Əlaqə Arxiv
news Image
2018.03.16
09:30
| A A A
Azərbaycan-Türkiyə əməkdaşlığı regionun inkişafının dayaq nöqtəsidir
Bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz

Bu gün Cənubi Qafqaz regionunda həyata keçirilən qlobal iqtisadi layihələrdə Azərbaycan və Türkiyənin birgə fəaliyyəti Avropa ilə Şərq ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması sahəsində mühüm əhəmiyyət kəsb edir.  İki ölkə arasında strateji tərəfdaşlığın genişlənməsi regionun digər ölkələrinin də inkişafına güclü stimul verir. Qarşılıqlı mənfəətə əsaslanan əməkdaşlığın qurulması ikitərəfli coğrafi əhatədən çıxaraq böyük əraziləri tutan dövlətləri də iştiraka cəlb edir. Bu da öz növbəsində sübut edir ki, Azərbaycan və Türkiyə əl-ələ verib qlobal səviyyədə sülhü və dinc yanaşı yaşamağı, yaradıcı əməklə inkişaf yolkunu sabitləşdirməyi üstün tutur və bunu təbliğ edirlər.  Artıq reallaşdırılmış “Avropa-Qafqaz-Asiya Transqafqaz” nəqliyyat dəhlizinin (TRASEKA)  işində 32 dövlət və 13 beynəlxalq təşkilat iştirak edib və artıq tarixi “Böyük İpək Yolu” uğurla işə salınıb. Bu layihə ilə yanaşı, digər iqtisadi layihələrin, xüsusilə Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması sahəsində Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın qurulması regional əməkdaşlığın genişləndirilməsində ciddi rola malikdir. Bakı-Tiflis-Ceyhan əsas ixrac neft kəməri Cənubi Qafqazın “şah damarı” olmaqla yanaşı regionun iqtisadi çiçəklənməsinin açarı olub.

Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan Bakı-Tiflis-Ərzurum qaz kəmərləri və Bakı-Tiflis-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Hazırda regionun ən böyük və mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına ehtiyacın ödənməsi deyil, eləcə də ölkəmizin regionda sükhpərvər hərəkatın aparıcı qüvvəsinə çevrilməsi deməkdir.
Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi hər iki dövlətin xarici siyasətinin tərkib hissəsidir. Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq və möhkəm təməl əsasında qurulub. Hər iki dövlətin irəli sürdüyü yüksək səviyyədə Strateji Əməkdaşlıq Şurasının qurulması tərəfdaşlığın siyasi qanadı kimi münasibətlərin yüksəlməsini təkmilləşdirir. 
Bu gün Azərbaycan dünyanın qlobal enerji bazarında həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ciddi rol oynayan ölkədir. Bir sıra Avropa ölkələrinin qaz bazarında Azərbaycanın payı 40 faizədək artıb. TAP və TANAP layihələri işə düşəndən sonra  münasibətlərin daha da sıxlaşdırılması prosesi baş verəcək.  “Şahdəniz-2”, TANAP və TAP Azərbaycan üçün nadir və əvəzolunmaz layihələrdir və uzun illər, onilliklər bundan sonra bizim regional milli, iqtisadi və siyasi maraqlarımızı beynəlxalq əməkdaşlıq kontekstində təmin edəcək.
Siyasi və hərbi sahədə də fəaliyyətin uzlaşdırılması Azərbaycan və Türkiyə simasında nümunəvi əməkdaşlıq telləri mövcuddur. Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə edib, mütəmadi olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edib, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərib. Eyni zamanda beynəlxalq tədbirlərdə Türkiyəyə qarşı haqsız hücumların qarşısının alınmasında Azərbaycan həmişə öz siyasi nüfuzunu səfərbər edərək buna qarşı çıxıb. 
Türkiyə-Azərbaycan əməkdaşlığının ən mühüm cizgilərindən biri regionun digər ölkələrinin də öz aralarında olan işbirliyinə dəvət etmələridir. Bu hal həm iki ölkə üçün, həm də region üçün çox önəmlidir. Çünki, qarşılıqlı əməkdaşlıq olmadan özünütəcrid fonunda irəli getmək mümkün deyil. Üstəlik, öz imkanlarını genişləndirmək üçün qonşularla birgə işləmək həmişə faydalı olub və ümumi sülhə xidmət edib. Həm də məlum bir həqiqət var ki, qonşu dövlətə əl uzatmayanda onda onun əlindən uzaqda yerləşənlər tutmağa çalışır. Nəticə isə tək onun üçün yox, həm də sənin özün üçün ağrılı olur. Bu mənada Azərbaycan-Türkiyə əməkdaşlığı Cənubi Qafqazın aparıcı qüvvəsinə çevrilib.  Bu səbəbdən Azərbaycanın dövlət başçısı İlham Əliyev bəyan etdiyi kimi, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. 
N.NOVRUZ

 

Sizin Reklam Yeriniz