Əlaqə Arxiv
news Image
2018.03.17
10:30
| A A A
Azərbaycan daha bir vacib nəqliyyat dəhlizinin əsasını qoyur
Azər Allahverənov: “Dörd qütbü əlaqələndirən yükdaşıma yollarının Azərbaycandan keçməsi bir çox imkanlara yol açır” Natiq Cəfərli: “Azərbaycan bu yolla regional, hətta beynəlxalq aləmdə loqistik mərkəzə çevrilmək istəyir”

Məlumdur ki, Azərbaycanın iştirak və təşəbbüsü ilə bu vaxta qədər regionda çoxsaylı nəqliyyat layihələri həyata keçib. Bakı indi onların sırasına "Cənub-Qərb"  nəqliyyat dəhlizinin də daxil olmasını istəyir. Belə ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin ilk dördtərəfli görüşünündən sonra keçirilən mətbuat konfransında bildirdi ki, biz "Cənub-Qərb" üzrə yeni nəqliyyat dəhlizinin yaradılmasını təklif etmişik. 

Nazirin sözlərinə görə, bu əməkdaşlıq bütün sahələri əhatə edəcək. Ekspertlər də bu dəhlizin yaradılmasını mümkün hesab edirlər. Layihə reallaşarsa, ölkəmizin tam loqistik mərkəzə çevrilməsini şərtləndirəcək. Bu isə xüsusən qeyri-neft gəlirlərinin artımı deməkdir. 
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov göstərilən istiqamətdə dəhlizin fəaliyyətini mümkün hesab edir: “Ən azından ona görə ki, Azərbaycanın təcrübəsi var, Şərqdən Qərbə doğru yükdaşımaları artıq təmin edir. “Şimal-Cənub” dəhlizi də gündəmdədir. Yəni dörd qütbü əlaqələndirən yükdaşıma yollarının Azərbaycandan keçməsi bir çox imkanlara yol açır. Bu imkanlar çərçivəsində həmçinin şimal-şərq, cənub-qərb dəhlizlərini də işə salmaq olur. Azərbaycan artıq bu cür marşurutlar üçün mərkəzə çevrilməkdədir. Beynəlxalq yükdaşımalarda iştirak edən dövlətlər üçün ən ucuz və ən etibarlı marşrut maraqlıdır. Azərbaycan isə maraqlara cavab verən geostrateji dövlətdir. Bu baxımdan tək “Cənub-Qərb” marşrutu yox, müxtəlif istiqamətlərdə yükdaşımalar üçün geniş imkanlar var. Bu da ölkəyə əvvəla iqtisadi dividendlər gətirəcək. Bundan başqa yeni texnologiyaların tətbiqi deməkdir. Həmçinin çoxsaylı iş yerlərinin açılışına zəmin yaradır”. 
İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Azərbaycan hazırda ciddi loqistik mərkəzə çevrilmək üçün xeyli işlər görür: “Həm Gürcüstan, həm də İranda tikilən dəmiryolu layihələrinin əsas maliyyə mənbələri Azərbaycan dövlətidir. Azərbaycan bu yolla regional, hətta beynəlxalq aləmdə loqistik mərkəzə çevrilmək istəyir. “Şərq-Qərb”, “Şimal-Cənub” dəhlizləri artıq reallıqdır. “Şərq-Qərb” dəhlizi istifadəyə verilib. “Şimal-Cənub” dəhlizi isə gələn ilin əvvəlinə qədər tam işlək vəziyyətdə olacaq. Yəni, artıq bir neçə istiqamətlərdə nəqliyyat dəhlizləri hazırlanıb. 
«Cənub-Qərb» dəhlizi də Azərbaycanı loqistik mərkəzə çevrilməsində əlavə rol oynayacaq. Bu  istiqamətlərin hər birindən istifadə etmək mümkün olacaq. Ona görə də bu iki layihənin işə düşməsi xarici iş adamlarının Azərbaycan üzərindən beynəlxalq ticari münasibətlər qurmasını daha da asanlaşdıracaq. Düzdür, ilkin illərdə gözləntilər qədər böyük gəlir gətirməyəcək. Lakin bir neçə ildən sonra loqistik mərkəz olduğumuza görə Azərbaycanın nəzərəçarpacaq qədər gəlirlər qazandıracaq. Çünki bir neçə ildən sonra Azərbaycandan bütün istiqamətlərdə daşınmaları həyata keçirmək mümkün olacaq”. 
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz