Əlaqə Arxiv
news Image
2018.03.15
09:00
| A A A
Azərbaycana Çin və Hindistandan artan böyük maraq
Natiq Cəfərli: “Hindistan və Çində Azərbaycanın imkanlarından yararlanaraq xarici bazarlara çıxış əldə etməyə çalışır” Yaşar Əsədov: “Azərbaycana Çin və Hindistandan daha çox investisiya axın edəcək”

Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələr sırasında yer alan Çin və Hindistanın son dövrlər Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirmələri müşahidə olunur. Qeyd edək ki, Çin və Hindistan əhali sayına görə dünyanın ən böyük dövlətləridir. Həmçinin, son illər hər iki ölkədə ciddi iqtisadi artımlar müşahidə edilir. 

Hazırda Çində ümumi daxili məhsulun həcmi 16 trilyon, Hindistanda isə 7 trilyon dollara yaxındır.  Bu göstəricilərə görə, hər iki ölkə dünya dövlətləri arasında ilk beşlikdə yer alıblar. Həmçinin, hər iki ölkə İpək Yolu üzərindədir. İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Pekinlə Dehlinin son zamanlar Azərbaycanla ticarət-iqtisadi sahədə əməkdaşlığı genişləndirməyə marağının artması digər xarici bazarlara çıxış əldə etmək üçün ölkəmizin imkan və potensialından yararlanmaq məqsədi daşıyır: “Əslində, Azərbaycanda böyük loqistik layihələrin həyata keçirilməsi, əsasən də Şərq-Qərb dəhlizi və Şimal-Cənub dəmir yolu dəhlizinin ölkəmizin üzərindən keçməklə Azərbaycanın əsas loqistik mərkəzə çevrilməsi bir çox ölkələrin yaşadığımız məkana diqqətinin artmasına səbəb olub. O cümləədn Çin və Hindistan kimi iqtisadi baxımdan böyük dövlətlərin də bu fonda Azərbaycana marağı artıb. 
Hər iki ölkənin iqtisadiyyatı ixracat üzərində qurulub. Həmin ölkələr yeni iqtisadi bazarlara çıxmağa çalışır ki, bu mənada da Azərbaycan onlar üçün daha cəlbedici dövlətlər sırasında yer alır. Çin və Hindistan həmçinin Şərq-Qərb dəhlizinin bir hissəsinə daxildir. Həmin dəhliz üzrə yüklərin daşınmasında Azərbaycanın loqistik mərkəz olması fonunda Pekinlə Dehli ölkəmiz üzərindən ətraf bazarlara daha rahat çıxmaq imkanlarını araşdırır. Azərbaycana bu mənada artan marağın əsas səbəblərindən biri də məhz budur. Çünki coğrafi yerləşmə baxımından Azərbaycan çox əlverişli bir məkanda yerləşib. Bu mənada Çin və Hindistanın böyük şirkətlərinin Azərbaycan üzərindən ətraf bazarlara, yeni alıcıların qarşısına çıxmaq imkanları kifayət qədər genişdir. 
Azərbaycandan həm Rusiyanın cənub regionlarına, həm Ukraynaya və digər ətraf ölkələrə çıxış imkanları kifayət qədər genişdir. Ona görə də Hindistan və Çində yerləşən və əsasən ixracatla məşğul olan şirkətlər Azərbaycanın imkanlarından yararlanaraq xarici bazarlara çıxış əldə etməyi düşünürlər. Bu fonda gələcəkdə bəzi istehsal sahələrinin məhz ölkəmizdə quraşdırılıb, əlavə daşıma xərclərinə yol vermədən Çin və Hindistandan olan sahibkarların buradan da daha rahat şəkildə ətraf bazarlara çıxmaları mümkün olacaq.  Azərbaycan ətrafında təxminən 200 milyon insanın yaşadığı bir bazar və ora çıxış əldə etmək üçün yerləşmə məkanı baxımından ölkəmiz kimi əlverişli bir ərazi var. Ona görə də bu iki ölkə getdikcə, Azərbaycana daha çox maraqla yanaşmağa başlayıblar. Çin və Hindistanın ölkəmizə bu istiqamətdə maraq göstərməsi tranzit ölkə olaraq Azərbaycana həmçinin əlavə gəlirlər gətirəcək”.
İqtisadçı-ekspert Yaşar Əsədov düşüünr ki, Pekinlə Dehli Azərbaycana daha çox investisiya yatıra bilər: “Çin və Hindistanın son illər iqtisadi baxımdan imkanları çox genişlənib. Bu amilin özü də həmin ölkələri digər dövlətlərlə daha sıx iqtisadi əməkdaşlığa getməyə vadar edir. Ona görə də, həmin ölkələrin Azərbaycana marağı artıb. Bu, Çinlə Hindistanın ölkəmizə marağının artmasının səbəblərindən biridir. 
İkinci bir tərəfdən, bu iki ölkədə dünya əhalisinin az qala yarısı yaşayır. Ona görə də bu qədər əhalini təmin etmək üçün həmin ölkələr daha yeni-yeni bazarlar axtarmaqda maraqlıdırlar ki, bu fonda da stabilliyini qoruyub saxlayan Azərbaycan onlar üçün daha münasib dövlətlərdən biridir.  Başqa bir tərəfdən, ənənəvi olaraq, tarixən Çinlə Hindistanın bir-birilə rəqabət apardığını görmüşük. Çin İpək Yolu marşurutuna 1 trilyon dollara yaxın pul qoymağa hazırdır. Hindistan da Çinin rəqibi olaraq buna maneə olmağa çalışır. Bu fonda da Dehli bəzi məqamlarda Pekindən irəli düşməyə çalışır. Məsələn, Çinin Azərbaycana marağının artması fonunda, Hindistan da çalışır ki, bu prosesin önündə getsin. Bu da Azərbaycana iqtisadi baxımdan marağın artmasında Çinlə Hindistan arasında rəqabətin getdiyini müşahidə edə bilərik. Hansı ki, bu da ölkəmizin xeyrinədir. 
Hər iki ölkənin maliyyə imkanları genişdir. Həmçinin, indiki məqamda Çin və Hindistan ölkələrini əsasən xammalla təchiz etməkdə maraqlıdır. Bu mənada Azərbaycan da görünür, onlar üçün cəlbedici olub. Onlar Azərbaycana infrastrukturun inkişaf etdirilməsi və kənd təsərrüfatına sərmayə yatırılması nöqteyi-nəzərindən baxa bilərlər. Belədə həmin iki ölkədən Azərbaycana daha çox investisiya axını baş verəcək. 
Azərbaycan potensial cəhətdən güclü kənd təsərrüfatı ölkəsidir. Bu mənada ölkəmizin aqrar sektoruna Çin investisiyası cəlb oluna bilsə, Azərbaycan prosesdən udacaq. Ölkəmizin də öz növbəsində Çin və Hindistanın ərzaq bazarına çıxış əldə etməsi çox yaxşı olardı”.
Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz