenidən baxılmasına ehtiyac var. 
Uzun illərdir, taxılçılıqda hər hektara görə subsidiyalar verilirdi. Bu da fermerlərdə son məhsulun keyfiyyəti və həcmi ilə bağlı stimulun yaranmasını arxa plana atır. Buna dəyişiklik olmalıdır. Son məhsulun keyfiyyəti və həcminə görə subsidiyaların verilməsi sisteminə keçid lazımdır. O zaman fermerdə stimul yaranar”.
AMEA Coğrafiya İnstitutu Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev bildirdi ki, Azərbaycanın torpaq-iqlim şəraiti müxtəlifliyi ilə seçilir: “Hazırda suvarmada da, dəmyə əkinçiliyində də problemlər var. Dəmyədə rütubətlənmə əmsalı aşağı olduğu üçün tam şəkildə suvarma həyata keçirmək olmur. Nəticədə aşağı məhsuldarlıq əldə edilir. Söhbət payızlıq buğda əkilən ərazilərdən gedir. Bu ərazilərdə əkilən  payızlıq dəmyə buğdalar məhsuldar ola bilmir. Səbəb də odur ki, suvarma aşağı səviyyədədir. Həmin ərazilərə yağıntılar az düşür və buxarlanma daha çoxdur. 
Bu il heç qar da yağmadı. Nəticədə ziyanvercilər artır, torpağın rütubəti azalır. Məhsuldarlığın arıtılması üçün bütün vasitələrdən istifadə edib suvarma əkinçiliyinə keçmək lazımdır. Bunu da ənənəvi suvarma əkinçiliyi ilə yox, yağdırma üsulu ilə reallaşdırmaq lazımdır. Onun üçün də mütləq bəzi çaylarda su anbarları tikilməlidir. Bu çətin, mühəndis-texniki işlər tələb edən məsələdir.  Amma şimal-şərq bölgəsində, xüsusən də taxta-körpü tikiləndən sonra taxılın suvarılmasında problemlər olmayacaq. Bir şərtlə ki, dəniz altından yeni çıxmış sahələrdə suvarma müasir texnologiya ilə həyata keçirilsin. Əks təqdirdə həmin ərazilər də şoranlaşmağa başlayacaq”.
Müsahibimiz əlavə etdi ki, ənənəvi suvarma əkinçiliyində də, ərazilərdə də problemlər çoxdur: “Şoranlaşma ilə yanaşı, dövriyyədən çıxan torpaqlarımız da var. Əsas məsələlərdən biri də sortdur. 2006-cı ildə həyata keçirilən torpaq islahatı nəticəsində insanlara müəyyən qədər torpaq sahələri düşdü. İnsanlar isə aqrotexniki qaydalara normal əmələ edə bilmədilər. Bütün bu problemlər həllini tapandan sonra məhsuldarlığı artıra bilərik. Artıq dünyada 30 sentnerin özü qəbahət sayılır. Bu, ekstensiv əkinçiliyin elementləridir”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz